Bölgə

Sumqayıtın Evdə fərdi təhsil məktəbində nə baş verir - Məktəb direktorunun xanımı dərs bölür İDDİA

Sumqayıtın Evdə fərdi təhsil məktəbində nə baş verir - Məktəb direktorunun xanımı dərs bölür İDDİA


Teref.az-ın poçtuna daxil olmuş şikayət məktubunu oxuculara təqdim edirik. Şikayətçi Evdə fərdi təhsil məktəbinin müəllimi Humay Nuriyeva yazır:

Salam hörmətli redaksiya.
12 ildir ki, Sumqayıtda evdə fərdi təhsil məktəbində müəllimə işləyirəm. Bu müddətdə bir neçə direktor dəyişib, hamısı da pul alıb dərs verib, amma indiki kimisi olmayıb. 2023-cü ilin aprel ayında Sumqayıt 21 saylı orta məktəbin direktoru Vladim İbrahimovdan həddən çox şikayətlər olduğuna görə Abşeron-Xızı təhsil idarəsi onu işdən çıxarmağa məcbur oldu. Bunu həmin məktəbin müəllimləri də açıq deyirlər. Amma işdən çıxarılan direktoru imtahansız gətirib bizim Evdə fərdi təhsil məktəbinə direktor qoydular. Həmin gündən də məktəbi Vladim müəllimlə birlikdə həyat yoldaşı Səidə müəllimə idarə edir. Səidə müəllimə başqa məktəbin müəlliməsi olsa da, evdə fərdi təhsil məktəbində saat hesabı dərs deyir, həm də Abşeron-Xızı təhsil idarəsində tibbi-pedaqoji ekspert komissiyasının rəhbəridir.

Sumqayıtın Evdə fərdi təhsil məktəbində nə baş verir - Məktəb direktorunun xanımı dərs bölür İDDİA


Komissiyanın keçmiş sədri İsa Tərlanov yoxlamalar nəticəsində işdən çıxarılsa da, Səidə müəlliməni himayə edənlər onu komissiyanın rəhbərliyinə gətirdilər, halbuki xeyli sağlam, heç bir xəstəliyi olmayan uşaqlar 9-11-ci siniflərdə müəllim yanına gedə bilmək üçün məhz həmin komissiyanın saxta rəyləri əsasında evdə fərdi təhsil məktəbinə qəbul edilmişdilər, onlardan hələ də məktəbdə təhsil alanlar var. Hətta deyilənə görə, sağlam uşaqların məktəbə qəbulu 1500-2000 manatdır. Vladim müəllim məktəbimizə direktor təyin olunandan Səidə müəllimənin bütün rəfiqələri aprel-may ayından etibarən məktəbimizə axın etməyə başlayıblar. Yoxlama aparılsa məlum olar ki, 2023-cü ilin aprel ayından başlayaraq 21 saylı məktəbdən və digər məktəblərdən onlarla müəllimə saat hesabı dərs verilib, məktəbin öz müəllimləri isə dərs üçün az qala yalvarır. May ayında məktəbin təsərrüfat müdirinin öz anasının əvəzinə dərsə girdiyi aydın oldu, amma Səidə müəllimənin rəfiqəsi olduğuna görə onunla bağlı tədbir görülmədi.

Bir neçə kurs müəllimi sövdələşmə əsasında illərdir məktəbimizdə işləyirlər və hər gələn direktor və ya əvəzi onların əmək haqqı kartlarını bir-birinə ötürməklə bir-birinin əyri işlərini ört-basdır edirlər. Həmişə də həmin müəllimlər təriflənir, əslində hamı bilir ki, tərif əyə görədir. Lakin illərin təcrübəli müəllimləri kiçik bir səhv edən kimi dərhal Vladim müəllim çağırıb deyir ki, ərizəni yaz öz xoşunla çıx işdən. İndi hamı məzuniyyətdə olduğu vaxtda direktor Vladim İbrahimov həyat yoldaşı Səidə müəllimə ilə birlikdə dərs bölgüsü aparır, amma bu bölgüdən direktor müavinlərinin, məktəbin həmkarlar təşkilatı sədrinin xəbəri yoxdur. Məktəbimiz Prezidentin açılışını etdiyi 4-cü mikrorayondakı 20 saylı məktəbin binasına köçürüləndə təmir adı ilə 50 manatdan pul yığıb vermişik ki, dərs bölgüsü vaxtı bizi incitməsinlər, lakin indi bizi sayan yoxdur.

Direktorun həyat yoldaşı Səidə müəllimə qayda qoyub ki, bu dərs ilində ancaq diaqnostik bala görə dərs veriləcək. Buna da razıyıq, bəs onda başqa məktəblərin müəllimlərinə hansı prinsiplə dərs verilir? Həmin müəllimlər öz məktəblərində diaqnostik balla 20 saat, bizim məktəbdə də 16 saat dərs alanda bu 36 saat edir, bu da elə-belə olmur. Eşitdiyimizə görə, kim əlavə dərs saatı almaq istəsə əli cibində olmalıdır. 1 saat dərsin qiyməti isə 80-100 manat arasında dəyişir. Xüsusi təhsil sinifləri isə ümumiyyətlə direktorun özünə aid olacaq. Vladim müəllim və Səidə müəllimə məktəbimizi artıq özəl obyekt kimi işlədirlər, söz arası da deyirlər ki, biz birbaşa İlhamə xanımın, yəni regional təhsil idarəsi rəisinin tapşırıqlarını icra edirik, ona arxayınıq, bizə heç icra hakimiyyəti də söz deyə bilməz. Xahiş edirik bu məsələni araşdırın, Təhsil nazirliyi məktəbimizlə maraqlansın, düzgün, şəffaf və pulsuz dərs bölgüsü aparılsın

Evdə fərdi təhsil məktəbinin müəllimi
Humay Nuriyeva
Teref.az olaraq şikayətdə qaldırılan iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini dərc etməyə hazırıq!