Həbib İbrahimovun “su-meliorasiya siyasəti”: Sədərəkdə hər şey yanır – Prezidentin Strateji Yol Xəritəsi də...
Artıq 5 ildir ki, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişafı ölkəmizin prioritet sahəsinə çevrilib. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə keçirdiyi müşavirələrdə öz komandasını aqrar sektorun inkişafı üçün əllərindən gələni əsirgəməməyə çağırıb, bu məqsədlə hər il yüz milyonlarla manat vəsaitlər ayırılıb. Bəs görəsən, Prezidentin bu çağırışlarına və addımlarına yerlərdə necə reaksiyalar verilir?
Ovqat.com-a Sədərəkdən verilən məlumatlar bu suala cavab axtaranlar üçün əsl yolgöstərici xəritə rolu oynaya bilər.
Yerli sakinlərdən aldığımız məlumata görə, may ayının 21-də rayonun Qaraağac kənd sakini Abuzər Məmmədov özünü Sədərək rayon icra hakimiyyətinin qarşısında yandırmağa cəhd edib. İcra hakimiyyətinin nümayəndələrinin səyləri ilə insidentin qarşısı alınıb. Etirazçı öz üzərinə benzin tökməyi bacarsa da, kibriti çəkməyə macal tapmayıb. Onu dərhal hadisə yerindən uzaqlaşdırıb rayonun polis idarəsinə danlamağa aparıblar. Hadisə barədə Naxçıvan MR DİN-ə məlumat verilsə də, hər hansı tədbir görülməyib.
Əldə etdiyimiz bu məlumatı dəqiqləşdirmək üçün Naxçıvan MR DİN-nə göndərdiyimiz sorğuya da cavab verilməyib. Sorğumuz belə idi:
“Salam, hörmətli Naxçıvan MR DİN.
Əldə etdiyimiz məlumata görə, mayın 21-də Sədərək rayon İcra Hakimiyyəti qarşısında Qarağac kənd sakini Əbuzər Məmmədov özünü yandırmağa cəhd göstərib. İcra hakimiyyəti işçilərinin sayıqlığı nəticəsində intihar təşəbbüsünün qarşısı alınıb.
Bu məlumatlar nə dərəcədə doğrudur? Fermerin intihar təşəbbüsünün səbədi nə idi? Bu barədə Naxçıvan MR DİN-ə məlumat verilibmi və hansı tədbirlər görülüb?
Aldığımız məlumatı birtərəfli qaydada işıqlandırmaq istəmədiyimizdən Sizdən rəsmi açıqlama gözləyirik”.
Zənnimizcə, Naxçıvan MR DİN-in məlumatımıza cavab verməməsi iki səbəbdən qaynaqlana bilər: ya bizim Bakıda otura-otura böyük əngəllərə baxmayaraq aldığımız məlumatdan yerli DİN-in ümumiyyətlə xəbəri yoxdur, ya da Muxtar Respublikada insanların, o cümlədən jurnalistlərin məlumat almaq hüququ pozulur. Birinci halda, MR DİN-nin öz təyinatı üzrə keyfiyyətli fəaliyyət göstərməsi şübhə altına düşür, ikinci halda isə ən fundemantal hüquqlarımızın təmin olunmaması ehtimalı ortaya çıxır ki, əlaqədar qurumların bununla bağlı ölçü götürməsi zərurəti yaranır. Ən azı ona görə ki, Azərbaycan Prezidenti İlham Əliyev jurnalistləri özünün dostu adlandıraraq, əldə etdikləri xəbəri paylaşmağı və onu gizli mətləblərdən xəbərdar etməyi məsləhət bilmişdi. Prezidentin göstərişlərinə əməl etmək və jurnalistlərə bu şəraiti yaratmaq isə dövlət məmurlarının bir nömrəli borcudur. Biz hələ Konstitusiyanın 50-ci Maddəsini, İnformasiya əldə etmək haqqında Azərbaycan Respublikası Qanununu və Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikası Qanununu demirik.
Naxçıvan MR DİN əgər bu məlumatdan xəbərsizdirsə, biz onu aldığımız informasiyalarla tanış edə bilərik.
Əldə etdiyimiz məlumata görə, Qaraağac sakini Abuzər Məmmədovu bu addımı atmağa vadar edən rayon İcra Hakimiyyəti başçısının yanlış siyasətidir. Bildirilir ki, rayonun su ehtiyatı İcra başçısı ilə yaxın əlaqələri olan müstəsna hüquqlu təsərrüfatların ixtiyarına verilir. Bu da rayonun digər təsərrüfatlarında ciddi su çatışmazlığına səbəb olur. İddialara inansaq, rayonda 2 min hektar əkin sahəsi məhz bu “su-meliorasiya siyasəti” nəticəsində yanıb. Zərərçəkənlərdən biri də Qaraağac kənd sakini Abuzər Məmmədovdur və fermer icra başçısının bu siyasətinə öz canına qəsd edərək qarşı çıxmağa cəhd göstərib. Fermerin öz əkin sahəsində apra əkdiyi bildirilir.
