Hadisə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşını döyən şəxsə cəza verildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşını döyən şəxsə cəza verildi


Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Valeh Əliyevin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

İttihama görə, hadisə 02 yanvar 2022-ci il tarixdə saat 10 radələrində Lənkəran-Lerik avtomobil yolunun hər iki rayonun sərhədinin yaxınlığında, Lənkəran rayonunun Təngivan kəndi ərazisinə düşən hissəsində qeydə alınıb. Belə ki, 1978-ci il təvəllüdlü Valeh Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Astara meşəbəylikləri üzrə baş mütəxəssis vəzifəsində işləmiş zərərçəkmiş Nazim Səfərovu (şərti) Lerik meşbəyliyinin 5, 14 və 15 saylı dolaylarında aparacağı yoxlamaya etiraz edib. O, idarə etdiyi “VAZ-2109” markalı avtomobillə qeyd olunan əraziyə gedərək, “Niva” markalı avtomobildə əyləşmiş zərərçəkmiş şəxs yaxınlaşıb. Valeh ondan Lerik rayonuna getməyə və orada meşələri yoxlamağa cürətinin çatmadığını və buna istənilən formada mane olacağını inadkarlıqla bildirib. Bu zaman o, Nazim Səfərovun yaxasından tutaraq onu avtomobildən düşürərək yerə yıxıb. Daha sonra Valeh qəsdən təpiklə zərərçəkmişin döş qəfəsi, qarın və sağ əl nahiyələrinə bir neçə zərbə vuraraq ona ağır zərər yetirib. Məhkəmədə ifadə verən Valeh Əliyev ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilib. O deyib ki, 2003-cü ildən etibarən meşə təsərrüfatı mərkəzində müxtəlif vəzifələrdə işləyib, son olaraq 2021-ci ilin dekabr ayınadək həmin müəssisədə fəhlə kimi çalışıb. Sonradan işdən çıxıb. Valeh Əliyevin sözlərinə görə, zərərçəkmiş şəxsi 2018-ci il tarixdən etibarən tanıyır, onunla arasında heç bir şəxsi qərəzlik və ədavət olmayıb. Təxminən 3 il boyunca Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və sosial şəbəkələrdə müraciətlər edərək meşələrdə qanunsuz ağac kəsildiyini bildirib, yoxlama keçirilməsini tələb edib. Bildirib ki, lakin onun müraciətlərinə əhəmiyyət verilməyib, yoxlamalar keçirilməyib.