KOBİA-nın 100 minlik tenderini KOBSKA sədrinə bağlı şirkət uddu
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) nəticəsi məlum olub.
Tender müsabiqəsinin qalibi “Bizim Diyar” MMC (VÖEN – 130687881) olub.
Müsabiqənin şərtlərinə görə “Bizim Diyar” MMC KOBİA-nın sifarişilə Bakının mərkəzində fəaliyyət göstərən 5 ulduzlu otellərin birində “DAYAQ mükafatı tədbirinin keçirilməsi” ilə bağlı xidmətləri həyata keçirəcək və qarşılığında 94 min 401 manat 42 qəpik alacaq.
Qeyd edək ki tədbirin 3 saat davam edəcəyi və 220 nəfər qonağın iştirak edəcəyi bildirilir.
Məlumat üçün bildirək ki, 3 saatlıq tədbirin təşkili üçün 94 min manat alacaq “Bizim Diyar” MMC 06.11.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Yasamal rayonu, Cəfər Cabbarlı, ev 44-də (Caspian Plaza) yerləşir. MMC-nin qanuni təmsilçisi Cabbarlı Xəzər Azər oğludur.
“Bizim Diyar” MMC bu ilin iyun ayında KOBİA tərəfindən keçirilən daha 3 tender müsabiqəsində qalib olub.
Diqqət çəkən məqamlardan biri odur ki, “Bizim Diyar” MMC yalnız KOBİA-nin keçirdiyi tenderlərdə qalib olub. “Bizim Diyar” MMC-nin adına nə başqa qurumların tenderində, nə də digər açıq internet resurslarda rast gəlmək olmur.
Tenderlə bağlı əsas diqqət çəkən məqam isə odur ki, “Bizim Diyar” MMC-nin qanuni təmsilçisi olan Xəzər Cabbarlı eyni zamanda “Odlar Yurdu” Gənclər İctimai Birliyinin sədr müavinidir. “Odlar Yurdu”nun sədri olan Ələsgərova Nigar Elman qızı isə tender keçirən qurumda - KOBİA-də İctimai Şuranın üzvüdür.
Nigar Ələsgərova eyni zamanda KOBİA-nın sifarişi əsasında 2020-ci ildə “Kəndlərdə Sahibkarlığın və Özünüməşğulluğun İnkişafı” layihəsini həyata keçirib.
Bundan başqa Nigar Ələsgərova 2020-ci ildə Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasını (KOBSKA) təsis edərək sədri olub.