Yasamalda 64 ailə evində donur – “Azəriqaz”, BŞİH və “Azəristilik” hara baxır?
Paytaxtın Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 1 ünvanında yaşayan sakinlər neçə illərdir istilik və qaz problemindən əziyyət çəkirlər. Bu barədə Tribunainfo.az-a məktubunda sakinlərdən biri Rauf Əliyev yazıb. O, qeyd edir ki, adıçəkilən 16 mərtəbəli binada 64 ailə, yəni 300-ə yaxın sakin yaşayır. Bildirilir ki, 90-cı illərin əvvəli tikilən və dövlətin balansında olan binada əvvəldən qaz çəkilişi nəzərdə tutulmayıb. Binada istilik sistemi var, qızdırıcı xətlər, radiatorlar quraşdırılıb, amma mərkəzi istilik sisteminə onillərdir qoşulmur.
Sakinlər şikayət edir ki, qışda mənzillərdə soyuğa dözmək çox çətindir.
Özəl MTK-nın olmayan, dövlətin balansında olan binada istilik sistemi var, qızdırıcı xətlər quraşdırılıb, amma mərkəzi istilik sisteminə illərdir qoşulmur, bina istiliklə təmin olunmur. Bu problem soyuq qış günlərində özünü daha qabarıq şəkildə büruzə verir.
12 ildir bu binanın sakini olan Rauf Əliyev bildirir ki, bu illər ərzində onların aidiyyəti qurumlara edilən bütün çoxsaylı müraciətləri heç bir müsbət nəticə verməyib.
Sakinlərə rəsmi qurumlardan gah deyiblər yeni istilik qazanxanası tikilməsinə vəsait yoxdur, gah da deyiblər binaya qaz çəkə bilmərik, çünki əvvəlcədən nəzərdə tutulmayıb, ya da vəd veriblər ki, problem həll olunacaq, amma həll olunmayıb.
R. Əliyev yazır ki, indiyədək etdikləri rəsmi müraciətlərinin heç bir faydası olmayıb, rəsmilər yalnız söz verməklə kifayətləniblər.
“Bakı İcra Hakimiyyətinə, “Azəriqaz” “Azəristiliktəchizat”-a, Nazirlər Kabinetinə və digər yerlərə çoxsaylı müraciətlər, şikayətlər etsək də, problemimiz telekanallarda işıqlansa da, bizim illərdir çəkdiyimiz bu zülmə bir tədbir görülmür.
Binamız MTK deyil, sovetlər dağılandan sonra tikilib. Evlərimizi qızdırmaq üçün altenativ vasitələrdən istifadə edirik. Məsələn, evi qızdırmaq üçün kondisionerdən, yağla işləyən radiatorlardan, isti su üçün aristondan istifadə edilir ki, bu da bizə çox baha baş gəlir. Elektriklə işləyən kombi lap kəllə-çarxa çıxır -300-400 manat işıq pulu yazır”. O da deyilir ki, bununla belə yenə də mənzilləri normal qızdırmaq olmur: “Hər şey elektriklə olduğundan soyuq aylarda- oktyabrdan martacan hər ay işığa hələ qənaət edə-edə böyük miqdarda-təxminən 200-300 manat ödəməli oluruq ki, bu da maddi cəhətdən cibimizə uyğun deyil.
Əvvəllər binada qazın, istiliyin olmamasını nəzərə alıb heç olmasa bizə işıq pulunda 50 faiz güzəşt edirdilər. Amma sonrdan bu güzəşt ləğv olundu.
Bundan başqa əvvəl işıq pulu ayrı-ayrı dövrlərdə 2, 6, 7 qəpik idi.
İndi 200 kilovat/saatla 300 kilovat/saat arasında istifadə edən abonentlərin tarif qiyməti 9 qəpiyə qalxıb.
300 kVts limiti keçəndə 13 qəpikdən ödəməlisən. Məndə işıq ayda 1700,1800 kVts yazır, limiti isə 1 həftəyə keçir .
