Direktor xadimə ilə RƏQABƏTDƏ... - GİLEY
Şamaxı rayonu, Nüydü kənd sakini Hacıyeva Tahirə Məhəmmədəli qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, onu səbəbsiz yerə işdən çıxarıblar:
“Mən, Hacıyeva Tahirə Məhəmmədəli qızı, bildirirəm ki, 15 ildir Nüydü kənd tam orta məktəbində yarım ştat xadimə işləyirdim. Şagird azlığına görə, məkətəbdə ixtisar aparıldı və bu, ancaq tam ştatda olanlara şamil edildi. Nüydü kənd orta məktəbin direktoru Yaşar Xəlilov də mənə dedi ki, yarım ştat çalışanlar ixtisara düşmür. Ancaq sonradan mənim işimi məndən xəbərsiz, ixtisara düşən, bütöv ştatda olan şəxsə verib.
Soruşdum ki, mənə ixtisar gəlməyib, niyə işdən azad edirsiniz? Dedi ki, hara istəyirsən şikayət et, mən qanun tanımıram.
Bu haqda Dağlıq Şirvan Regional Təhsil İdarəsinə məlumat vermişəm. Lakin mənim şikayətimə baxılmır. Maarif şöbəsinə getdim, orada da şikayətimə baxılmadı. Qanun varsa, niyə mənim şikayətimə baxılmır? Xahiş edirəm, mənim öz işimə qaytarılmağıma kömək edin”.
Qeyd edək ki, məsələ ilə bağlı 08.10.2024-cü il tarixində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırova sorğu göndərsək də, indiyədək heç bir cavab verilmir.