Sosial

Elm və Təhsil Nazirliyinin yenə qalib elan etdiyi “Azedunet” kimindir? - EYNİ NAZİRLİK, EYNİ ŞİRKƏT...

Elm və Təhsil Nazirliyinin yenə qalib elan etdiyi “Azedunet” kimindir? - EYNİ NAZİRLİK, EYNİ ŞİRKƏT...


Azərbaycanda dövlət qurumlarının tenderləri hələ də ölkə iqtisadiyyatının və dövlət büdcəsinin “ağrılı yeri” olaraq qalır. Bir çox qurumların rəhbərləri dəyişdirilsə də, “köhnə iş prinsipləri” yaşamaqda davam edir...

“AzPolitika” dövlət satınalmaları portalına istinadla xəbər verir ki, Təhsil Nazirliyi Nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi “Elm və Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna, təhsil müəssələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına texniki dəstək” tenderinin nəticələrini elan edib.

Tenderin qalibi bundan öncə də nazirliyin milyonluq tenderlərini qazanmış “Azedunet” MMC olub. Qalib şirkətə 4 268 001 manat ödəniləcək. Qeyd edək ki, “Azedunet” MMC 2007-ci ildə yaradılıb, şirkətin qanuni təmsilçisi Natiq Yəhyayevdir.

Təbii ki, ola bilsin, sözügedən şirkətin göstərdiyi xidmət nazirliyi hansısa mənada təmin edir. Lakin məsələnin yalnız şirkətin iş keyfiyyəti ilə bağlı olduğunu düşünmək yəqin ki, sadəlövhlük olardı. Çünki mətbuatda dərc edilən məlumatlarda sözügedən şirkətin Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədova aid olduğu qeyd edilir.

Məsələ ondadır ki, Samir Məmmədovun özü hazırda “Azedunet” MMC-yə 4 milyonluq tenderi verən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinə 9 il - 2008-2017-ci illərdə rəhbərlik edib.

Onun olduğu iddia edilən “Azedunet” isə artıq bir neçə ildir ki, sözügedən qurumun milyonluq tenderlərini qazanır. Bütün bunları nəzərə alaraq, bu cür şirkətlərin nədən ayrı-ayrı nazirliklərin “favoritinə” çevrildiyini anlamaq çətin deyil...

“AzPolitika