Mən hər ay işığa 200 manat və daha çox pul ödəyirəm ki, bu da büdcəmə uyğun deyil. İşlətməsən də olmur.
Düzdür isti aylarda, bu məbləğ bir qədər az 100 manat olur, amma binada qazın olmaması bir çox başqa çətinliklər yaradır.
İstiliyin olmamasından mənzillərdə nəmişlik yaranır, divarlar, oboylar qaralır və digər fəsadlar olur. Buna görə tez-tez böyük xərc çəkib evlərimizi təmir etmək məcburiyyətində qalırıq.
Bundan başqa, biz istiliyə görə bu qədər xərc çəkməyimizə baxmayaraq, evimizdə qızına bilmədiyimizdən bir çoxlarının xəstələnməsinə gətirib çıxarır. Bu cür acınacaqlı vəziyyət binanın yaşlı, xəstə olan sakinlərinə, balaca uşaqlara daha pis təsir edir. Nəticə olaraq üstəlik dava-dərmana da xeyli xərc çəkməli oluruq.
Biz hesab edirik ki, bina mərkəzi istilik sisteminə qoşulmasa belə heç olmasa qaz olsa idi biz istilik problemini kombi vasitəsilə öz vəsaitimiz hesabına həll edərik. Bu bizə qat-qat ucuz başa gələrdi. Çünki işığa görə ayda 200-300 manata ödəməyə əksəriyyətin imkanı yoxdur.
Mərkəzi istilik sisteninə qoşulsaq belə bizim problem tam həll olunmayacaq. Maksimum istilik probeni həll olunacaq. Amma qaz çəkilsə problem kökündən həll oluna bilər.
Amma bununla belə biz heç olmamaqdansa təkcə mərkəzi istilik sisteninə qoşulmağa razıyıq. Amma bu da belə həll olunmur.
“Azəristiliktəchizat”dan bizə bildirirlər ki, yaxınlıqda qazanxana yoxdur. Bizim üçün xüsusi bina tikməyə də vəsaitləri yoxdur. Deyirlər ki, icra hakimiyyəti nə vaxt pul ayırsa o vaxt tikmək olar. Yasamal İcra hakimiyyəti də deyir ki, büdcədə pul yoxdur, dövlətdən pul ayrılmalıdır.
Beləcə bizim problemimizin həlli dalana dirənir, bizə laqeyd yanaşılır. Halbuki icra hakimiyyəti vəsaitin ayrılması üçün müraciət edə bilər istəsə.
Düzdür, Yasamalda bizdən başqa da elə binalar var ki, orda qaz yoxdur,amma onlar heç olmasa mərkəzi istilik sisteminə qoşulub.
Amma bizdə nə qaz var, nə də mərkəzi istilik sistemi…
Bu baxımdan bizim vəziyyətimiz ikqat acınacaqlıdır. Sakinlərin əksəriyyəti binaya qaz çəkilməsinin tərəfdarıdır.
Bu dövlətə də ucuz başa gələ bilər, nəinki qazanxananın tikilməsi.
Bizə hansısa firmanın adamı tərəfindən binanın qazlaşdırılması təklif olunub.
Amma deyilən məbləğ külli miqdarda olub deyə bizim buna imkanımız çatmayıb. Qaz çəkilərsə biz hətta borunun balkonacan çəkilməsinə də razıyıq.Necə ki, indi bir çox hümdürmərtəbəli binalarda belə edilir.
Əslində bir vətəndaş olaraq bizim istiliklə təmin olunmağımız bizim qanuni hüququmuzdur, haqqımızdır.Bu binanın tam qaydasında olan sənəddə də öz əksini tapıb.
Sonda bütün aidiyyəti dövlət qurumlarına mətbuat vasitəsilə bizim problemin həll olunmasını üçün yenidən müraciət edirəm.Ümid edirəm bizim sosial problemimiz axır ki, öz həllini tapacaq”.
Sonda vətəndaş Rauf Əliyev öz əlaqə nömrəsini də təqdim edib ki, aidiyyatı orqanlar əlaqə saxlasın.(055) 548 65 05