Sosial

“Azərmaş lizinq”ə şok ittiham: “Krediti gecikdirən avtomobil sahiblərini təqib edirlər…” – MMC isə deyilənləri təkzib edir

“Azərmaş lizinq”ə şok ittiham: “Krediti gecikdirən avtomobil sahiblərini təqib edirlər…” – MMC isə deyilənləri təkzib edir

“Bakıda yeni reketlər peyda olub. Son günlər müxtəlif şəxslərdən, müxtəlif mənbələrdən məlumatlar almaqdayam. Bir qədər də özüm dəqiqləşdirmə apardım. Demək, Bakıda müxtəlif kredit-lizinq təşkilatları var ki, vətəndaşlara xoş və “şirin” vədlərlə avtomobil krediti ayırır. Daha sonra 3-5 gün (üzrlü və ya üzrsüz səbəblərdən) vətəndaşlar krediti yubadan kimi işə bu kredit-lizinq təşkilatlarının “problemli şöbəsi” qarışır. Hansı ki bu “şöbə” elə özü başdan-ayağa problemdir. Bu problemli şöbənin rəhbərliyi isə tam qeyri-qanuni olaraq qolu zorlu əməkdaşlarını salır Bakı küçələrinə. Bu şəxslər də Bakının ortasında avtomobillərə qanunsuz olaraq “saxla” əmri verir. Beləliklə, bilavasitə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin və Dövlət Yol Polisinin səlahiyyətlərini mənimsəyirlər. Amma fərqində deyillər! “Kabinet”də oturmuş “problemli şöbənin problemli rəhbərinin” qeyri-qanuni tapşırığını icra edirlər! Anlamırlar ki, sürücüyə “saxla” əmrini yalnız polis əməkdaşı verə bilər. Əlqərəz, vətəndaşlarımız isə tam doğru olaraq, xüsusi jarqon və xüsusilə də kobud ifadələrlə (tonla) qanunsuz “saxla” əmri verən bu enlikürək mülki geyimli şəxslərdən rahatsız olaraq, onların qanunsuz əmrlərinə tabe olmayaraq hərəkəti davam etdirdikdə bu şəxslər başlayırlar vətəndaşı qovmağa, təqib etməyə”.

Pravda.az xəbər verir ki, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bu iddianı “Azərmaş lizinq” MMC-nin fəaliyyəti barədə səsləndirib.

“Polisin qanuni vəzifəsini mənimsəməklə yanaşı, vətəndaşın azad və sərbəst hərəkət etmək hüququnu kobud pozmuş olurlar. Eyni zamanda vətəndaşı yolda sıxışdıraraq qəza törətməsinə zəmin yaradırlar. Bu da azmış kimi vətəndaş həyətinə daxil olduqda, Konstitusiya ilə vətəndaşın qorunan mülkiyyət toxunulmazlığını kobud formada pozaraq heç bir məhkəmə qərarı olmadan vətəndaşın xüsusi̇ mülki̇yyəti̇nə daxil olur, əməllərini tamamlayırlar… Nə var, nə var, hər əmri icra etdikdə kabinetdə oturan “problemli şöbənin rəisindən” 100 manat pul alacaqlar… Yəni bu boyda qanunsuzluq 100 manatın başındadır… Otaqda oturan “problemli şöbənin rəisi” də vətəndaşdan aylıq kreditdən əlavə nəsə rüşvət alacaq! Qanunları saymırsınız! Unudursunuz ki, hüquqi dövlətdə yaşayırıq?! Anlamırsınız ki, bu etdikləriniz qanunsuzdur! Bütün bu özbaşınalıqların, qanunsuzluqların başında isə “Azərmaş lizinq” MMC-nin problemli kreditlərlə iş şöbəsinin müdiri Ramin adlı şəxs dayanır! Maşın sahiblərindən, sahibkarlardan kreditdən əlavə aldığı rüşvətlərin hamısının sübutları mənə təqdim edilib. Aidiyyatı dövlət qurumlarına təqdim edəcəyəm. O, iş adamlarını təhdid altında saxlayır. Amma unudur ki, dövlət bu kimi sui-istifadə hallarını və qanunsuzluqları bağışlamaz. Son olaraq aidiyyatı qurumlardan, xüsusilə də, Daxili İşlər Nazirliyindən, Azərbaycan Respublikasının Baş Prokurorluğundan və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən “AzərMaş” MMC adlı bu qurumun, eyni zamanda bu qurumun məsul şəxsi Raminin qanunsuz əməllərinə hüquqi qiymət vermələrini xahiş edirəm. İnanıram ki, bu rekertliyə və qanuna zidd əməllərə ən qısa zamanda son qoyulacaq. Yuxarıda göstərdiyim şəxsə və MMC-yə Azərbaycanda 1990-cı illər olmadığı, oturuşmuş dövlətçilik və qanunçuluq ənənələri olduğu xatırladılacaq. Ramin adlı “qoçu dəstənin rəhbərinin” şəxsi bank hesabına bu günədək köçürülmüş mənə məlum qanunsuz köçürmələrin “screen”lərini paylaşacağam”.

Pravda.az məsələni aydınlaşdırmaq üçün Ramin adlı şəxslə əlaqə saxlayıb. O, soyadını açıqlamaq istəməyib, amma iddiaların həqiqətəuyğun olmadığını bildirib.

“Biz hansı zəmanədə, hansı dövlətdə yaşayırıq? 1991-1992-ci illərdə belə şeylər ola bilərdi. Artıq o zəmanədə yaşamırıq. Hər şey qanuni şəkildə həyata keçirilir, heç bir problem yoxdur. Şirkətə gələ bilərsiniz, sənəd əsasında göstərə bilərik. Normal insanlar gəlir, normal qaydada kreditini ödəyir. Yəqin ki, kimsə kreditini vaxtında ödəməyib, maşınını əlindən alıblar, ya da bankla bağlı problemi yaranıb, işi məhkəmədə olub. Məni də tanıyır, adımı bilir, gedib ağzına gələni yazır. Onsuz da hamıdan yazırlar. Bu xüsusiyyət insanlarda var”, - o qeyd edib.

Şirkət rəsmisi A.Şakiroğlunun “Ramin adlı “qoçu dəstənin rəhbərinin” şəxsi bank hesabına bu günədək köçürülmüş qanunsuz köçürmələrin “screen”ləri paylaşacağam” deməsinə isə belə cavab verib: “Yalan danışır. Qoy sübutlarla paylaşsın, heç bir problem yoxdur. Biz qanunsuz iş görmürük, nə etmək olmazsa, onu etmirik. Həqiqətən, yalandır, böhtan atır”.