Rizvan Bayramov: Milli birlik bayramı
Rizvan Bayramov
Cəlilabad rayon "Rizvan "şirkətinin direktoru
Dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi respublikamızda dövlət siyasəti olaraq həyata keçirilir. Yer üzündə yaşayan azərbaycanlıların milli məfkurəyə sadiqliyi vacib məsələdir. Dünyanın harasında yaşamasından, işləməsindən asılı olmayaraq, hər birimizin əsas məqsədi Azərbaycan dövlətinə, dövlətçiliyimizə, azərbaycançılığa xidmət olmalıdır. Azərbaycan Respublikası dünya azərbaycanlılarının vətənidir, bura onların isti ana qucağıdır.
Dünya azərbaycanlılarının həmrəyliyini, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Ulu Öndərin Azərbaycanda siyasi hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycan Respublikası dünya azərbaycanlılarının mənafe və maraqlarının təminatçısı olduğunu bəyan edib, xaricdə yaşayan azərbaycanlılarla məqsədyönlü iş aparılmağa başlanılıb.
Həmrəylik bayramı ilk növbədə azərbaycançılıq ideologiyasına söykənir. Son illərdə bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.
Qürur hissi ilə qeyd etmək lazımdır ki, həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir. Dünya azərbaycanlıları yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində, erməni lobbi dairələrinin ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Hazırda dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəyliyin möhkəmləndirilməsi, onların təşkilatlandırılması və güclü Azərbaycan diasporunun formalaşdırılması respublikamızda dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Dünya azərbaycanlılarının həmrəyliyi tarixi Qələbəmizi daha inamlı etdi. Müqəddəs Vətən müharibəsi zamanı xaricdə yaşayan soydaşlarımızın düşmənin və anti-Azərbaycan dairələrin məkrli təxribatlarına qarşı cəsarətli etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Qələbəmizə layiqli töhfələr verib.
Vətən müharibəsində Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək mənfur düşmənə qalib gəlməyi bir daha bu həmrəyliyi sübut etdi. Mübariz əsgərlərimizin işğal altında olan torpaqlarımızı azad etməsi bir daha onların cəsarətini, şücaətini, qəhrəmanlığını, əzmini, vətənə bağlılığını bütün dünyaya göstərdi.