Ərdoğan seçkilərdə qalib gələcəyinə əmindir - FOTO
“Mayın 14-də keçiriləcək tariximizin ən vacib seçkisində Allahın köməyi ilə yenə qələbə qazanacağıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter”də yazıb.
O bildirib ki, seçkilərin nəticələrinə əsasən gənclər, yaşlılar, qadınlar və kişilər daxil olmaqla, 85 milyonluq xalqın hər biri qələbə qazanacaq:
“Şərq, qərb, şimal və cənubda yerləşən 81 vilayətimizin hər biri qalib gələcək. Cəmiyyətimizin bütün təbəqələri qələbə qazanacaqlar. Fərqli inanclara sahib bütün vətəndaşlarımız qələbə qazanacaqlar. “Daha ədalətli bir dünya mümkündür” şüarımızı eşidən Asiya və Afrikadakı yüz milyonlarla insan qələbə qazanacaq. Ay-ulduzlu al bayrağımızı görəndə hüzur tapan, özünü inamlı hiss edən soydaşlarımız qalib olacaqlar. Ölkəmiz və dünyanın dörd bir tərəfində Türkiyənin uğuru üçün dua edənlər qələbə qazanacaqlar”.
Onun sözlərinə görə, seçkilər nəticəsində Türkiyə, həmçinin bu regionda haqqı tapdalananlar qələbə qazanacaqlar:
“14 may, Allahın köməyi ilə, hər birimizin bayramı, qürur günü, Türkiyə demokratiyasının bayramı olacaq. Heç kəs pessimist olmasın. Heç kəs ölkəmizin parlaq gələcəyi ilə bağlı inamını itirməsin”.
Xatırladaq ki, mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək.