Gündəm

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Rəsmi məlumatlara görə, 2019-2024-cü ilin aprel ayına qədər ümumi dəyəri 43 milyon 680 min manatdan artıq tender müqavilələri imzalayan “Caspel” MMC yarandığı gündən çoxunun əldə edə bilməyəcəyi imtiyazlarla Azərbaycan mediasında müzakirə edilən şirkətdir.

2005-ci ildə yaranması ilə təkcə kassa aparatlarının satışından rəsmi olmayan rəqəmlərə görə, 100 milyonlarla manat əldə edən “Caspel”in arxasında kimlərin dayandığı məlum olsa da Mikroskop Media ilk dəfə şirkətin gerçək sahibinin kimliyini müəyyənləşdirib.

“Caspel Holdiq”in təsisçisi 2020-ci ildəki sənədlərə görə 2023-cü ilin dekabrına qədər holdinqin idarə heyətinin sədri olan Namiq Məmmədovun həyat yoldaşı Nailə Məmmədovadır.

Mikroskop Media “Caspel”in necə bu qədər böyüdüyünü, hansı milyonluq tenderlərdə qalib gəldiyini və mütəmadi olaraq arxasında hansı məmurların dayandığını araşdırıb.

Başlanğıc: Fazil Məmmədova arxalanmaq

“Caspel” 2005-ci ilin avqust ayında yaradılıb. Şirkətin ilk qanuni təmsilçisi Namiq Məmmədov olsa da Dövlət Vergi xidmətinin reyestr məlumatlarına görə sonradan qanuni təmsilçi Ceyhun Quliyev olub.

Ceyhun Quliyev haqqında: O, keçmiş Vergilər naziri Fazil Məmmədovun kürəkəni Namiq Quliyevin qardaşıdır. Namiq Quliyev özü isə 2017-ci ilin dekabrına qədər Vergi Cinayətlərinin İbtidai Araşdırma Departamentinin birinci müavini olub.

“Caspel”in əvvəlki işləri: Şirkət öz adını ilk dəfə kassa aparatları quraşdırmaq sahəsindəki monopoliyası ilə tanıdıb. Ölkə ərazisində bir kassa üçün sahibkarlardan aparat qiyməti və quraşdırma xərci olaraq ən azı 2 500 manat alan şirkət sayəsində, həmin dövrdə Vergilər naziri olan Fazil Məmmədov və onun yaxınları mediada gedən məlumatlara görə 100 milyonlar qazanıb.

Etender-də olmayan tenderlər: Dövlət satınalmalarının vahid internet portalında “Caspel” MMC-nin qalib gəldiyi bütün tenderlər yoxdur. Mikroskop Media müxtəlif illərdə olan tenderləri Azərbaycanın onlarla mediasında axtarış apararaq müəyyənləşdirib.

2010-2021-ci illər aralığı ilə bağlı dövlət satınalmalarının vahid internet portalında olmayan və “Caspel” MMC-nin qalib gəldiyi tenderlərin ümumi məbləği 39 milyon 600 min manatdan artıqdır.

Vergi borcu ola-ola tenderdə iştirak

Vergi borcu olan şirkətlərin tenderdə iştirakı qanunsuzdur. Bu, “Dövlət Satınalmaları haqqında” Qanunun 6.2.5-ci maddəsinin tələblərinə görə mümkün deyil.

Lakin bu, “Caspel” şirkəti üçün keçərli olmayıb:

Son 4 ilə ən azı 43 milyon manatlıq tender udan şirkəti hökumətlə nə bağlayır? – Araşdırma

Şəxsən Əliyevlə görüş və “Tərəqqi” medalı

2010-cu ildə “Caspel” MMC-nin idarə heyətinin sədri olduğu vaxtlarda Namiq Məmmədov İlham Əliyevlə ilk dəfə yanaşı görünür. O, Oğuz-Qəbələ-Bakı su kəmərinin açılışında Əliyevə SCADA sistemi barədə məlumat verir. Bu sistem kəmərdə baş verə biləcək bütün qəzalar və sızmalar haqqında məlumatı dərhal mərkəzi aparata ötürmək imkanına malikdir.

2014-cü ildə isə İlham Əliyev Namiq Məmmədovu informasiya-kommunikasiya və kosmik sənaye sahələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə mükafatlandırıb.

2018-ci ildə “Caspel”-in yolu yenə İlham Əliyevlə kəsişir. Bu dəfə şirkət YAP-ın yeni inzibati binasının intellektual kamera-mühafizə sistemini qurur. Bundan başqa partiyanın bütün iş proseslərini, üzvlərin qeydiyyatını idarə edən proqram təminatını və Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatlarının vahid kommunikasiya məkanında birləşdirən sistem qurulub.

“Caspel Holdinq”-in digər şirkətləri barədə nə məlumdur?

“Caspel Holdinq” özündə 5 şirkəti birləşdirir. Bunlar:

Caspos: Kassa operatoru kimi fəaliyyət göstərən şirkət yanacaqdoldurma məntəqələri, restoran, hotel, market və digər sahibkarlıq subyektlərinə kassaların satışı və proqram təminatlarının quraşdırılmasını həyata keçirir.

Setclapp: Biznes proseslərin avtomatlaşdırılması, proqramlaşdırma, İKT konsultasiyası üzrə ixtisaslaşan şirkət, proqram həlləri, mobil tətbiqlərin və veb saytların hazırlanması, rəqəmsal marketinq xidmtlərini təklif edir.

Clip TV: Şirkət internet, kabel tv və İP TV xidmətləri təklif edir.

Telcas: Bu şirkətlə bağlı heç bir informasiya yoxdur.

Bu şirkətlərdən “Caspos” və “Setclapp” dövlət qurumlarının sifarişi ilə müxtəlif layihələr icra ediblər.

Məsələn, “Caspos” SOCAR-ın Şuşa və Ağdam da daxil olmaqla 5 şəhər və rayondakı yanacaq doldurma məntəqələrində kassa aparatı quraşdırıb.

“Setclapp” isə İqtisadiyyat Nazirliyi, Azərsu, Milli Depozit Mərkəzi üçün xidmət göstərib.

Lakin hər iki şirkətin icra etdiyi adıçəkilən layihələrlə bağlı heç bir məlumat yoxdur. Tender nə vaxt olub, icra edilən xidmətin dəyəri və s. kimi məlumatlar açıq deyil.

Araşdırmanı tamamladıqdan sonra “Caspel” MMC-nin keçmiş idarə heyətinin sədri Namiq Məmmədova azı 10 sual ünvaladıq. Lakin o, heç bir suala cavab vermədi.

aztoday.az