Nahid Bağırov İsmayıllı bələdiyyələrini ölü quruma çevirib.-Araşdırma
Respublikamızın dilbər guşələrindən biri hesab olunan İsmayıllı rayonunun başçı sarıdan bəxti gətirməyib desək yanılmarıq. Gözəl təbiəti və münbit torpaqları olan İsmayıllı rayonu acgöz məmurların caynağında çırpınmaqda davam edir. "Hər gələn icra başçısı əvvəlkinə rəhmət oxutdurur" kimi xoşagəlməz tendensiyanın fəsadları İsmayıllı rayonunda özünü qabarıq formada biruzə verir. Rayonun müxtəlif kəndlərindən redaksiyamıza daxil olan məlumatlardan belə qənaətə gəlmək olar ki, Nahid Bağırov rəhbərlik etdiyi rayonu 1999-cu ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq fakultəsində qazandığı təhsil əsasında idarə edir. Çünki, rayonda baş verənləri təhlil edərkən aydın olur ki, icra başçısının atdığı hər bir addım hüquqi pozuntularla müşaiyət olunur. Dediklərimizi isbatlamaq üçün redaksiyamıza daxil olan məlumatlara diqqət yetirək. Məlumat üçün bildirək ki, İsmayıllı rayonunda 20-dən çox bələdiyyə fəaliyyət göstərir. Fəaliyyət göstərir deyəndə onu nəzərdə tuturuq ki, rəsmi və statistik rəqəmlərdə eləcə də, sənədlərdə bu bələdiyyələrin ancaq adları var. Adları olub özləri olmayan bələdiyyələr icra başçısının "möhtəşəm" idarəçiliyinin nəticəsində can verməkdədir. Redaksiyamıza daxil olan məlumatlarda qeyd olunur ki, bələdiyyələr tərəfindən müxtəlif məqsədlər üçün ayrılan torpaq sahələrinin sənədləri Nahid Bağırovun otağında ilişərək qalıblar. Heç kimə sirr deyil ki, bələdiyyələrin büdcəsi əsasən torpaq satışından və ya icarəsindən əldə olunan gəlirlər əsasında formalaşır. İsmayıllının kəndlərində və rayon mərkəzində vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması, ticarət obyektlərinin inşası məqsədilə bələdiyyələr tərəfindən ayrılan torpaq sahələrinə icra başçısı Nahid Bağırov tərəfindən "STOP" işarəsi qoyulub. Bələdiyyələr tərəfindən icra hakimiyyətinin memarlıq şöbəsinə təqdim olunan yüzlərlə sənəd Nahid Bağırovun tapşırığı ilə "maklatura" kimi toplanaraq saxlanılır. Səbəbini isə göydə Allah, yerdə Nahid Bağırovun özü bilir. İlin-günün bu vaxtinda vətəndaşların müraciətlərinin qalaqlanaraq icra hakimiyyətində toplanılması və cavabsız qalması xoşagələn hal hesab oluna bilməz. Bu addım prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla daban-dabana ziddir. Iddia olunur ki, RİH-nin memarlıq şöbəsinin möhürü Nahid Bağırovun otağındadır. Qazi və şəhid ailələrinin problemləri birbaşa ölkə başçısının nəzarətində olduğu halda İsmayıllının icra başçısı bu kateqoriyaya aid olan şəxslərə bələdiyyələr tərəfindən ayrılan torpaq sənədlərinin təsdiqlənməsinə süni maneə yaradır. Əcəba, yeni icra başçısı kimin tapşırıqlarını yerinə yetirir Prezidentin yoxsa ...RİH-dən təcrübəli kadrların heç bir səbəb göstərilmədən işdən azad olunmaları Nahid Bağırovun əl-qol açmasına zəmin yaradıb. Iddia olunur ki, rayonun Qubaxəlilli kəndində 250 ha torpaq sahəsi icra başçısı tərəfindən sənədləşdirilir. Səfalı yerləşməsi ilə paralel olaraq münbit torpaqları olan həmin ərazi Nahid Bağırovun diqqətini çoxdan çəkibmiş və qısa zaman kəsiyində sənədləşmə prosesinə start verilib. Bu azmış kimi icra başçısı İsmayıllı bazarının sahibi ilə əl-ələ verərək İvanovkada taxıl əkinini həyata keçirirlər. Ağsu çayının kənarındakı villaların kimlərə məxsus olması da icra başçısı haqqında şübhələri daha da artırır. Yuxarıda qeyd etdiyimiz kimi, bələdiyyələrin gəlir əldə etdiyi nöqtələri qapatmaqla onların məhvinə fərman verən Nahid Bağırovun qəzəbinin haradan qaynaqlandığı bəlli deyil. Yerli özünü idarəetmə orqanlarının qətlinə fərman verən Nahid Bağırov Lahıc bələdiyyəsinə dövlət tərəfindən ayrılmış 100 min manatdan yuxarı vəsaitin aqibəti necə olub? Turizmin inkişafı üçün ayrılmış bu vəsaitin hara yox olması barədə növbəti yazımızda ətraflı məlumat verəcəyik. Rayon ictimaiyyəti arasında yeni təyin olunan icra başçısı Nahid Bağırovun yaxın ətrafı tərəfindən dövriyyəyə buraxılan şaiyələr diqqəti xüsusilə cəlb edir. İddia olunur ki, Nahid Bağırov Prezident Adminstrasiyasında mühüm postda əyləşən şəxs tərəfindən himayə olunur.Həmin şəxsin kimliyi və digər məsələlərlə bağlı araşdırmalarımızın nəticəsi ilə növbəti məqaləmizdə tanış olacaqsınız...
Mövzuda adıçəkilən şəxslərin və qurumların mövqeyini dinləməyə və dərc etməyə hazırıq.
Bizi izləyin...
Stimulxeber.az