Siyasət

Ermənilər bu dəfə üstümüzə PLANLI GƏLİR... - NƏ ETMƏLİ?

Ermənilər bu dəfə üstümüzə PLANLI GƏLİR... - NƏ ETMƏLİ?


Ermənistanın beynəlxalq ictimai rəyi Azərbaycanın sərhədə və Qarabağa qoşun toplaması iddialarına yönləndirmək cəhdi davam edir.
Nikol Paşinyan bu gün Nazirlər Kabinetinin iclasında BMT Təhlükəsizlik Şurasını “sərhədə və Qarabağa qoşun toplayan Azərbaycana qarşı tədbirlər görməyə” çağırıb. Erməni baş nazir regionda hərbi gərginliyin pik həddə olduğunu və “Azərbaycanı müharibəyə başlamaqda” ittiham edir. Dünəndən başlayaraq, rəsmi İrəvan Ermənistanda akredditasiya olunmuş diplomatlara və hərbi attaşelərə də sərhəddəki vəziyyətlə bağlı məlumat verir, onları “Azərbaycanın hücum edəcəyinə” inandırmağa çalışır.
Hərçənd, ermənilərin 1 sentyabr təxribatından sonra sərhəddə sakitlik hökm sürür, Qarabağda da eyni vəziyyətdir. Əksinə müəyyən fasilələrlə Ermənistan tərəfinin atəşkəsi pozması halları qeydə alınıb.
İrəvanın niyyəti bəllidir və gözlənilən də bu idi: sərhəddə təxribatlarla eskalasiya yaratmaq, məsələni BMT TŞ-yə daşımaq, Bakıya qarşı beynəlxalq təzyiqə nail olmaq; bunun üçün bütün sərhəd boyu ərazilərdə genişmiqyaslı təxribatlar törədəcəkləri gözləntisi hələ də aktualdır;
Burada diqqətçəkən məqam Paşinyan da daxil olmaqla Ermənistan rəsmilərinin “Azərbaycan sərhədə və Qarabağa qoşun toplayır” iddiasının istinad nöqtələridir. Bunun şişirdilmiş iddialar olduğu sirr deyil, xüsusilə Azərbaycan ordusunun öz suveren ərazilərində yerdəyişməsini “qoşun toplamaq” kimi qələmə verdikləri bəllidir. Lakin son günlər ordunun hərəkət istiqamətləri ilə bağlı sosial şəbəkələrdə yayılan məsuliyyətsiz görüntülərin də Ermənistan tərəfindən “Azərbaycan qoşun toplayır” iddiasında “fakt” kimi istifadə edildiyi istisna edilməməlidir. O da istisna deyil ki, rəsmi İrəvan bu görüntüləri diplomatik nümayəndəliklərə təqdim edib və sərhəddə eskalasiya yaratdıqdan sonra beynəlxalq müstəvidə də bunlardan Azərbaycana qarşı istifadə edə bilər.

Asif NƏRİMANLI