Sosial

3-5 sadə addımla ölkənin nəfəs almasını asanlaşdırmaq olar, bəs niyə bu addımları atmırlar?!

3-5 sadə addımla ölkənin nəfəs almasını asanlaşdırmaq olar, bəs niyə bu addımları atmırlar?!


“Buta Airways” - "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin struktur bölməsidir, yəni, zatən AZAL-a məxsus idi. Bəs nədən eyni ad altında birləşdirilir?! Buta və AZAL-ın eyni istiqamətlər üzrə (Türkiyə, Gürcüstan, Rusiya, Orta Asiya) uçuşları var, eyni istiqamətlərdə müəyyən qiymət fərqi var – AZAL-da daha bahadır. Baha olmasının səbəbi kimi daha fərqli baqaj və yemək siyasəti yürüdüklərini əsas gətirirlər. Məntiqlə, əgər oktyabr ayından tək AZAL brendi bazarda qalacaqsa, deməli, qiymətlər də bahalaşacaq.
Hökuməti məntiqlə anlamaq olmur, çünki öz dünyaları var, əslində 3-5 sadə və hakimiyyətə ancaq reytinq gətirə biləcək addımlar atmaqla ölkədə yığılmış daxili gərginliyi azalda bilərlər və addımlar hökumətə çox ucuz başa gələcək, yəni, maddi dəyəri yüksək olmayacaq.
Məsələn: 1) Quru sərhədləri açırlar,
2) Xarici avia-şirkətləri bazara buraxırlar,
3) İlk addım kimi ailədə ikinci uşağa ayda 100 manat vəsait ayırırlar,
4) Ərzaq və dərmanlarda ƏDV-ni 18%-dən 2%-ə salırlar,
5) Mənasız siyasi həbsləri dayandırıb ziyanın yarısından geri dönürlər – vəssalam.
Bütün bu addımların büdcəyə yükü cəmi 2,5-3 mlrd. manat olacaq, amma bir müddət sonra bu vəsait də dolayısı ilə büdcəyə geri dönəcək –
1) Quru sərhədlərın açılması turizmə, sərhədyani ticarətə əlavə divident gətirəcək, bu isə əlavə vergi yükünün yaranmasına səbəb olacaq ki, büdcəyə xeyri olacaq,
2) Xarici “low-cost” şirkətlərin bazara birbaşa daxil olması regionlarda boş qalan, büdcəyə yük olan hava limanlarını canlandıracaq, bu isə həm turizmə, həm də regionların inkişafına müsbət təsir edəcək, deməli büdcəyə daxilolmalar artacaq,
3) İlk addım kimi ailədə ikinci uşağa 100 manat verilməsi ilə cəmi 1 mlrd. manat büdcə xərci yaradır, amma valideyn aldığı o 100 manatı yastığın altına qoymayacaq ki, xərcləyəcək, xərclədikcə iqtisadi aktivlik yaranacaq, ticarət dövriyyəsi artacaq bu isə büdcəyə əlavə vergilər gətirəcək,
4) Ərzaq və dərmanlarda ƏDV-i 18%-dən 2%-ə salınması büdcəyə ƏDV-dən daxilolmaları 1,4 mlrd. manat azalda bilər, amma vətəndaş qənaət etdiyi pula başqa sahələrdə aliş-veriş edəcək ki (məsələn, ayaqqabı alacaq), bu da qeyri-ərzaq ticarət dövriyyəsində canlanma yarada, o sahədən vergilərin artmasına səbəb olacaq, 5) Siyasi həbslər isə ölkəyə heç bir maddi qazanc gətirmir, əksinə, bəzi ölkələr təzyiqi artıraraq ölkədən iqtisadi güzəştlər qoparırlar – həbslər, həm də maddi olaraq bahadır.
Yəni, 3-5 sadə addımla ölkənin nəfəs almasını asanlaşdırmaq olar və bu hökumətin reytinqinin artmasına səbəb ola bilər – yaxşı, bəs niyə bu addımları atmırlar?! Dedim axı, məntiqlə-ağılla bu hökuməti anlamaq olmur...
Natiq Cəfərli