Gündəm

Dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanla yanaşı regionun da inkişafına nail olmağa xidmət edir

Dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanla yanaşı regionun da inkişafına nail olmağa xidmət edir


Oktyabrın 13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxış edən Prezident İlham Əliyev Azərbaycan həqiqətlərini növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Dövlətimizin başçısı İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərimizlə torpaqlarımızın 20 faizinin işğaldan azad edildiyini bildirərək, işğal dövründə infrastrukturun dağıdıldığını, mədəni və dini abidələrimizin, məscidlərimizin təhqir və talan olunduğunu qeyd etdi.
Dövlətimizin başçısı Birinci Qarabağ müharibəsindən sonra 3900-ə yaxın Azərbaycan vətəndaşının taleyi haqqında hələ də məlumat olmadığını, onların əksəriyyətinin işgəncə edilərək, kütləvi məzarlıqlarda basdırıldaqlarını bildirdi. Qeyd olundu ki, işğaldan azad edilmiş iki kənddə kütləvi məzarlığın aşkar olunması Ermənistanın müharibə cinayətlərini sübut edən mühüm faktlardır. Prezident İlham Əliyev bu məsələyə diqqət çəkərək Ermənistanın itkin düşənlərin taleyi və kütləvi məzarlıqların dəqiq yerləri barədə Azərbaycana məlumat təqdim etməli olduğunu xüsusilə qeyd etdi.
Bu barədə Milli Məclisin deputatı Cavid Osmanov açıqlamasında deyib.
“Azərbaycanın 44 günlük Vətən müharibəsi ilə Qarabağ münaqişəsinə son qoyduğunu və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını da özü təmin etdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dünyada mina ilə ən çox çirklənmiş ölkələr sırasındadır. Azərbaycana ərazilərin minalardan təmizlənməsi məsələsini həll etmək üçün təxminən 30 il və 25 milyard ABŞ dolları lazımdır. Bu ağır problemə baxmayaraq, Azərbaycan “Böyük Qayıdış”a artıq başlayıb. Belə ki, ərazilərin minalardan təmizlənməsi ilə paralel, indi Azərbaycan həm də işğaldan azad olunmuş ərazilərdə öz resursları hesabına genişmiqyaslı bərpa-quruculuq işləri aparır ki, keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qayıtsınlar. Qayıdış prosesi artıq başlanıb və keçmiş məcburi köçkünlər mərhələli formada öz doğma el-obalarına qayıdırlar”, - deyə C.Osmanov diqqətə çatdırıb.
Deputat bildirib ki, Prezident İlham Əliyev Zirvə Toplantısında çıxışında Qarabağ münaqişəsinin həll olunmasına baxmayaraq, Ermənistanın sərhəddə təxribatlar törətməkdə davam etdiyini, təxribatlara görə məsuliyyətin məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü qeyd etdi. Ermənistandan fərqli olaraq Azərbaycan ədalətli sülhün tərəfdarıdır. Ermənistan tərəfindən törədilmiş etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlının 30 il ərzində əziyyət çəkməsinə, misli görünməmiş vəhşiliyə, yüzlərlə şəhər və kəndimizin dağıdılmasına baxmayaraq, Azərbaycan Ermənistana qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünün tanınması əsasında sülh sazişi imzalamağı təklif edib. Təbii ki, Azərbaycanın məqsədi Cənubi Qafqazda, ümumilikdə regionda davamlı sülhün və təhlükəsizliyin bərqərar olmasıdır. Məhz bunun üçün ölkəmiz öz üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Regionun hərtərəfli inkişafına töhfə vermək üçün Azərbaycanın çox böyük real imkanları, eləcədə güclü potensialı vardır.
“Dövlətimizin başçısının həyata keçirdiyi düşünülmüş siyasət Azərbaycanla yanaşı, regionun da inkişafına nail olmağa xidmət edir. Artıq Azərbaycan beynəlxalq aləmdə yüksək nüfuz və söz sahibidir. Ölkəmizin BMT-dən sonra ən böyük beynəlxalq struktur olan Qoşulmama Hərəkatına sədrlik etməsi buna bariz nümunədir. Azərbaycanın bu təsisatda sədrliyi üzv ölkələrin yekdil qərarı əsasında əlavə olaraq daha bir il, 2023-cü ilin sonuna qədər uzadılıb.
Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyi gücləndirmək, bu Hərəkatın siyasi çəkisini və qlobal nüfuzunu artırmaq üçün böyük səylər göstərir”, - deyə Cavid Osmanov bildirib.