Gündəm / Sosial

Nazirin Xəzər ATS-də baş verənlərdən xəbəri VARMI?

Nazirin Xəzər ATS-də baş verənlərdən xəbəri VARMI?


Telefon işləyir, zəng etmək mümkündür, evə zəng gəlir, internet də var. Sadəcə ancaq "Facebook" açılır, başqa saytlar dəli kimi fırlanır". Bu misli görünməmiş hadisə Xəzər rayonunda baş verir.

Usta çağırırsan, modemi dəyişirsən, problem həll olunmur. Uzun araşdırmalardan sonra bəlli olur ki, bu süni əngəl Xəzər Telefon Qovşağından yaradılıb. Nə var ki, telefonun aylıq ödənişi qalıbmış. Təsəvvür edirsinizmi süni əngəl, daha doğrusu "internet blok"u yaradırlar ki, abonent ya günlərlə internetsiz qalsin, ya da ATS-ə zəng edib nə baş verdiyini öyrənsin". İkinci versiya ağıla gəlmir, çünki telefon işləyir, modem normaldır, internet də var.

ATS-lə əlaqədən sonra bəlli olur ki, bu blok süni yaradılıb, telefonun aylığını ödəyəndən sonra, zəng edib bildirməlisən və sonra interneti açacaqlar

Gülməlidirmi? Əsla yox, heç ağlamalı da deyil, nifrət ediləsi, lənətlənəsidir. Təsəvvür edin ki, bu hal 2021-ci ildə, özü də yeni, perespektivli olduğu deyilən, az qala Allah hesab edilən təzə nazir Rəşad Nəbiyevin zamanında baş verir. Hansı ki, nazir təyin olunandan ciddi bir addımını görməmişik. İnternet həmin, sürət zəif, kabellər yamaqlı... Amma əvəzində yeni badalaq gəlmə metodları...

Səhv etmirəmsə İlham Əliyev yeni nazirləri təyin edərkən özü görüşür və onlara "əsas işiniz xalqa xidmət etməkdir. Xalqı incitməyin, onların problemləri ilə məşğul olun!" mesajını verir. Bunlar da təyin olunandan sonra "badalaq" gəlmək barədə düşünürlər, süni blok yaradırlar.

Hansı ki, ölkə internetinin vəziyyəti bəllidir. Sürətli internet almaq üçün pulunu ödəsən də online görüntülər zamanı adamlar robot kimi danışır, hərəkət edir. Bəlkə bu problemin həlli üçün baş sındırasız.

Üstəlik telefon aylığı ödənmədiyi təqdirdə internet deyil, telefon bağlanır. Bu zaman vətəndaş unutduğu ödənişi edir. Bu ödənişə görə, pulu ödənmiş internet xidmətini dayandırmaq qanunlara ziddir və buna görə, məhkəmə predmeti yaratmış olurlar.

Sadəcə Rəşad Nəbiyev kimi nazirlərin allahları orda gətirib ki, adamların başı balasına bir tikə çörək qazanmağa, səhərdən axşama hanbal kimi işləyəməyə qarışıb. İnternet də unudulub, telefon ödənişi də gorbagor olub. Adamlar ancaq çörək fikirləşərkən, bu kimi məmurlar adamlara necə təsir göstərmək barədə düşünür?

Xəzər Telefon Qovşağının rəhbərinin kim olduğunu aydınlaşdıra bilmədim. Heç deyəsən yoxdur.

Amma allahdan xahiş edirəm ki, bu rayona həm işləyən icra başçısı göndərsin, həm də ATS müdiri. Bir də gözü yaxşı görən yol çəkən, "kanalizasiya olmasa nə olar" sualının cavabını bilən adam göndərsin. Yoxsa hər kəsin unutduğu bu rayonun sakinləri hələ internetsiz, yolsuz, susuz, hətta kanalizasiyasız qalacaq.

Ədil Hüseynov
Bizimxeber.az-ın baş redaktoru

Oxşar xəbərlər