Fransa səfiri Azərbaycan XİN-ə çağrıldı - YENİLƏNİB
İyunun 30-da Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Bu barədə Azərbaycan XİN-dən bildirilib.
Görüşdə Fransa Prezidenti Emanuel Makronun Marsel şəhərində erməni icması ilə görüşdə Azərbaycan əleyhinə səsləndirilmiş, Ermənistanı birtərəfli qaydada müdafiə edən və həqiqəti əks etdirməyən fikirlər ilə bağlı Fransa tərəfinə etiraz edilib və məsələyə dair Fransa tərəfindən izahat istənilib.
Səfirə bildirilib ki, dəfələrlə anti-Azərbaycan bəyanatları ilə yadda qalan E.Makronun yenidən qərəzli fikirlər səsləndirilməsi, Fransa prezidentinin Fransanın erməni lobbisinin əlində bir alət olduğunun və müharibə və müharibədən sonrakı dövrdə öz məqsədlərinə nail ola bilmədiyinin bariz nümunəsidir.
Vurğulanıb ki, Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması fonunda E.Makrona istinadən yayılmış bu kimi qərəzli bəyanatlar bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına mane olmaqla yanaşı, separatçılıq və terrorçuluğu təşviq edənlərin və dəstəkləyənlərin destruktiv fəaliyyətinini daha da genişləndirməsinə rəvac verir.
XXX
12:14
Fransanın Azərbaycandakı səfiri Ann Buayon Xarici İşlər Nazirliyinə çağırılıb.
Qafqazinfo xəbər verir ki, diplomatik mənbələrdən əldə edilən məlumata görə, səfirdən son günlər Daşnaksütun partiyasının və erməni lobbisinin Fransada olan nümayəndələrinin Prezident Emmanuel Makronla görüşü və bu görüşdə dövlət başçısının səsləndirdiyi bəzi fikirlər barədə mətbuatda çıxan açıqlamalarla bağlı izahat verilməsi istənilib.
Səfirin diqqətinə çatdırılıb ki, Fransa tərəfi Makronun adından verilən bu açıqlamalara aydınlıq gətirməlidir.
Belə ki, Daşnaksütun və erməni lobbisinin nümayəndələri mediaya açıqlamalarında Emmanuel Makrona istinadən Kişinyov görüşündən dərhal sonra Fransa Prezidentinin onlara zəng etdiyi, Azərbaycan Prezidentinə təzyiq göstərdiyi və göstərəcəyi, Qarabağ məsələsində Paşinyandan daha fəal olduğu, bu fəallığını daha da artıracağını və s. fikirlər səsləndiriblər.
Səfir cavabında bu məsələdən məlumatsız olduğunu bildirilib.
Azərbaycan tərəfi rəsmi Parisdən Emmanuel Makronun adından verilən bu fikirlərin ya təsdiq, ya da təkzib olunmasını gözləyir. Təsdiq edildiyi təqdirdə rəsmi Bakı tərəfindən diplomatik müstəvidə müvafiq addımların atılacağı istisna deyil.