Hadisə

Bu məktəb 15 gündür ki, işıqsız və susuz qalıb - NAZİRİN NƏZƏRİNƏ...

Bu məktəb 15 gündür ki, işıqsız və susuz qalıb - NAZİRİN NƏZƏRİNƏ...


Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin müəllim kollektivi və həmin məktəbdə təhsil alan uşaqların valideynləri Elm və təhsil naziri Emin Əmrullayevə müracət edib.

Nazirə edilən bu dəfəki müraciət isə ənənəvi müraciətlərdən fərqlənib.

Söhbət adıçəkilən məktəbdə sentyabrın 15-dən bu günə qədər suyun olmamasıdır.

Gununsesi.info-nun elektron postuna daxil olan müraciəti biz də təqdim edirik.

Təhsil naziri cənab Emin Əmirullayevə.
Hörmətli cənab nazir!
Fəaliyyət göstərdiyimiz Göygöl şəhəri 1 nömrəli tam orta məktəbdə sentyabrın 15-dən bu günə qədər su yoxdur.
Bu səbəbdən 3 mərtəbəli məktəbdə 12 sanitar qovşağını təmizləmək mümkün deyil.

Məktəbdə müəllim və şagirdlərin ümumi sayı 1000 nəfərdən artıqdır.
Həmçinin 12 gündən artıqdır ki, məktəbdə işıq yoxdur.
Məktəbin müəllimləri şəxsi vəsaiti hesabına, cibimizdən işıq sayğacının kartına pul yükləyirik. (Zərurət olarsa ödəniş qəbzini də Sizə göndərə bilərik.)
Məktəbdə hər bir sinif müəllimi süpürgə və digər yumşaq inventarları öz şəxsi vəsaiti ilə alır.
Göygöl Təhsil Sektoruna bu problemlər barədə bir neçə dəfə müraciət olunub.
“Pul yoxdur, yuxarının da məlumatı var, pul olanda su motoru düzələcək, sayğaca pul yüklənəcək” deyə cavablar verilib.
Bu barədə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə, Göygöl Təhsil Sektoruna dəfələrlə rəsmi məktubla müraciət edilib.
Yazdıqlarımızı kiminsə şəxsinə yazılmayıb.
Hamısı faktlardır. Araşdırmanızı xahiş edirəm.
Cənab nazir!
Bu məsələlərdən sizin məlumatlı olduğunuz bildirilir.
Müəllimlər də, şagirdlər də, valideynlər də bilmək istəyir ki, doğrudan da cənab nazir Emin Əmirullayevin bu işdən xəbəri var? Yoxsa bizi aldadırlar?
Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin bütöv müəllim, şagird, müəllim kollektivi bilmək istəyir ki, biz niyə cibimizdən süpürgə almalıyıq?
Biz niyə məktəbin işığının pulunu cibimizdən ödəməliyik?
Biz niyə 1 aydan çoxdur təmizlənə bilməyən sanitar qovşaqlarından istifadə etməliyik?
Biz niyə məktəbə kapron qablarda əlimizdə su daşımalıyıq?
Bu işin cavabdehi kimdir?
Niyə məktəbdə bu cür xoşagəlməz hallar yaşanır?
Suallarımıza cavab istəyirik.

Hörmətlə: Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin şagird, müəllim, valideyn kollektivi

Gununsesi.info