İqtisadiyyat

Azərbaycanda sahibkar ucuz kredit axtarır, Neft Fondu milyonlarla zərərə "baş vurur" - FAKT BUDUR!

Azərbaycanda sahibkar ucuz kredit axtarır, Neft Fondu milyonlarla zərərə "baş vurur" - FAKT BUDUR!

Hesablama Palatasının Dövlət Neft Fondunun (DNF) 2022-ci il büdcə layihəsinə verdiyi rəydə xarici ölkələrdə alınmış bəzi əmlaklardan gəlir olmayacağı göstərilir. Onlardan biri də 2012-ci ilin dekabr ayında London əmlak bazarında 177 milyon 350 min funt sterlinqə alınmış, şəhərin West End səmtində, Sent Ceyms 88 ünvanında yerləşən ofis binasıdır.

Bu əmlakın dəyəri 01 oktyabr 2021-ə olan yenidən qiymətləndirmələrə görə 133 milyon 750 min funt sterlinq təşkil edib. Yəni ötən 9 ildə bu əmlakın ucuzlaşmasından DNF-nin itkisi 43 milyon 600 min funt sterlinq və ya 100 milyon manat olub. İqtisadçı Qubad İbadoğlu bildirir ki, itkilər bununla bitmir: "Bu əmlak üzrə DNF bu ilin 9 ayı ərzində 22 milyon 276 min 707 funt sterling və ya 50 milyon manatdan da çox mənfi gəlirliliyə malik olub. Fond bunun səbəbini binanın 2018-ci ildə "SGC Scaffolding ltd" şirkəti tərəfindən başlayan və hal-hazırda da davam edən təmir işləri və əmlakda icarəçinin olmaması ilə əlaqələndirir".

Beləliklə, DNF-nin yalnız Londonda əmlak bazarındakı bir əməliyyatdan itkisi 150 milyon manatdan çoxdur. Hesablama Palatasının rəyindən belə məlum olur ki, 2022-ci ildə də bu əmlakdan qazanc olmayacaq.

Xatırladaq ki, Fond ümumilikdə daşınmaz əmlaka təxminən 2.7 milyard dollar yatırıb. Bu vəsaitə Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri 3 038,1 milyon Rusiya rublu təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi, Paris şəhərinin Vendom meydanı 8 ünvanında yerləşən, dəyəri 180,3 milyon avro təşkil edən daşınmaz əmlak kompleksi və Tokio şəhərində yerləşən və dəyəri 56,742 milyard yapon yeni təşkil edən ticarət mərkəzi və s. bahalı əmlaklar alınıb.

Azərbaycanın neft-qaz gəlirləri Fond tərəfindən idarə olunur və vəsaitlər əsasən xarici ölkələrin valyutalarına, səhmlərə, qızıla və daşınmaz əmlaka investisya olunur. Müstəqil ekspertlər vaxtaşırı ölkənin valyuta ehtiyatlarının olduqca aşağı faizlə xarici idarəetməyə verilməsini tənqid edirlər. Bildirilir ki, ölkə iqtisadiyyatının bu resurslara böyük ehtiyacı olduğu halda onu "qəpik-quruş" gəlirlə xarici maliyyə qurumlarının sərəncamına vermək yolverilməzdir. DNF-nin bu tənqidlərə cavabı adətən bu məzmunda olur ki, Fond vəsaitlərin idarəolunmasından az qazansa da, onlar uzunmüddətli və risklərdən sığortalanmış sahələrə investisiya edilir. Əsas prioritet valyuta ehtiyatlarını qorumaq və gələcək nəsillərin ondan istifadəsinə şərait yaratmaqdır.

Amma Hesablama Palatasının Londondakı bir əmlakla bağlı açıqladğı durum real vəziyyətin Fondun təqdim etdiyindən kəskin fərqləndiyini göstərir. Hesabatdan məlum olur ki, yüz milyonlarla dollara alınmış əmlak istifadə olunmur, dəyəri kəskin ucuzlaşıb, təmir gedir və icarəyə verilməyib. Dövlət sərmayəsinə bu nə yanaşmadır? Bir binada 3 il təmir aparmaq adətən Azərbaycanda investisiya, təmir-tikinti layihələri vasitəsi ilə büdcə pullarını silib-süpürmək üçün istifadə olunur. Həmin əmlak da Azərbaycana məxsusdur və bizim korrupsiya havalı məmurlar tərəfindən idarə olunursa, eyni mexanizmin Londonda da işlədiyini göstərir.
Ən vacib məqamlardan biri də dövlətin on milyonlarla dollarını heç bir gəlir gətirməyən, əksinə, hər il şişirdilmiş saxlanma xərcləri ilə Fonda Allah bilir neçəyə başa gələn binada məhv edilməsidir. Həmin vəsaitin hər qəpiyinə Azərbaycan fermerinin, sahibkarının ehtiyacı var. Çünki onlar yerli bankların 20-25 faizlik kredit soyğunçuluğu altında dəridən-qabıqdan çıxırlar. Banklar o pulların əhəmiyyətli hissəsini xarici maliyyə qurumlarından 8-12 faizlə cəlb edib, ikiqat bahasına yerli istehlakçılara satırlar. Hansı ki, bu qurumların əllərində fırlatdığı pulların bir qismi elə Azərbaycanın Dövlət Neft Fondunun vəsaitləridir, üstünə faiz qoyub bizim banklara, onlar da öz qazanclarını əlavə edib sahibkara, fermerə kredit verirlər.

Bu gün Azərbaycanın aqrar sektoru pulsuzluqdan batır. Dövlət fondları vasitəsi ilə 5-6 faizlə verilən kreditlər realda 10-12 faizə başa gəlir. Əkinçi bir il işləyib ancaq faizləri qaytarmağa çalışır. Halbuki Fondun Londonda "çürütdüyü" yüz milyonlar cəmi bir neçə il Azərbaycanda dövr etsəydi, ondan ölkə bir o qədər də qazanardı. Niyə bu vəsaitlər ölkəyə gətirilmir, niyə öz pulumuz ola-ola vətəndaşımız sələmçi şərtlərilə kredit götürüb var-yoxdan çıxmalıdır?

Sualların sayı çoxdur. Təkcə bir nümunədə dövlət vəsaitlərinin hansı şəkildə idarə olunduğu məlum oldu. Bəs, neft pullarına alınmış 2.7 milyardlıq əmlak necə idarə olunur, nə qədər vəsait gəlir, bu barədə yalnız ümumi rəqəmlər görə bilərik. Rus rublunda, Çin, Yaponiya valyutalarında, avroda saxlanılan vəsaitlərdən gəlir-çıxar nə olub? Fondun aldığı 102 ton qızıla nə qədər vəsait sərf olunub, burada itirmişik, yoxsa qazanmışıq, bunlar məlum deyil. Ümumiyyətlə, ölkənin strateji valyuta ehtiyatlarını əlində saxlayan Neft Fondu haqqında çox az şey məlumdur...

"AzPolitika.info"