Mixail Podolyak: “Saakaşvili ilə bağlı vəziyyət düzgün yöndə irəliləməlidir”
Ukrayna vəziyyəti (Gürcüstanda bu ölkənin sabiq prezidenti Mixail Saakaşvilinin saxlanılması ilə əlaqədar- red.) kifayət qədər şəffaf şəkildə şərh edir. Mixail Saakaşvili dövlətimizin vətəndaşıdır. Odur ki, Ukrayna vətəndaşının hüquqlarına riayət edilməsi baxımından vəziyyətin düzgün olması və müvafiq siqnalların Gürcüstan tərəfinə göndərilməsi bizim üçün vacibdir. Bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak açıqlamasında deyib.
Qeyd edək ki, Mixail Podolyak Ukraynanın “Fokus” jurnalına görə ən nüfuzlu 100 ukraynalı reytinqində üçüncü yerdədir. Birinci yeri Prezident Vladimir Zelenski, ikinci yeri Prezident Aparatının rəhbəri Andrey Yermak tutur.
“Dövlətimiz baş verənlərlə bağlı tam məlumat istəyib və Ukrayna konsulları Mixail Saakaşviliyə lazımi köməkliyi göstərməyə çalışırlar”, - deyə həmsöhbətimiz vurğulayıb.
“Sırf siyasi hadisələrə gəldikdə, Ukrayna digər dövlətlərdə baş verən daxili siyasi proseslərdən xeyir güdmür. Biz dost dövlətlərlə ortaq maraqlar və ümumi dəyərlər naminə mövcud müqavilələr və mövcud əməkdaşlıqlar çərçivəsində çalışırıq. Buna görə də əminik ki, Mixail Saakaşvili ilə bağlı vəziyyət düzgün inkişaf edə bilər və etməlidir. Və bu vəziyyət Ukrayna ilə Gürcüstan arasında ikitərəfli münasibətlərə heç bir xələl gətirə bilməz”, - deyə Mixail Podolyak qeyd edib.
Onun sözlərinə görə, “Ukrayna ilə Gürcüstan arasındakı münasibətlər tarixi köklərə, cəmiyyətlərimiz arasında qarşılıqlı anlaşmaya, xarici siyasətdə ortaq prioritetlərə əsaslanır. Buna görə də, hər hansı bir vətəndaşımıza qarşı düzgün münasibət istənilən vəziyyətdə əsas amil olmalıdır”.
Nair Əliyev