Siyasət

Prezident: “Qazaxıstan neftinin Azərbaycandan nəql olunaraq həcmini artırmaq üçün danışıqlar davam edir”

Prezident: “Qazaxıstan neftinin Azərbaycandan nəql olunaraq həcmini artırmaq üçün danışıqlar davam edir”


“Qazaxıstan neftinin Azərbaycandan nəql edilərək həcmini artırmaq üçün planlar da var və danışıqlar indi davam edir. Bizim boru kəməri infrastruktur buna imkan verir”.

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib.

Bakı-Tbilisi-Ceyhanla neft nəqlinin həcminin artırılması ilə əlaqədar problemin yekun məhsulun keyfiyyəti ilə bağlı ola biləcəyini vurğulayan dövlət başçısı bildirib: “Çünki Qazaxıstan nefti “AzeriLight” markasından fərqlidir və əgər Bakı-Tbilisi-Ceyhan vasitəsilə böyük neft həcmi nəql olunarsa biz keyfiyyətdə itirəcəyik. Çünki Bakı-Tbilisi-Ceyhanla ixrac etdiyimiz “AzeriLight” markalı neft hətta brend markalı neftdən də dəyərlidir. Lakin digər variantlar da var. Ceyhandakı yekun məhsulun keyfiyyəti dəyişərsə, biz əlbəttə ki, müəyyən kommersiya şərtləri üzərində çalışa bilərik. Yaxud Bakıdan Gürcüstanın Supsa dəniz limanına gedən boru kəmərimiz boş olarsa, biz bu boru kəmərindən istifadə edə bilərik, çünki Qara dənizdə böyük bazar var”.