Araşdırma

Yalançı təhsil şəbəkəsi iş başındadır - Diqqət!

Yalançı təhsil şəbəkəsi iş başındadır - Diqqət!

Baş Prokurorluq xaricdə təhsil almaq adı ilə dələduzluq edən şəxslərlə bağlı vətəndaşlara müraciət edib. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirlir ki, son zamanlar xaricdə təhsil almaq adı altında vətəndaşların müxtəlif məbləğlərdə pulunun dələduzluq yolu ilə ələ keçirilməsi halları artıb. Prokurorluq orqanları tərəfindən bu kimi neqativ halların aradan qaldırılması, habelə təqsirkar şəxslərin aşkar olunaraq məsuliyyətə cəlb olunmaları istiqamətində kəsərli tədbirlər həyata keçirilir.

Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır. Eyni zamanda bildiririk ki, xarici ali təhsil ixtisaslarının tanınmasına fərdi qaydada baxıldığı üçün müvafiq ali təhsil sənədi əsasında Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməyiniz zəruridir. Azərbaycan Respublikasının Baş Prokurorluğu vətəndaşlara müraciət edərək, bu kimi dələduzluq halları ilə qarşılaşdıqda dərhal 961 nömrəli Çağrı Mərkəzi, 161 nömrəli “Qaynar xətt” əlaqə mərkəzi, o cümlədən Baş Prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat verilməsini xahiş edir.

Məsələ ilə bağlı təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında bildirib ki, məhz DİM-in keçirdiyi imtahanlarda aşağı bal toplayaraq tələbə adını qazana bilməyən abituriyentlər müxtəlif yollardan istifadə etməklə təhsil almaq istəyirlər. Təhsl eksperti qeyd edib ki, ali məktəblərə qəbulun nəticələrinin açıqlanması xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkəni yenidən hərəkətə gətirib:

"Son vaxtlar sosial şəbəkələrdə, radio və televiziya kanallarında xaricdə təhsil elanları çoxalıb. Ölkədə xarici ölkələrə tələbə qəbulu xidməti göstərən şirkətlərin heç birinin Təhsil Nazirliyi ilə bir bağlantısı yoxdur və rəsmi lisenziya almayıblar. Sadəcə olaraq vergi ödəyicisi kimi qeydiyyatdan keçib xidmət göstərirlər. Əlbəttə ki, bu, hüquq pozuntusu deyil. Sadəcə olaraq valideynlər, abituriyentlər bilməlidir ki, xaricdə təhsil xidməti göstərən şirkətlərin hansısa üstünlüyü yoxdur. Onlar özləri də istədikləri xarici universitetin saytından qeydiyyatdan keçib tələb olunan sənədləri göndərməklə bu prosesi həyata keçirə bilərlər".

K.Əsədov qeyd edib ki, təəssüf doğurucu bir reallıqdır ki, insanların çoxunu təhsil yox, diplom düşündürür:

"Buna görə də onlar imtahansız xaricdə “təhsil” fırıldaqçılarının könüllü qurbanına çevrilirlər. Alacaqları diplomun yiyələnməli olduqları təhsildən daha önəmli olduğunu düşünürlər, lakin ölkəyə qayıdıb fərqli mənzərə ilə qarşılaşanda artıq gec olur.

Çünki ölkə qanunvericiliyi bu yolla "təhsil" alıb ölkəyə qayıdanların diplomunu rəsmən tanımır. Təəssüf doğuran məqamlardan biri də budur ki, insanlar kütləvi şəkildə bu şirkətlərə müraciət edirlər. Fırıldaqçıların girovuna çevrilməkdə valideynlərin məsuliyyətsizliyi də böyük rol oynayır. Onlar məlumatsızlıq ucbatından övladlarının təhsilini, onların gələcəyini öz maraqlarına - diplom sevdasına qurban verirlər. Hesab edirəm ki, xarici ölkələrdə təhsil alan tələbələrin Ukrayna, Gürcüstan kimi universitetlərin diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınmaması çox normaldır. Belə ki, Ukraynada və bir neçə başqa ölkələrdə elə universitetlər var ki, ora Azərbaycanda ali məktəblərə qəbul imtahanı zamanı 12 bal toplamış insanlar sadəcə attestatın surətini təqdim etməklə qəbul olunurlar. Təhsil haqqını ödəyirlər və bir çox halda 4 il bakalavr pilləsində, 2 il magistratura pilləsində cəmi bir neçə dəfə universitetdə olurlar, amma nəticədə diplom da alırlar. Bu diplomların tanınması, sadəcə təhsil haqqı ödəmək və bir neçə dəfə universitetdə görünməklə həmin şəxslərin həmin sahələr üzrə mütəxəssis olmaqlarını təsdiq etmək deməkdir. Bu isə yüksək bal toplamış, illərlə universitet auditoriyalarında, kitabxanalarında istirahətindən, yuxusundan fədakarlıq edərək dərs oxumuş, müxtəlif bilik və bacarıqlar əldə etmiş şəxslərə qarşı haqsızlıq olardı. Bu baxımdan, bəzi universitetlərin diplomlarının tanınmaması normaldır və bunu gənclərin xaricdə təhsili üçün maneə adlandırmaq doğru olmaz".

Təhsil eksperti əlavə edib ki, azərbaycanlı tələbələr xaricdə təhsil almaq üçün universitet seçərkən bəzi qaydalara riayət etməlidirlər:

"İlk olaraq diqqət olunmalıdır ki, gedəcəkləri universitetin xaricdən tələbə almaq icazəsi varmı? Digər tərəfdən xarici təhsil aldığı ali məktəblərin diplomlarının tanınması üçün ölkədən çıxış-giriş prosesi ilə bağlı Sərhəd Qoşunlarına sorğu yollanılmalıdır. Ən əsas məsələ isə şəxsin xaricdə təhsil aldığı ali məktəblə Azərbaycan Təhsil Nazirliyi arasında müqavilə olmalıdır. Azərbaycanda ali məktəblərə qəbul olmayan şəxslər ilk növbədə, orta məktəb sənədi ilə xarici ölkələrdə təhsil almağa üz tutur. Bu zaman valideynlər, abituriyentlər bir neçə vacib nüansa diqqət yetirməlidir. Birincisi, övladlarının təhsil alacağı universitetin nostirifkasiya.edu.az saytında Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tanınıb-tanınmadığına baxmalıdırlar. İkincisi, həmin universitetin özünün fəaliyyət göstərdiyi ölkədə fəaliyyət göstərmək üçün lisenziyasının olub-olmadığına diqqət etmək lazımdır. Bunlar ilkin əsas səbəblərdir. Hər il yüzlərlə valideyn xaricdə təhsil xidməti göstərən özəl mərkəzlər tərəfindən aldadılıb. Əsasən, valideynlərə vəd edilən şəhərlərdə, universitetlərdə və ixtisaslarda aldadılma faktları aşkar olunur. Bundan başqa, valideynlərə vəd edilir ki, övladları birbaşa birinci kursda təhsil alacaq, amma məlum olur ki, onları hazırlıq qruplarına qəbul etdiriblər. Bəzi xaricdə təhsil xidməti göstərən mərkəzlər valideynlərə təqaüd, qalma yeri kimi məsələdə vəd etsələr də, bunu yerinə yetirmirlər. Bu baxımdan valideynlər son dərəcə diqqətli olmalıdırlar".