Dünən gün boyu Naxçıvan MR DİN-dən sorğumuza cavab gözləyərkən, Sədərəkdən daha iki mühüm xəbər aldıq. Bir məlumata görə, sorğumuzda adı çəkilən Qaraağac kənd sakini Abuzər Məmmədov səhər tezdən İcra Hakmiyyətinə çağırılıb və ona məlumatı yaydığı üçün hədə-qorxu gəlinib. Və tapşırılıb ki, nəyin bahasına olursa olsun, xəbərin yayılmasının qarşısını almalıdır. Əks halda, bu, onun üçün pis nəticələnəcək.
Biz media qurumu olaraq, bəyan edirik ki, Abuzər Məmmədov adlı adam tanımırıq və onun bizim məlumat yaymaq azadlığımızı pozmaq imkanı yoxdur. Vətəndaşın təhlükəsizliyini qorumaq isə bizim yox, ölkənin hüquq-mühafizə orqanlarının işidir və ümid edirik ki, lazımi tədbirlər görüləcək.
Aldığımız digər məlumata görə, dünən Sədərək rayonunun bir başqa sakini Yadigarlı Rauf Süleyman oğlu da öz etirazını yanğın aksiyası ilə davam etdirib. Abuzər Məmmədovdan fərqli olaraq o, özünə yox, mülkiyyətinə od vurmaq fikrinə düşüb və bunu “müvəfəqqiyyət”lə həyata keçirib. Belə ki, Rauf bəy onsuz da susuzluqdan yanan arpa sahəsini gözünün önündə tədricən can verməsinə dözə bilməyib, öz əliylə yandırmağı üstün tutub. Hadisə şahidlərinin dediyinə görə, kəndli 7 pudluq əkin sahəsini ağlaya-ağlaya və zəmayə lənətlər yağdıra-yağdıra (görünür, Sədərəkdə İcra Başçısına güldən ağır söz demək qadağan olunduğundan, fermer bütün qəzəbini zəmanə adlı mücərrəd məhfumun üzərinə töküb) tələf edib.
Bəs, Sədərək əhalisini yanğın aksiyasına vadar edən Həbib İbrahimovun “su-meliorasiya siyasəti” nəticəsində su almaq imtiyazı qazanan təsərrüfatlar hansılardır?
Kənd sakinlərinin sözlərinə inansaq, İcra başçısı Həbib İbrahimov Qaraağac kəndində 11 hektar ərazini yerli sakinlərdən alaraq keçmiş müavini Yusif Seyidovun istifadəsinə verib və özü onunla şərikdir.
Bundan əlavə, rayonun Heydərabad qəsəbəsində bir zamanlar hərbi hissəyə məxsus olan 60 hektarlıq qarğıdalı sahəsi də icra başçısı tərəfindən mənimsənilib, onun cəmi 5 hektarı şəhid atası Hümbət Rzayevə verilib, qalan hissə isə İcra Hakimiyyətinin bir başqa keçmiş müavini Akaş Əliyevlə bölüşdürülüb. 15 hektar Akaş müəllimin, digərləri isə Həbib müəllimin payına düşüb. (Nəcib Fazil demişkən: “Qurd yapmaz bu bölgünü quzulara şah olsa”.)
Rayonda dəmir yolunun altı və üstü kimi tanınan 50 hektarlıq ərazi də Həbib İbrahimovun “su-meliorasiya siyasəti”nin imtiyazlıları arasına girməyi bacarıb. İddiaya görə, bu ərazi Qədimov Fuad və Əliyev Nuruya verilib. Bakıda yaxşı əlaqələri olan və lazım gələndə icra başçısının lobbiçiliyin aparan bu adamlar həmin ərazidə yonca əkiblər.
Dəmirçi kəndində 20 hektarlıq ərazi isə biznesmen Famil adı ilə tanınan birinə verilib. Həmin ərazidə də yonca əkilib. Famil müəllimin icra başçısı ilə məclis dostu olduğu bildirilir.
Qısası, Sədərək rayonunun bütün su ehtiyatları yuxarıda barəsində danışdığımız təsərrüfatlara verilir. Rayonun qara siyahıya salınan digər əraziləri isə susuzluqdan yanır. Amma yanan təkcə onlar da deyil. Prezident İlham Əliyevin qeyr-neft sektorunun inkişafı strategiyası da Sədərək İcra Hakimiyyətinin “su-meliorasiya siyasəti” nəticəsində yanmağa məhkum olunub.
Heydər Oğuz,
Ovqat.com
P.S. Aldığımız son məlumata görə, Rauf Yadigarlını bu gün saat 10 radələrində rayon polis idarəsinə aparıblar. Yəqin ki, ya “danlamağa”, ya damlamağa. Fermerin hələ də geri qayıtmadığı xəbər verilir.