Gündəm

Gənc nazirin bunlardan XƏBƏRİ VARMI? - İDDİA



Gənc nazirin bunlardan XƏBƏRİ VARMI? - İDDİA
Sumqayıtda yerləşən təhsil müəssisələrində baş verən qanunsuzlar barədə daim redaksiyamıza şikayətlər olubdur. Bunların içərisində Sumqayıt Evdə Fərdi Təhsil Məktəbi xüsusilə seçilir. Aktualxeber.az-ın redaksiyasına daxil olan məlumatlara görə məktəbin direktor əvəzi Sevda Əliyeva dövlət vəsaitlərini müxtəlif üsullarla mənimsəməklə məşğuldur. S. Əliyeva bura rəhbər təyin ediləndən pul yığımı daha da güclənib.

Təhsil ocağı xüsusi tipli məktəb olduğundan orada əlilliyi olan sağlamlıq imkanları məhdud uşaqlar təhsil alır və onlara dərslər ev şəraitində keçilir. Əvvəlki direktorlar Məhəmməd Süleymanov və Mehman Adıgözəlovun zamanından daha artıq pul istəyən S.Əliyeva direktor təyin olunan gündən İcra hakimiyyətinə, Təhsil Nazirliyinə və digər qurumlara vermək adıyla ildə 2 dəfə hər müəllimdən 600-700 manat pul alır. Həmin pulu verməyənləri isə maaşa əlavə edilən 50 faiz vəsaiti kəsəcəyi ilə hədələyir. Məktəbdə dərs saatları da pulla satılır. Belə ki, 18 saat dərs 500, 24 saat dərs 800 manatdır. 50 faizə görə də əlavə 500 manat alınır ki, guya Hesablama Palatasına çatacaq. Bu azmış kimi direktorun tapşırığı ilə ayda hər müəllimdən 60-70 manat da əlavə pul yığılır.

Pandemiya zamanı isə dərslərin keçilməsi demək olar ki, yox səviyyəsinə düşüb. Bu yaxınlarda bundan narazı qalan 9-cu sinif şagirdi Ayxan Allahverdiyevin valideyni Rəsmiyyə xanımın da şikayəti elə dərslərin keçilməməsindən olub. Bundan əlavə aktualxeber.az-a daxil olan məlumata görə ötən ilin sonlarında direktor əvəzi Sevda Əliyevanın 17 saylı məktəbdən dəvət etdiyi Sevda Şahmərdanova adlı müəllimədən aldığı 1.200 manat rüşvəti onun koronavirus xəstəliyindən rəhmətə getməsindən sonra ailəsinə qaytarmaq belə istəməyibdir. Rəhmətliyin qohumu Babək Zeynalov adlı şəxsin əlaqədar qurumlara etdiyi şikayətlərdən sonra direktor bu pulu qaytarıbdır. Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu Alızadə yuxarıda sadaladığımız qanunsuzluqlardan xəbərdar olsa da hələ ki, bir tədbir görməyibdir. Məktəbdə baş verən qanunsuzluqlar yuxarıda sadaladıqlarımızla bitmir. Redaksiyamıza yeni daxil olan məlumatları növbəti məqaləmizdə oxucularımıza təqdim edəcəyik. Ümidvarıq ki, əlaqədar orqanlar bu yazımızdan sonra dövlət vəsaitlərinin mənimsənilməsinin qarşısını alacaq və günahkarları cəzalandıracaqdır.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.