Cavid Qurbanovun ən yaxın adamının oğlu işdən niyə qovulub?
Xəqani Kazımovun oğlu barədə baş prokurorun verdiyi əmr «Azadlıq»da
Iqtidarın AXCP sədri Əli Kərimliyə qarşı apardığı kampaniyanı maliyyələşdirənlərdən birinin “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov olması barədə məlumat vermişdik. Məlumatda deyilirdi ki, Cavid Qurbanov bunu müşaviri Həbib Misirov vasitəsilə edir. Əli Kərimlinin evinin önündə keçirilən aksiyaları məhz Həbib Misirov koordinasiya edir və ora gətirilən adamlara pul paylayır.
Ötən saylarımızda Cavid Qurbanova belə biabırçı işlə məşğul olmaqdansa, öz korrupsiya əməlləri, milli maraqlara zidd addımları barədə düşünməyi tövsiyyə etmişdik.
Bu dəfə isə ona yaxın dostu – “sağ əli” və biznes ortağı Xəqani Kazımovun oğlunun əməllərini xatırladacağıq. Qoy “vətənpərvər” Cavid Qurbanov bu dəfə Həbib Misirovu Xəqani Kazımovun evinin önünə göndərsin.
Xəqani Kazımovun oğlu Vüsal Kazımov bir müddət əvvəl medianın gündəminə gəlmişdi. Mediada onun dəbdəbəli həyat tərzi və bahalı maşın kolleksiyası barədə məlumatlar yayılmışdı. Əldə etdiyimiz məlumata görə, bundan sonra Vüsal Kazımov prokurorluq orqanlarından qovulub. Lakin Vüsal Kazımovun harınlığından hiddətlənən baş prokuror Zakir Qaralov Vüsal Kazımovu işdən qovmaqla kifayətlənməyib. O, Vüsal Kazımova görə prokurorluq orqanlarındakı iki səlahiyyətli şəxsdən tabeliklərində olan əməkdaşların xidməti və əmək intzamına ciddi nəzarətin təmin olunmasını tələb edib. Zakir Qaralovun əmrində deyilir:
“1.Bakı şəhər Səbail rayon prokurorluğunun sınaq müddətilə müstəntiq vəzifəsinə təyin edilmiş Kazımov Vüsal Xəqani oğlu əmək intizamını kobud şəkildə pozduğuna görə prokurorluq orqanlarından xaric edilsin.
2.Səbail rayon prokuroru vəzifəsini icra edən Natiq Əsədov və Bakı şəhər prokuroru Əziz Seyidovdan tabeçilikdə olan əməkdaşların xidməti və əmək intizamına ciddi nəzarətin təmin edilməsi üçün zəruri tədbirlərin görülməsi tələb olunsun”.
Göründüyü kimi Cavid Qurbanovun dostunun oğlu Zakir Qaralovu bərk qəzəbləndirib. Məlumat üçün deyək ki, Xəqani Kazımov hazırda “Azərbaycan Dəmir Yolları” QSC-də yüksək vəzifədədir. Yaxşı olar ki, Cavid Qurbanov bu biabırçılıqlara cavab versin.