Sosial

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

Azərbaycan və Pakistan münasibətləri iki qardaş ölkə arasında olan münasibətlərdir

Məlum olduğu kimi, iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin dəvəti ilə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin
Azərbaycana rəsmi səfəri baş tutmuşdur. Səfər zamanı bir sıra mühüm məsələrə
toxunulmuşdur. Azərbaycan Prezidenti cənab İlham Əliyev öz bəyanatında bölgədəki
geosiyasi vəziyyət, Azərbaycan-Pakistan münasibətləri, bu münasibətlərin inkişaf
meyilləri və qarşılıqlı əlaqələrin perspektivləri ilə bağlı tezislər səsləndirmişdir.
Əvvəlcə onu qeyd edək ki, ölkələrimiz arasındakı münasibətlərin çox dəyərli və
maraqlı tarixi var. Müasir Azərbaycan Respublikası ilə Pakistanı keçmişdən bu günə
bağlayan tarixi-siyasi, mədəni-mənəvi və etnik köklərdir. Belə ki, Azərbaycan və
Pakistan arasında bölgə və qlobal problemlərin oxşarlığı ilə xarakterizə olunan
münasibətlər mövcuddur. Tarixdən bəlli olduğu kimi, hələ Səfəvilər və Əfşarların
hakimiyyəti zamanında Azərbaycanın bu regionla çox yaxın hərbi, siyasi-iqtisadi və
mədəni-ədəbi əlaqələri mövcud idi. Ötən əsrin əvvəllərində Pakistanın üzləşdiyi ağır
epidemiya ilə mübarizəsinə dəstək məqsədilə tanınmış azərbaycanlı xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevin öz şəxsi vəsaiti hesabına 300 min ampula peyvəndi dost
ölkəyə göndərməsi bu münasibətlərə yeni mənəvi ruh verdi. Pakistan xaqlı və dövləti
bu tarixi heç vaxt unutmayıb. 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu fakt
ölkədə tədris olunan tarix dərsliklərinə daxil edilib. Yeri gəlmişkən, Azərbaycan
tərəfdən xeyriyyəçilik ənənələri indi də qorunub saxlanmaqdadır. 2016-cı ildə Heydər
Əliyev Fondunun xəttilə Pakistanda zəlzələdən zərərçəkmiş məktəblərin təmir
edilməsi və bir sıra humanitar aksiyaların həyata keçirilməsi dostluq münasibətlərinin
bu gün də yüksək səviyyədə qorunub saxlanmasına mühüm dəstəkdir. Bu əlaqələrin
inkişafına verdiyi əhəmiyyətli dəstəyə görə Azərbaycanın birinci xanımı Mehriban
Əliyeva Pakistanın “Hilal-e-Pakistan” ordeni ilə təltif edilmişdir. Pakistan İslam
Respublikası Azərbaycan Respublikasının dövlət müstəqilliyini 1991-ci ildə Türkiyə
və Rumıniyadan sonra tanıyan ilk üç ölkədən biridir. Bakı ilə İslamabad arasında
diplomatik əməkdaşlığın başlanğıcı 1992-ci ilə təsadüf edir. 1993-cü ildə Pakistanın
Azərbaycanda səfirliyi, 1997-ci ildə isə Pakistanda Azərbaycanın daimi
nümayəndəliyi təsis edilmişdir.
Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfərinin “Heydər Əliyev ili”nə,
həm də məhz 15 İyun- Milli Qurtuluş Gününə təsadüf etməsi də rəmzi məna daşıyır.
Belə ki, 1993-cü ildə ulu öndərin yenidən Azərbaycana rəhbərliyə qayıtması ilə
ölkələrimiz arasında qarşılıqlı münasibətlər yeni mərhələyə qədəm qoymuşdur. 1996-
cı ildə Heydər Əliyevin Pakistana rəsmi səfəri çərçivəsində 9 mühüm sənəd
imzalanmışdır. Azərbaycan və Pakistan dövlət rəsmiləri keçmiş Ermənistan-
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-birilərini
dəstəklədiklərini bəyan etmişlər. 2002-ci ildə isə Azərbaycan və Pakistan Hökumətləri
arasında “Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş” imzalanmışdır.
Pakistan dövləti Müstəqil Azərbaycanı hər zaman dəstəkləmiş, Qarabağın işğal
edilməsini beynəlxalq səviyyədə pisləmiş, açıq formada Azərbaycanın geosiyasi və
strateji maraqlarını müdafiə etmişdir. Rəsmi İslamabad Azərbaycanla düşmən
mövqeyində duran Ermənistanı indiyə qədər suveren dövlət kimi tanımır. 2015-ci ildə
Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında “Strateji
tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanmışdır. 2016-cı ilin aprel döyüşləri
zamanı və daha sonra 44 günlük Vətən müharibəsi dövründə 200 milyonluq Pakistan
xalqı Azərbaycanın yanında olduğunu nümayiş etdirmişdir. Cənab İlham Əliyev bir
nümunə ilə bu münasibətlərin dəyərini belə ifadə etmişdir: “Pakistan və Azərbaycan
hər zaman çiyin-çiyinə dayanan ölkələr olublar. Daha mühüm amillərdən biri odur ki,
xalqlarımız da öz rəhbərlərinin fikrini bölüşürlər və Bakının müxtəlif yerlərində
Pakistan bayraqlarını görə bilərsiniz. Bu, İkinci Qarabağ müharibəsi dövründə asılmış
bayraqlardır”.
Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında sülh sazişi
üzərində hazırda gedən danışıqlarla bağlı Pakistanın Baş nazirinə məlumat verərkən
demişdir: “Bu sazişin imzalanmasının perspektivləri var. Sadəcə olaraq, Ermənistan
siyasi iradə nümayiş etdirməlidir, artıq rəsmi olaraq bəyan etdiklərini kağız üzərində
həkk etməlidir ki, Qarabağ – Azərbaycandır”. Baş nazir Məhəmməd Şahbaz Şərifin
indiki geosiyasi şəraitdə Azərbaycan səfəri əlaqələrin inkişafını sürətləndirmək və
enerji məsələlərində münasibətləri gücləndirmək baxımından mühüm aspektləri
əhatə edir. Bəyanatlarda səslənən ən vacib məqamlardan biri də odur ki, Azərbaycan
və Pakistan hərbi sahədə də daha önəmli fazaya keçməyi qərarlaşdırmışlar.
Beləliklə, bu səfərin nəticələri onu deməyə əsas verir ki, bizim üçün Pakistan
demokratik dəyərlərə sahib olan və dünyada ən yaxın müttəfiq ölkələrdəndir.
Görünən odur ki, istənilən geosiyasi şəraitdə ölkələrimiz arasındakı tarixi-siyasi və
mədəni-mənəvi münasibətlər eyni vüsətlə inkişaf edən xətt üzrə irəliləməkdədir.

Sahib Həsənov,
Salyan rayonu, tarixçi-tədqiqatçı, YAP fəalı