Naxçıvanda Türkiyə və Azərbaycan hərbçilərinin iştirakı ilə “Sarsılmaz qardaşlıq-2021” təlimləri başlayır
Türkiyə Silahlı Qüvvələri erməni işğalından azad edilmiş Azərbaycan ərazilərində mina axtarışı, minatəmizləmə və zərərsizləşdirmə fəaliyyətinə dəstək verməkdə davam edəcək.
Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmisi Pinar Kara açıqlama verib.
Pinar Kara vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında ortaq fəaliyyət, təlim planlaşdırılması və idarəetmənin uyğun hala gətirilməsi üçün “Qardaş briqada” layihəsi başladılıb.
“Hazırda Azərbaycan Silahlı Qüvvələrində bu ölkənin şəxsi heyəti ilə birlikdə təlim fəaliyyətləri davam etdirilir. Naxçıvanda 5-8 oktyabr tarixlərində “Sarsılmaz qardaşlıq-2021” birgə döyüş atışlı taktiki təlimi baş tutacaq”, - deyə Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmisi vurğulayıb.
P. Kara bildirib ki, təlimin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirməkdir: “Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik”.
Mənbə: Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi “Twitter” səhifəsi