Gündəm

TƏBİB-lə Nazirliyin “COVİD terroru” - iki nəfərə bir peyvənd, xəstəxanalarda gestapo, morqlarda rüşvət...

TƏBİB-lə Nazirliyin “COVİD terroru” - iki nəfərə bir peyvənd, xəstəxanalarda gestapo, morqlarda rüşvət...
Kamyunun “Taun” romanı acı həqiqətlə finişə çatır və pessimizmin kulminasiya nöqtəsi sayılır: “Şəhərdən qalxan şən sədaları dinlədikcə həkim Ryö fikirləşirdi ki, bu şənlik yenə yasa çevrilə bilər.
O bilirdi ki, sevincdən qışqıran əhali çox şeydən bixəbərdir. Çünki onlar bilmirlər taun mikrobu nə ölür, nə yoxa çıxır...”
Azərbaycanda əhaliyə 1 il ərzində yaşadılan karantin stressi eynilə bu romanın finişinə oxşayır. Hər dəfə karantin yumşaldılanda insanlar sevincək olurlar ki, pis günlər geridə qaldı.
Amma çox keçmir, infeksiyaya yoluxma artır və pis günlər hələ irəlidə olur. İnsanlar artıq pandemiyadan nəinki yorulublar, artıq 2021-ci ildən də əllərini üzüblər.
Heç kəsdə inam qalmayıb ki, iyunun 1-də karantin tamamilə götürüləcək. Yox-yox, ilin sonuna qədər bu və ya digər şəkildə karantin şəraitində yaşamalı olacağıq. Bütün bunlar bir yana, həmçinin pandemiyanın yaratdığı iqtisadi çətinliklər, psixoloji pozuntu, ictimai nəqliyyatın birinin qapadılıb, digərinin açılması - hər şey aydındır, deyilib, yazılıb, Operativ Qərargahı dönə-dönə yıxıb-sürüyüblər, çi fayda?!
Anaxeber.info bildirir ki, indi yoluxmanın kəskin artdığı zamanda yeni heyrətamiz iddialar meydana çıxmaqdadır. Və səslənən ittihamlara nə TƏBİB, nə Səhiyyə Nazirliyi cavab verir. Hər iki qurumun rəhbərləri - Ramin Bayramlı və Oqtay Şirəliyev “qeybə çəkiliblər”.
Nədən ibarətdir bu iddialar – araşdırmaçı jurnalist Aynur Elgünəş yazır ki, bir peyvəndin iki nəfərə vurulması hallarına yol verilir. Bu, cinayətdir.
Sitat: “Bir neçə həkimin xəbərdarlığıdır. Onların sözlərinə görə, peyvəndlənmənin birinci hissəsi qaydalara uyğun aparılıb, yəni həkimlərə və s. tam doza vurulub. İndi isə poliklinikalara lazım olan qədər peyvənd verilmir, yarısı verilir və “bununla idarə edin” deyilir.
Ona görə də 1 peyvəndi 2 nəfərə vururlar, vətəndaşları aldadırlar. Hətta elə hallar olub ki, vətəndaşa “peyvənd edək, ya sənəd verək?” kimi təkliflər də edilib.
Təbii neynəsək də, bu cür üsullara əl atan alçaq sürüsü ilə bacara bilməyəcəyik. Yenə də çalışaq. Məsələn, peyvəndi yanınızda açılmasını və vurulmasını tələb edin. Düzdür, bir neçə dəfə tibb bacısının “bizə tapşırılıb ki, çəkib gətirib vuraq” kimi hallarla da qarşılaşanlar olub. Bu, qayda deyil, tələb etmək, sizə vurulan peyvəndi görmək haqqınızdır.
Həkimlərin sözlərinə görə, peyvəndə belə “qənaət”in səbəbi odur ki, yerdə qalanı özəl klinikalarda satırlar. Məncə, o kameraları yataq otaqlarında deyil, TƏBİB-in, Səhiyyə Nazirliyinin kabinetlərində quraşdırsanız, daha maraqlı və faydalı görüntülər əldə edərsiz”.
