Bölgə

Xətai sakinləri başçıdan KÖMƏK İSTƏDİ - MÜRACİƏT

Xətai sakinləri başçıdan KÖMƏK İSTƏDİ - MÜRACİƏT


Xətai rayonunun mərkəzi ərazisində- F.Bayramov və S.Orucov küçələrinin kəsişməsində, 56 saylı məktəbun qarşısında və Xətai rayon Prokurorluğunun 50 metrliyində əsaslı təmir edilən uşaq bağçası bu ərazidəki yüzə yaxın ailənin gününü göy əskiyə büküb. Çoxsaylı sakinlərin hələki rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevə müraciəti də bu problem barədədir. Şikayət dolu müraciətdə deyilir: "Hörmətli Rafiq müəllim! Məlum edirik ki, F.Bayramov və S.Orucov küçələrinin kəsişməsində hələ Sovetlər dövründən qalma bir uşaq bağçası var. Neçə ay əvvəl adı yəqinki Sizə məlum olan bir vəzifəli şəxs bağçanı de-fakto özəlləşdirmək üçün əsaslı təmir etdirmək qərarına gəldi. Statusu biz sakinlərə bəlli olmayan uşaq bağçasının əsaslı təmiri üçün bildiyimiz qədər tender elan edildi, qalib podratçı tapıldı və təmirə başlanıldı. Biz sakinləri ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsi deyil, bu bağçanın biz sakinlərin yaşadığı 4 yaşayış binasının həyətini əsl zibilxanaya çevirməsi düşündürür və narahat edir.
Məlumat üçün bildiririk ki, biz sakinlərin şəxsi təşəbbüsü və səyi ilə həyətimiz neçə il əvvəl asfaltlandı, öz vəsaitimiz hesabına həyətə oturacaqlar quraşdırıldı, gücümüz çatan qədər səliqə-səhman yaradıldı. Lakin adı çəkilən, ünvanı göstərilən, nömrəsi və əsl sahibi isə bəlli olmayan bu bağçada əsaslı təmir başlayanda həyətimiz, bloklarımızın girişi elektrik, su və s. xətlərin çəkilişi məqsədi ilə qazılıb xarabaxanaya çevrildi. Asfalt qazıq-qazıq edildi. Podratçı təşkilatın nümayəndələrinə bu zir-zibilləri yığışdırmağı, qazılan asfalt hissələri bərpa etməyi xahiş edəndə söz verdilər ki, düzəldiləcək, həyət səliqəyə salınıb əvvəlki təmizkar halına qaytarılacaq, amma indi deyirlər ki, gedin icra başçısı Rafiq Quliyev düzəltsin. Ona görə də biz sakinlər Sizə müraciət etməli olduq. Amma bilirik ki, onlar yalan danışır, tenderdən ayrılan pulları silib aradan çıxmaq istəyirlər.
Xahiş edirik, bu problemin müəlliflərinə təpinin, xəbərdarlıq edin ki, dağıdıb xarabaxanaya, zibilxanaya çevirdikləri həyətimizi əvvəlki görkəminə qaytarsınlar, töküb getdikləri zibilləri daşıyıb aparsınlar. Hesab edirik ki, bu qanqaraldıcı problem barədə cənab Prezident İlham Əliyyevin tvitter hesabına yazmağa, yaxud mətbuat vasitəsilə ölkə rəhbərinə şikayət etməyə lüzum yoxdur. Amma inanırıq ki, Siz bu zibilxananın əsl müəllifini tapıb lazımi sözünüzü deyərək ona problemin həlli üçün tapşırıqlarınızı verəcəksiniz. Bilirik ki, Siz Qarabağ müharibəsi veteranısız, ermənilərin haqsızlığını, ədalətsizliyini, yurdlarımızı necə viran qoyduğunu görmüsünüz. Biz sakinlər isə burda hansısa məsuliyyətsiz məmurun dağıntılarının, ədalətsizliyi və məsuliyyətsizliyinin altını çəkirik. Küləkli havalarda toz-duman, yağmurlu havalarda isə palçıq evimizə dolur. Axı bizlərə neçə aydır bu zülmü niyə yaşadırlar?".

REDAKSİYADAN: biz də inanırıq ki, tezliklə həm problem həllini tapacaq, həm də dinc sakinləri hövsələdən çıxaran məsuliyyətsiz məmur tapılıb ortaya çıxarılacaq.
Tezadlar.az

Xətai sakinləri başçıdan KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Xətai sakinləri başçıdan KÖMƏK İSTƏDİ - MÜRACİƏT
Xətai sakinləri başçıdan KÖMƏK İSTƏDİ - MÜRACİƏT