Rüşvətə görə tutulan xəstəxana direktoruna hökm oxundu
Qusar Rayon Mərkəzi Xəstəxanasının sabiq direktoru Mübariz Zeynalovun məhkəmə prosesi başa çatıb.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Zeynalov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, xəstəxana direktoru ötən il oktyabrın 19-da xidməti otağında 1000 manat rüşvət alarkən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (rüşvət alma) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Qusar Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Zeynalov Mübariz Ağakərim oğlu həmin tibb müəssisəsinin həkim-stomatoloqunun xidməti istifadəsinə veriləcək stomatoloji qurğunun adının xəstəxana tərəfindən büdcə vəsaiti hesabına alınacaq avadanlıqların siyahısına salınmaqla ona təqdim edilməsi müqabilində sonuncudan rüşvət qismində istədiyi 2 000 manat pul vəsaitinin 1 000 manatını alıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Mübariz Zeynalov tələb etdiyi rüşvətin qalan 1 000 manat məbləğini 19.10.2021-ci il tarixdə xəstəxanadakı xidməti otağında rüşvət qismində alarkən cinayət başında yaxalanıb.