İqtisadiyyat

“İqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın”

“İqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın”


Xəbər verdiyimiz kimi, martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub.

Görüşdə “Knauf” Şirkətlər Qrupunun tərəfdaşı Uve Knotzerlə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.

Bu, “Knauf” rəsmisinin Prezidentdən xahişi ilə bağlı olub:

Uve Knotzer: Sizdən və nazirlikdən bir xahişim var. Bizim alçıpan ehtiyatlarımız qurtarıb. Azərbaycanda çoxlu alçıpan qəlibi var və bizə daha böyük həcm üçün dəstək lazımdır. Çünki biz yerli istehsalat üçün həcmi artırmaq istəyirik. Biz Azərbaycanda əlavə məhsullar istehsal etmək istəyirik və biz, həmçinin Gürcüstana ixrac etmək istəyirik və siyasət imkan versə Cənubi qonşulara ixrac etmək istəyirik. Mənim xahişim budur.

Prezident İlham Əliyev: Yeni alçıpan ehtiyatlarına çıxışda çətinliyiniz var? Siz bu məsələni yerli orqanlarla, İqtisadiyyat Nazirliyi ilə müzakirə etmisiniz?

Uve Knotzer: Hələ ki, birbaşa əlaqə yaratmamışıq, çünki biz tərəfdaşla işləyirik. Lakin oradakı material miqdarı ilə bağlı çətinliklərimiz var.

Prezident İlham Əliyev: Beləliklə, mövcud ehtiyat demək olar ki, bitib.

Uve Knotzer: Bəli və bizə daha çox lisenziyalar və mədən işləri aparmaq üçün yeni ərazi lazımdır ki, biz məhsuldar olmağa davam edək.

Prezident İlham Əliyev: Bəli, mən bunu tamamilə dəstəkləyirəm. Mənim layihə barədə məlumatım var. Sizin dediyiniz kimi, o, 2008-ci ildə Gəncə şəhərinin yaxınlığında, Goranboy rayonunun ərazisində icra olunmuşdur. Hesab edirəm ki, bu məsələnin həllini tapmaq mümkündür. Bəlkə iqtisadiyyat nazirinə əlavə məlumat verəsiniz və əlbəttə ki, biz həmişə xarici investorları dəstəkləyirik və sizin şirkətiniz onlardan biridir. Biz şaxələndirmə prosesinə başladıqda siz Azərbaycana sərmayə yatırmısınız. Beləliklə, siz Almaniyadan sərmayə yatıran şirkətlər arasında birincilərdən olmusunuz. Əlbəttə ki, biz sizinlə işbirliyinə davam etməkdə şad olardıq. Ehtiyatlarınızın bitməsi haqqında eşitməmişdim. Yəqin ki, çox gərgin çalışırsınız, bu yaxşı göstəricidir. Lakin mən iqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın və sizin üçün əlavə ehtiyatları tapsın ki, siz də öz növbənizdə fəaliyyətinizi davam edə biləsiniz. Bildiyimə görə siz 100 faiz yerli bazardan olan materialları təchiz edirsiniz. Xaricdən heç nə idxal olunmur. Əksinə, siz özünüz ixrac edirsiniz.

Uve Knotzer: Bəli, biz bir az Gürcüstana ixrac edirik. Biz gips dəyirmanını tikməklə istehsalımızı artırmaq istəyirik. Həmçinin tərəfdaş şirkətdə olan payımızı da artırmaq istəyirik.

Prezident İlham Əliyev: Bu məsələ ilə bağlı hər hansı bir köməyə ehtiyacınız olarsa, iqtisadiyyat naziri buradadır. Görüşdən sonra o, ehtiyatla bağlı problemin həll olunmasına necə yardımçı ola biləcəyimizi müəyyən etmək üçün hazır olacaq. Düşünürəm ki, bu, asandır. Sizin tərəfdaşınızla münasibətlərinizə biz müdaxilə edə bilmərik.

Uve Knotzer: Bu, başqa məsələdir.