Dəhşətli ittihamdır. Xalqa qarşı aşkar cinayət əməlidir. Peyvəndlərin özəl klinikalarda satılması üçün biznes quranlar süni şəkildə vaksin defisiti yaradırlar və bu yolla həm əhalini aldadırlar, həm dövləti sabotaj edirlər. Bəs bu mafiya kimdir? Hansı qüvvələrdir ki, TƏBİB və Səhiyyə Nazirliyi araşdırma aparmır?
Biznes maraqlarını xalqın ən bəlalı günlərində də üstün tutan dərman mafiozları, səhiyyə caniləri peyvəndi belə əhaliyə rəva bilmirlər. Bu iddialar ortalıqdadır və ötən gün sosial şəbəkələrdə ən çox paylaşılan məlumatlardan biriydi.
Amma nə O.Şirəliyev, nə R.Bayramlı kabinetindən başını çıxarıb deyilənlərə münasibət bildirdilər. Belə bivec məmurlarla epidemiyaya necə qalib gəlmək olar?
Bir Türkiyənin səhiyyə naziri Fəxrəddin Qocaya baxın, hər gün xalqa hesabat verir, təhlilləri açıqlayır, ümumi epidemioloji durumu izah edir, bizimkilərsə bir peyvəndi iki adama vurmaqla yoluxma sayının dolayısı ilə artımına səbəb olurlar. Bu, xalqa COVİD19 “terroru” törətməkdir.
Anaxeber.info bildirir ki, korona ilə mübarizədə özbaşınalıqlar təkcə peyvəndləmə ilə məhdudlaşmır. Xəstələrə, xüsusən ağır vəziyyətdə olanlara qarşı səhlənkarlıq, laqeydlik sərgilənir. Redaksiyamıza ayrı-ayrı oxuculardan, yaxın çevrədəki informasiyalı mənbələrdən gələn xəbərlərdə deyilir ki, özəlliklə Zığda yerləşən Fövqəladə Hallar Nazirliyinə aid modul tipli xəstəxana gestapo və morqa çevrilməkdədir.
Bu xəstəxanaya diri girən ölü çıxır. Səbəb xəstələrə yaxşı qulluq olunmaması, oksigen aparatına qoşulanların boğazı quruduğu halda damcı su təminatının olmaması, biganəlik, etinasızlıq, ölümün pəncəsinə atılmaqlıqdır bu...
Zığdakı bu xəstəxana ilə bağlı dəfələrlə şikayətlər olub, amma qulaqardı ediblər. Son günlərdə yenə narazılıqlar dilə gətirilir, tanışı, adamı olmayan xəstələrə yaxşı xidmət göstərilmədiyi, tapşırıqla yerləşənlərə yüksək müalicə olunduğu iddiaları səslənir.
Koronavirusla yanaşı bəlaya çevrilən Azərbaycan səhiyyəsinin başbilənlərinin, TƏBİB və Nazirliyin yarıtmaz fəaliyyətinin ucbatından infeksiya qurbanlarının sayı artır. Ən dəhşətlisi isə bu virusdan ölənlərin başına açılan oyunlardır. Belə ki, əksər qurbanlar Sabunçu rayonu 3 saylı xəstəxananın morquna gətirilirlər. Burada isə rüşvət işə düşür.
Ölənin cənazəsini gətirən sürücüdən tutmuş morqda kəfənləmə proseduruna qədər pul işləyir. Əgər morqda meyitlər çoxdursa, pulu olanlar içəri daxil olur, sövdələşir, 100 manat ödəniş edir, özünkünün yuyulması, kəfənləməsini qabağa salır.
Bütün bunlar fəlakətdir və xalq bilmir ki, özünü virusdan qorusun, yoxsa səhiyyədəki rüşvət virusunun caynağından xilas olsun. Amma bu qədər ittihamlara qarşı TƏBİB və SN-də immunitet formalaşıb, donublar, dinmirlər, sanki ECMO aparatına qoşulublar, səsləri çıxmır.
Buna isə cavab verilməlidir. Uğursuz karantin-karantin hoqqabazlığı ilə əhalini həyatını bir ildən çoxdur ki, cəhənnəmə çevirənlər bu yaramazlıqlara - bir peyvəndin iki nəfərə vurulmasına, Zığdakı xəstəxanada yaşananlara, morqlarda baş verənlərə görə xalqa hesabat verməlidirlər...
Anaxeber.info

Oxşar xəbərlər