Sosial

Mədəniyyət Nazirliyi kinematoqrafçıların qanuni vəsaitini niyə vermir? - "2 ildir "araşdırırıq" deyirlər"

Mədəniyyət Nazirliyi kinematoqrafçıların qanuni vəsaitini niyə vermir? - "2 ildir "araşdırırıq" deyirlər"


Mədəniyyət Nazirliyi kinomatoqrafçıları özündən narazı salıb. Buna səbəb, Azərbaycan Dövlət Film Fondunda keçirilən pitçinqdən sonra qalib gələn yeddi layihənin reallaşdırılmamasıdır. Layihənin reallaşdırıla bilməməsinin səbəbi qalib gələnlər üçün nəzərdə tutulan maliyyə dəstəyinin adıçəkilən qurum tərəfindən verilməməsi, laqeyd yanaşılmasıdır. Məsələ ilə əlaqədar kinematoqrafçılar Mədəniyyət Nazirliyinə rəsmi məktub ünvanlasa da, onlara hər hansı bir cavab verilməyib.
Məlumat üçün qeyd edək ki, 2021-ci il, 30 noyabr tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin veb səhifəsində elan olunan layihənin keçirilməsində məqsəd –“milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan müstəqil prodüser mərkəzlərinin və istehsal şirkətlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da artırmaq” idi. 2022-ci il 18 mart tarixində Azərbaycan Dövlət Film Fondunda pitçinq keçirilib və bu pitçinq Fondun “Youtube” səhifəsində də canlı yayımlanıb. 8 aprel 2022-ci il tarixində Mədəniyyət Nazirliyinin veb səhifəsində və bir çox rəsmi və özəl xəbər portallarında yekun nəticələr elan olundu. Qalib gələn 7 layihə bu günə kimi reallaşdırlımayıb. Bu da kinematoqrafçılar arasında narazılığa gətirib çıxarıb.

Məsələ ilə əlaqədar xəbər portalımıza ekskluziv müsahibə verən yazıçı, rejissor Nicat Dadaşov Bizimyol.info xəbər portalının suallarını cavablandırıb.

- Nicat bəy, Mədəniyyət Nazirliyinə ünvanlanan rəsmi məktubunuza müsbət və ya mənfi yöndə hər hansı açıqlama verilibmi?

Bizim Mədəniyyət Nazirliyinin rəsmi şəxsləri ilə, o cümlədən keçmiş və indiki nazirlərlə görüşümüz olub. Eyni zamanda qurumun şöbə müdirləri ilə də nazirlik vasitəsilə görüşlər keçirmişik. Bizə verilən bütün açıqlamaları yalnız bir ifadəyə sığdırıblar: "Məsələyə baxılıb, araşdırılıb, sizə cavab veriləcək". Dəfələrlə müraciətlərimizə, qəbullarda olmağımıza baxmayaraq, bu ifadədən kənar bir cavab ala bilmirik. Üstündən iki il keçməsini də nəzərə alsaq, verdikləri bu açıqlamanın artıq keçərli olmadığını təbii ki, anlaya bilirik. Ancaq indi bu məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən daha konkret bir açıqlama gözləyirik.

- Bəs Nazirliyin layihəsi hal-hazırda yenə davam etdirilirmi? Əgər etdirilirsə, qalib gələn 7 layihənin hələ də reallaşdırılmamasının səbəblərini nədə görürsünüz?

Nazirlik qeyd etdiyi müsabiqədən savay, iki il ərzində iki ssenari müsabiqəsi də keçirib və orda da hamının aqibəti bizim layihənin aqibəti kimi olub. Elə bu yaxınlarda da piçtinq keçirildi, qaliblər elan olundu, onların ödənişləri ilə bağlı hda eç bir məlumat yoxdur. Ümumiyyətlə, bu tendensiya davam etdirilir. istər bizim yeddi layihə, istər digər qaliblər olsun, istərsə də indiyədək keçirilmiş üç müsabiqə olsun, onların heç birində bir irəliləyiş yoxdur.

- Əvvəllər də film sahəsində bu cür problemlər baş veribmi? Ümumiyyətlə, bədii film sahəsində hansı qanuni çatışmazlıqlar, boşluqlar var? Bu istiqamətdə hansı addımların atılmasını istərdiniz?

Hər kəsin bildiyi bir reallıqdır ki, bizim film sektoru olduqca "kasıb", inkişafdan dayanmış bir vəziyyətdədir. Boşluqlar çoxdur, əsasən də sistem boşluğu var. Bax, bizim narazılığımızın bir qismi də bu boşluqla - reallaşmamış layihələrlə bağlıdır. Ortaya bir təşəbbüs qoyulur, amma onun arxasında hərəkətsizlik olduqda, bu, fəaliyyətsizlik kimi görsənir.Demək olar ki, son üç il ərzində heç bir film istehsal olunmayıb.Burada maddi problemlərlə yanaşı, vergi məsələləri də var. Yetərincə ciddi problemlər var. Ancaq problemin özəyi dövlətin qanuni şəkildə keçirdiyi layihələrin elə qanuni şəkildə qaliblərinə qarşı heç bir müsbət addım atılmamasıdır.

- Qalib gələn 7 layihəyə ayrılmalı olan vəsait nə qədər nəzərdə tutulur? Nazirlik bununla bağlı şəffaf açıqlamalar veribmi?

Bəli, Nazirlik müsabiqəni elan etdikdə, toplam büdcə üç yüz min manat qeyd olunmuşdu. Bu haqda Nazirliyin press-relizlərində də var, eyni zamanda müsabiqənin şərtləri də şəffaf şəkildə ictimaiyyətə təqdim olunub. Nəzərdə tutulan üç yüz min manat vəsait qalib gələn yeddi layihə arasında bölüşdürülməli idi. Yeddi layihədən ikisi istehsalata gedən filmdir, tam büdcəsi verilməli idi. Digər beş layihəyə isə ssenari inkişafına görə vəsait təqdim olunmalı idi. Bunlar hamısı şəffaf şəkildə təqdim olunub, amma bir xəbər yoxdur.

- Məhkəməyə müraciət etmək fikriniz varmı?

Məhkəmə ilə bağlı hələ ki, bir fikrimiz indilik yoxdur. Çünki o düşüncədəyik ki, Nazirlikdən bir cavab ala biləcəyik. Məhz ona görə bu məsələni belə işıqlandırmağa çalışırıq ki, dövlət tərəfindən bir vəsait ayrılıb, buna rəğmən, o vəsait iki ildir ki, bizə təqdim olunmayıb. Biz indi bununla bağlı açıqlama gözləyirik. Ondan sonrakı etablarda nə edəcəyimizi düşünəcəyik. Amma hal-hazırda iki ildir ki, məsələ "gözləyin, araşdırıb, cavab verəcəyik" pilləsindədir. Biz Nazirlikdən daha konkret cavab, addım gözləyirik.

Qeyd edək ki, mövzu ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu ünvanlamışıq. Nazirliyin rəsmi cavabını növbəti yazıda dərc etməyə hazırıq.