“Üzü dənizə oturmusan, çox pul verməlisən...” - Restoranlar “çayevoy” adıyla necə cibimizə girir?
Bir neçə gün bundan əvvəl dostlarla birlikdə şəhər restoranlarından birində oturub, özümüzə yemək sifariş etdik. Restorana daxil olduğumuz andan etibarən əslində burada xidmətin aşağı səviyyədə olduğunu hiss etmişdik. Bunun üçün sadəcə müştərilərin üzündəki “təbəssüm” ə baxmaq kifayət idi. Sifarişlərimizi etdik, 45 dəqiqədən sonra bəzi yeməklər gəldi, digərlərini soruşanda isə cavabları bu oldu- “Yadımızdan çıxıb, indi hazırlayıb gətirərik”. Sonda hesabı gətirəndə qəbzin altında xidmət haqqı gözümə dəydi. Ofisiant göstərdiyi “yüksək” xidmətə görə bizdən xidmət haqqı tələb edirdi? Halbuki xidmətdən narazı qaldığımızı onlara öncədən xəbərdarlıq etmişdik.
Apardığımız sorğu zamanı analoji vəziyyətlə bir çox insanların rastlaşdığının şahidi olduq. Qəbzin altında qeyd olunan bu əlavə pul müştərinin qanını qaraldır. Bəzi hallarda məkan sahibi ilə müstəri arasında mübahislərə də səbəb olur. Çünki restoran çalışanları əlavə xidmət haqqı barədə qonağa məlumat vermirlər. Bəs görəsən xidmət haqqı nədir və necə təyin olunur? Müştəri xidmətdən narazı qalırsa onu ödəməkdən boyun qaçıra bilər? Bütün bu suallara cavab tapmaq üçün mövzunu araşdırmağa qərar verdik.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, “xidmət haqqı” menyuda göstərilməli və istehlakçı bununla öncədən tanış olmalıdır.
“Əhali bilməlidir ki, bütün dünyada istehlakçılara yaxşı xidmət göstərsən, o mütləq çay pulu verir. Yaxşı xidmət göstərəndə Kanadada 20 faizə qədər çay pulu verirlər. Lakin gedib heç yerdə zor tətbiq etmirlər. Son şikayətin biri bu idi ki, istehlakçı restoranda yeməyi yeyəndən sonra ona deyiblər ki, sənin xəbərin yoxdurmu sən muzey restoranda oturmusan?! Sən 20 faizə qədər əlavə pul verməlisən. Nazirlər kabinetinin 94 saylı qərarında birmənalı şəkildə göstərirlər ki, istehlakçıdan alınacaq məbləğ və yeməyin dəyəri, əlavə xidmət nə varsa menyuda göstərilməlidir. Təəssüflər olsun ki, menyuda heç nə göstərilmir, istehlakçı əvvəlcədən xəbərdar olmur. İstehlak edəndən sonra, bəzən istehlak etmədiyi malı da ora daxil edirlər, servis haqqı, xidmət haqqı dedikləri böyük miqdarda pul alırlar. Hətta bəzi restoranlar var ki, deyirlər ki, üzü dənizə oturmusan, çox pul verməlisən” deyə Eyyub Hüseynov bildirib.
Xidmətdən razı qalmadığı halda vətəndaş nə etməlidir? Hüquqşünas Nicat Ələkbərzadə bildirib ki, bu şikayətlərlə bağlı xüsusi qaynar xətt var.
“Təbii ki, nəsə bir narazılıq varsa, ilkin olaraq bunlar həmin müəssisədə qeydə alınmalıdır və istehlakçı hesab edirsə ki, ona düzgün xidmət göstərilməyib, düzgün xidmət göstərilmədiyi təqdirdə İstehlakçıların Hüquqlarının müdafiəsi haqda qaynar xətt var, qaynar xəttə müraciət edib öz şikayətlərini bildirə bilərlər. Eyni zamanda yerdəki xidmət göstərən sahə bununla razılaşmırsa, bu haqda müəyyən mübahisə yarana bilər. Mübahisə də elə bir konteksdə olmalıdır ki, müvafiq araşdırma aparılsın. Doğurdan da xidmət göstərən sahədə şəxs yeməkləri vaxtında çatdırmayıb və yaxud yeməklər soyuq olubsa, araşdırma nəticəsində də həqiqətən də bunlar sübuta yetirilərsə müştəri xidmət haqqını ödəməkdən imtina edə bilər” deyə hüquqşünas bildirib.
Bu kimi hallar qiymət intizamının pozulması kimi dəyərləndirilir. Əgər xidmət haqqı menyuda qeyd olunmayıbsa, müştərinin onu ödəməsi zəruri deyil. //Moderator.az//