ALİ MƏKTƏBLƏRDƏ TƏHSİLİ NECƏ TƏŞKİL ETMƏLİ? - "İnsanlar rasional qərarlar gözləyir"
Cəmiyyətdə pandemiyanın təhsil sisteminə təsiri barədə fikirlər birmənalı deyil. Əsas fikir ayrılığı dərslərin distant, yaxud ənənəvi şəkildə keçirilməsi, hər iki üsulun müsbət və mənfi tərəfləri ilə bağlıdır.
Təhsil eksperti, deputat Etibar Əliyev bildirir ki, pandemiya ali məktəblər qarşısında 3 problem yaradıb:
"Birincisi və ən əsası: mövcud vəziyyəti nəzərə almaqla təhsil prosesini təşkil etmək və keyfiyyətli təhsil verməyə nail olmaq;
İkincisi: virtual məkanda işləmək bacarıqları olmayan müəllimlərə yardımçı olmaq, texnoloji uçurumu aradan qaldırmaq;
Üçüncüsü: çıxılmaz vəziyyətlə üzləşən tələbələrə dəstək durmaq".
Ekspertin sözlərinə görə, distant təhsil ətrafında geniş imitasiyalar mövcuddur.O, bu təhsil formasının ənənəvi təhsildən üstünlüyünü və mənfi cəhətlərini qeyd edib:
“Üstünlükləri:
- qabaqcıl təhsil texnologiyalardan istifadəyə imkanlar yaradır;
- təhsilin fərdi xarakterini gücləndirir;
- auditoriyalarda dərs demək imkanı olmayan böyük alimləri təhsil prosesinə cəlb edir;
- məsləhətlərin verilməsinin çevik yollarını ehtiva edir;
- təhsili geniş insan kütlələri üçün əlçatan edir.
Mənfi tərəfləri:
-təhsilalanla təhsilverənin birbaşa əlaqələri istisna olunur;
-İKT alətlərindən istifadədə qeyri-bərabərlik;
-biliyin yoxlanılmasında identifikasiya problemləri;
-təhsialanlara daim nəzarətin təşkil oluna bilməməsi".
E. Əliyev vurğulayır ki, bu fərqlər bütün universitetlər və bütün tələbələrlə bağlı universal qərar qəbul etməyin mümkün olmadığını təlqin edir: "Bütün dünyada belədir. Tələbələrin distant təhsilin keyfiyyətinə verdiyi qiymət fərqlidir. Ali məktəblər prosesi fərqli şəkildə həyata keçirirlər. Qanunverici baza hələlik formalaşmayıb.
Bir sual yenə də aktualdır. Ali məktəblər distant təhsilə keçdikləri zaman təhsil haqlarına baxılmalıdırmı? Ali məktəblərin yeganə gəlir mənbəyi olan təhsil haqlarının 83-85 faizi müəllimlərin əmək haqlarına sərf olunur.
Bu o deməkdir ki, ali məktəblər böyük xərc tələb edən distant təhsil mərkəzlərinin yaradılması işində maliyyə çatışmazlıqları ilə üzbəüz qalırlar. Bir neçə ali məktəb istisna olmaqla elektron kitabxanalar sistemli fəaliyyət göstərmirlər. Bu baxımdan, təhsilin iki forması arasında böyük keyfiyyət fərqləri yaranır. Distant təhsil süni əlaçıların sayını xeyli artırdı. Demək sui-istifadə halları xeyli çoxdur".
Təhsil ekspertinin sözlərinə görə, ilk öncə "Distant təhsil mədəniyyəti" deyilən anlayışın çərçivəsində maarifçilik işlərinə böyük ehtiyac vardır.
"Təəssüflər olsun ki, televiziya və kütləvi informasiya vasitələrini belə mövzular maraqlandırmır. Monitorinqlər aparılmır. Belə bir situasiyada insanlar dərslərin hansı formada davam etdirlməsi barədə rasional qərar gözləyirlər. Zaman isə bizi təqib edir",-deyə millət vəkili vurğulayıb.