Siyasət

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmalarından əvvəl yazılı zəmanət istəyir - Çavuşoğlu

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmalarından əvvəl yazılı zəmanət istəyir - Çavuşoğlu Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olması ilə bağlı üçtərəfli məsləhətləşmələrə hazırlaşır və əldə olunmuş razılaşmaların yazılı şəkildə təsbit olunmasının tərəfdarıdır.
Türk KİV-ləri xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Fələstinə səfəri zamanı söyləyib.
Onun sözlərinə görə, bu razılaşmalar, xüsusən də terror təşkilatlarına dəstək verilməməsi və müdafiə təchizatına qoyulan embarqonun ləğvi ilə bağlıdır.
"Finlandiya və İsveç konkret addımlar ata biləcəklərini bildiriblər. Biz yazılı razılaşma istəyirik", - nazir vurğulayıb.
M. Çavuşoğlu əlavə edib ki, mayın 25-də Ankarada keçiriləcək üçtərəfli görüşdə Türkiyənin tələblərinə, xüsusilə terror təşkilatlarına dəstəyin dayandırılması, müdafiə təchizatına qoyulan embarqonun aradan qaldırılması məsələlərinə baxılacaq.
"Ankaradakı üçtərəfli görüşdən sonra bu formatda görüşməyi təklif edən NATO-nun baş katibinin iştirakı ilə dördtərəfli görüş də keçirilə bilər", - türkiyəli nazir bəyan edib.