“Ölü doğulan” qurumun vergi tələbi – Hansı xidmətə görə vətəndaş borcludur?
“Vergi qanunvericiliyinə əsasən, vətəndaş bələdiyyələr tərəfindən ona bildirişdə göstərilən vergi borcunu ödəmələdir. Vətəndaş vergi borcunu ödəmədikdə bələdiyyələr öz qərarlarını ərazi üzrə icra probasiya şöbələrinə təqdim edirlər. Əmlak və torpaq vergisini ödəməyən şəxslərin borclarının üzərinə dəbbə pulu gələcək, ödəməyənlərdən məhkəmə qaydasında tələb ediləcək”. Bu sözləri Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov deyib.
Vətəndaşlar isə onlara vergi borcu ilə bağlı bildirişlərin gəlməsindən narazılıq edirlər. Bir çox vətəndaş hesab edir ki, bələdiyyələr heç bir xidmət göstərmədiyi halda onlara pul ödəmək doğru deyil. Əksəriyyət bu pulu ödəməkdən imtina edir. Amma digər yandan məhkəməyə verilmək də istəmirlər.
Mövzunu AYNA-ya şərh edən iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda bələdiyyələr “ölü doğuldu”, onlara səlahiyyət və məsuliyyət yüklənmədi: “Bələdiyyələr yarandığı gündən icra hakimiyyətinin qulluğuna verildi. Ona görə də, bələdiyyənin imici “torpaq satan” qurum kimi formalaşdı. İndi də bələdiyyə rəsmisi deyir ki, vətəndaş bələdiyyələr tərəfindən ona verilən bildirişə görə vergi ödəməlidir, ödəməsə, cərimələnəcək. Anlamır ki, bələdiyyələr vətəndaşdan yazdığı kağız parçasına, bildirişə görə deyil, göstərdiyi xidmətə görə vergi toplamalıdır. Həmin rəsmi şəxsə demək lazımdır ki, siz əvvəl xidmət göstərin, sonra vergi tələb verin. Çünki bu işin fəlsəfəsi budur. Ona görə də vətəndaşlar narazılıqlarında haqlıdırlar”.
“Mən, rəhbərliyində olduğum siyasi güc mərkəzi olan REAL Partiyası yarandığı gündən ardıcıl, elmi əsaslarla sübut etdiyi sənədlərlə, siyasi bəyanatlarla yerli özünüidarənin gücləndirilməsinə çağırış edib. Biz icra hakimiyyəti qurumlarının ləğv edilməsini tələb edirik. Təklif etmişik ki, birbaşa seçilən mer institutu yaradılmalıdır. Eyni zamanda, bələdiyyələrin səlahiyyəti, məsuliyyəti artırılmalı, böyük şəhər bələdiyyələri yaradılmalı, şəhər-qəsəbə-kənd bələdiyyə sədrləri birbaşa seçkilər vasitəsi ilə vətəndaşlar tərəfindən seçilməlidirlər. O zaman bələdiyyə institutu inkişaf edəcək və vergi məsələsi də, xidmət məsələsi də həllini tapacaq. Xidmət göstərmədən vergi toplamaq gülməlidir. Ümumiyyətlə, hər zaman belə olub, təyin edilmişlər təyin edənin, seçilmişlər isə vətəndaşın qarşısında məsuliyyətli olurlar”, - deyə Cəfərli fikrini tamamlayıb.