Hadisə

"Buz kimi evdə gələcəyin 3 əsgərini böyüdürəm..." - Vətəndaş ÇARƏSİZ DURUMDA

"Buz kimi evdə gələcəyin 3 əsgərini böyüdürəm..." - Vətəndaş ÇARƏSİZ DURUMDA


“Evimiz çox soyuqdur. Qazın kartına vurmağa pul tapa bilmirəm. Buz kimi evdə gələcəyin 3 əsgərini böyüdürəm. Övladlarıma normal qida belə ala bilmirik, buna səbəbsə ünvanlı sosial yardımın gecikdirilməsidir”.

Bunu Toplum TV-nin qaynar xəttinə Sumqayıt şəhər sakini Maarif Ağayev yazıb. Şikayətçi bundan əvvəl də ünvanlı sosial yardımın gecikdirildiyini, məsələylə bağlı prezidentə məktub göndərdikdən sonra təyin edildiyini deyir. Eyni halın təkrarlandığını bildirən M. Ağayev yolpulu olmadığı üçün uşaqlarını məktəbə belə apara bilmədiyini qeyd edir:

“Qaza pul yükləyə bilmədiyim üçün qazımız gəlmir. Buz kimi evdə uşaqlarımın üçü də xəstələnib. Onlara dərman almağa belə pulum yoxdur. Gəlib mənim yaşadığım yerə baxış keçirsinlər. Mən bu cür şəraitdə 3 oğlan uşağı böyüdürəm. Uşaqlarımın ikisi məktəbə gedir, biri də azyaşlıdır. Məktəb yaşadığımız evdən uzaq olduğu üçün avtobusla aparıb gətirirdim. Pulum olmadığı üçün palçığın içində piyada gedirik. Bəzən isə məktəbə apara bilmirəm. Ünvanlı sosial yardım oktyabr ayından kəsilib. Sənədləri yığıb yenidən göndərmişəm. Adım sistemdədir, ancaq baxan yoxdur. Ötən il də mənim sosial yardım almağım bu qədər gecikdirildi. Əlacsız qalıb prezidentə və Mehriban xanıma teleqram vurduqdan sonra işimə baxdılar və ünvanlı sosial yardım təyin etdilər”.

Şikayətçi bu işlə bağlı vəkilə ərizə yazdırmaq istəyir, ancaq bunun üçün də 10 manat pul istədikləri üçün edə bilmədiyini deyir:

“Gündəlik fəhlə işləyirdim. 5-10 manat oradan gəlirim olurdu, o da çörəyimizə ancaq çatırdı. Hazırda da iş olmadığı üçün işsizəm. Yəni vəziyyətimiz çox acınacaqlıdır. Bilmirəm dərdimi hara, kimə deyim”.

Məsələylə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili vətəndaşa imtina cavabı verildiyini dedi: “Sumqayıt sakini Ağayev Maarif Zilfiqar oğlunun ünvanlı sosial yardımla bağlı elektron qaydada müraciəti olub. Ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlakın olması səbəbilə maddi-məişət müayinəsi əsasında imtina verilib”.

Toplum TV
"Buz kimi evdə gələcəyin 3 əsgərini böyüdürəm..." - Vətəndaş ÇARƏSİZ DURUMDA
"Buz kimi evdə gələcəyin 3 əsgərini böyüdürəm..." - Vətəndaş ÇARƏSİZ DURUMDA