Ən böyük problemlərdən biri: Bahalı və keyfiyyətsiz dərman - NƏ ETMƏLİ?
Ölkənin dərman bazarında problemlər həllini tapmaqdansa, gündən-günə daha da artır.
Belə ki, son vaxtlar apteklərdə dərmanlar getdikcə azalmaqdadır. Hətta vətəndaşlar bu gün əllərində resept bir neçə aptekə üz tutmalı olurlar. Axtardıqları dərmanı tapsalar belə, hər zamankı qiymətindən dəfələrlə yüksək qiymətlə rastlaşırlar. Halbuki qonşu ölkələrdə həmin dərmanları dəfələrlə ucuz qiymətə almaq olur. Məsələn, Bakıdakı apteklərdə bir qutusu 75 manat 66 qəpik olan bir dərmanın iki qutusu Türkiyədə 150 lirəyə (15 manat 69 qəpik) satılır. Bakıda bir qutuya verəcəyimiz pulla təxminən 5 qutu dərman almaq mümkündür. Eyni dərmanın bir qutusunu Tblisidən 11 manata almaq olar. Yaxud Tükiyədə aptekdə 4 manat olan bir dərmanın qiyməti Bakıda 20 manata təklif olunur.
Bu gün Azərbaycanın dərman bazarında problem yalnız tapılmaması, baha olması ilə bitmir, eyni zamanda keyfiyyətsizliyi ilə özünü göstərir. Bu, bir faktdır ki, Azərbaycan aptekində aldığın bir dərmanla xarici ölkədə aldığın eyniadlı dərmanın keyfiyyətində də fərq var. Hətta bəzən həkimlər də bunu təsdiq edir. Buradan da aydın görünür ki, vətəndaşlar yalnız qiymət baxımından deyil, keyfiyyət baxımından da aldadılır.
Dərman bazarında vətəndaşların aldadılmasına nə vaxt son qoyulacaq?
Millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirdi ki, dərmanların bahalaşmasının bir səbəbi kimi dünyada gedən bir sıra münaqişələri göstərmək olar:
“Belə ki, dərmanları daha çox Rusiya, Ukrayna, Türkiyədən alırdıq. İndi müharibə ilə bağlı müəyyən qədər idxal çətinləşib. Çox təəssüflər olsun ki, qonşu dövlət olan Türkiyədən gətirilən dərmanarın qiymətləri də artıb. Bu qiymətlər demək olar ki, hər gün artır. Aptekə gedəndə görürük ki, bir dərmanın qiyməti bu gün 50 qəpikdirsə, sabah 1manat 50 qəpikdir. Soruşanda deyirlər ki, bizə depodan belə göndəriblər.
Əlbəttə ki, bu, yaxşı hal deyil. Çünki insanlar üçün preparat daimi olaraq lazımdır, onların bu dərmanlara ehtiyacı var. Ona görə də çox ciddi tədbirlər görülməlidir. İstər hökumət, istərsə də sahibkarlar tərəfindən bu sahədə düşünülmüş tədbirlər həyata keçirməlidir, belə davam edə biməz. Aztəminatlı, imkansız ailələr var. Onlar bu gün apteklərdən adi dərmanları ala bilmirlər. Artıq məlumdur ki, bu sahədə inhisarçılıq var, onun aradan götürülməsi ilə bağlı ciddi tədbirlər görülmür. Düzdür, bazar iqtisadiyyatıdır, biz sahibkara deyə bilmərik ki, bu malı gətirmə, belə satma. Onların özlərinin insafı olmalıdır. Türkiyədən bura gələn dərmanın qiyməti 4 dəfə artıq satılır. Bu 30, 50 faiz arta bilər. Məlumdur ki, yol xərci, daşınması, gətirilməsi kimi xərclər çəkilir. Ancaq bu qədər ola bilməz axı... Mən bunu düzgün hesab etmirəm. Bu nəinki ziyalıları, bütün ictimaiyyəti narahat edən məsələdir. Bugünlərdə Baş nazir parlamentdə bildirdi ki, mütlq müəyyən tədbirlər görülməlidir. Mən də tədbirlərin həyata keçirilməsinin tərəfdarıyam”.
Dərmanın gətirilməsinə məhdudiyyətə gəldikdə isə millət vəkilinin fikrincə, eyni adda dərmandan çox alınmasına məhdudiyyət ola bilər:
“Yəni müxtəlif adda 3-5 dərman alınmasına heç bir məhdudiyyət qoyulmur. Mən bir neçə il öncə Ukraynaya gedərkən dərman almışdım, yoxladılar dedilər ki, çoxdur. Resepti göstərdik ki, həkim yazıb, o zaman heç nə demədilər. Ancaq elə hallar var ki, bizim vətəndaşlar gedib bir dərmandan 50 dənə götürürlər, bu yolverilməzdir. Müəyyən işbazlar bundan istifadə edirlər, problemlər yaranır. İnanmıram ki, kimsə az dərman alsın və buna məhduudiyyət qoyulsun”.
Millət vəkili deyir ki, dərmanların keyfiyyəti ilə bağlı səslənən iradlar çox doğrudur:
“Məsələn, Almaniyadan alınan dərmanla Azərbaycanda satılan dərman arasında çox ciddi fərqlər olur. Gətirirlər dərmanı, istifadə edirsən, görürsən təsiri olmur. Hətta bunu bir sıra həkimlər də etiraf edirlər ki, filan dəmanı get filan xarici aptekdən al, yerli aptekdən alma. Bu açıqdır, gizlətmək mümkün deyil. Burada vicdan, insaf məsələsi var. Əgər sahibkar gedib pul qazanrsa, bu pul halal olmalı, insanları zəhərləməməlidir. Əksinə, bəzi dərmanlar insanların səhhətinə nəinki müsbət təsir göstərmir, onları zəhərləyir. Bu işbazlar elə hərəkətlər edirlər ki, adam dəhşətə gəlir, puldan ötrü niyə insanları məhv edirsən? Nəinki dərman sahəsində, ərzaq sahəsində də belə hallar baş verir. Tərkibi məlum olmayan ətlərin, geni dəyişdirilmiş meyvələrin satışa çıxarılmasını göstərmək olar. Biz öz millətimizin qayğısına qalmalıyıq. Sahibkar kimi pul qazana bilərik. Ancaq bu halla yolla qazanılmalıdır. Bəzi şayiələr var ki, guya xaricdə iş adamları dərmanın tərkibinin dəyişdirilməsi ilə bağlı təkliflər edirlər. Ancaq mən buna inanmıram ki, xaricdə buna getsinlər. Çünki bu, aşkar olunsa, xarici şirkət yüksək məbləğdə cərimə oluna bilər. O şirkətlər öz nüfuzuna heç vaxt xələl gətirə bilməz. Onlar bu dərmanları dünyaya ixrac edirlər.
Əgər elə bilr hal olarsa, həmin şirkət nüfuzdan düşüb, boykot ola bilər. Ona görə də nə baş verirsə, bizim özümüzünkülər edir. Bu yolverilməzdir. Bu sahə ilə məşğul olan adamlar millətin gələcəyini düşünməlidir. Bu dərmanı yalnız mən almıram, onun xalası oğlu, öz oğlu, yaxın dostu da gəlib o dərmanı ala bilər. Ona görə də bu barədə daha dəqiq fikirləşməlidirlər”.