Dünya Bankı ilə Azərbaycan arasındakı əməkdaşlığın 30 illiyi: Yeni inkişaf mərhələsinə doğru

İqtisadiyyat
19 Eyl 2022
10:37
Dünya Bankı ilə Azərbaycan arasındakı əməkdaşlığın 30 illiyi: Yeni inkişaf mərhələsinə doğru


1991-ci ildə Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra 1992-ci il mart ayının 2-də Birləşmiş Millətlər Təşkilatına üzv oldu, beləliklə BMT-nin təsisatlarının ölkəmizdə akkreditasiyası və birgə fəaliyyəti həyata keçirilməyə başlayıb. Əməkdaşlıq etdiyimiz bu təsisatlardan da biri BMT-nin çətiri altında fəaliyyət göstərən Dünya Bankıdır ki, bu gün biz bu əməkdaşlığın 30 illiyini qeyd edirik.

1992-ci il sentyabrın 18-də Azərbaycan Respublikası Dünya Bankına üzv olmuşdur. Keçən 30 illik müddət ərzində yoxsulluğun azaldılmasından başlayaraq ümumi rifaha nail olunması sahəsində, habelə infrastrukturun yaradılması istiqamətində DB Azərbaycanı dəstəkləmiş və böyük layihələri həyata keçirmişdir.

1944-cü il iyulun 1-də Bretton-Vuds konfransında təsis olunmuş DB dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsü ilə məşğul olan ən böyük donor təşkilatlarından sayılır. İnkişaf edən ölkələrə çox aşağı faiz dərəcəsi ilə, hətta bəzən faizsiz uzunmüddətli kreditlər və qrantlar verən DB klassik mənada heç də bank deyil, daha doğrusu, BMT-nin ixtisaslaşmış qurumlarından biridir və hal-hazırda 184 üzvü olan bu qurumun əsas məqsədi imkansız dövlətlərə struktur islahatlarının həyata keçirilməsi və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.

Bu gün Azərbaycan DB ilə əməkdaşlğın 30 illiyini qeyd edir. Həmin dövr ərzində ölkə iqtisadiyyatı 3 dəfədən artıq böyüyən, yoxsulluq səviyyəsi minimuma endirilib, insanların sosial rifahı yaxşılaşdırılıb. Azərbaycanda həyata keçirilən genişmiqyaslı islahatlara, habelə bu islahatların kontekstində iqtisadiyyatın ağardılması, iqtisadi hədəflərin daha düzgün müəyyən olunmasına DB ilə əməkdaşlıq xüsusi qeyd olunmalıdır.

Hal-hazırda da Azərbaycanda DB ilə birgə icra edilən “Azərbaycanda Məşğulluğa Dəstək” (2020-2025-ci illər), “Regional yollar və inkişaf” (2020-2026-cı illər), “Mütərəqqi Ədliyyə Xidmətləri və müasir məhkəmə infrastrukturu” (2020-2024-cü illər) layihələri əhalinin sosial rifahının yüksəlməsi məqsədilə “kölgə iqtisadiyyatına” böyük zərbə vuraraq ədliyyə sisteminin, əmək münasibətlərinin, habelə beynəlxalq idxal və ixrac proseslərinin qanunvericiliyə uyğun tənzimlənməsi istiqamətində mühüm rol oynamaqdadır.

Azərbaycanın keçən müddət ərzində DB ilə əməkdaşlıq çərçivəsində uğurla həyata keçirdiyi layihələr, DB tərəfindən ötən illərdə “dünyanın ən islahatçı on ölkəsindən biri” kimi qiymətləndirilməsi 30 illik güvənə verdiyi dəyəri açıq formada sübut etmişdir.

Hökumətin həyata keçirdiyi siyasi kontekstdə DB-nin Azərbaycan Parlamenti ilə də səmərəli və qarşılıqlı hörmətə əsaslanmış əməkdaşlığı olmuşdur. Bu gün Azərbaycan Parlamenti də daxil olmaqla 140-dan çox ölkədən olan parlamentarilər üçün əsaslı bir müzakirə platforması sayılan Dünya Bankı və BVF üzrə Parlament Şəbəkəsi uğurla fəaliyyət göstərir. Bu platforma qlobal olaraq DB ilə Azərbaycan hökuməti arasında birgə həyata keçirilən layihələrin qanunvericilik bazasının yaradılması, o cümlədən təkmilləşdirilməsi baxımından qarşılıqlı texniki, ekspert yardımlarının faydalılığını və səmərəliliyini ortaya qoyur.

Bu gün bu münasibətlərin 30 illiyinin qeyd edilməsi eyni zamanda DB-nin Azərbaycanın yeni bir inkişaf mərhələsində iştirakçılığına zəmin yaradır. Belə ki, Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın İkinci Qarabağ-Vətən Müharibəsində işğaldan azad edilmiş ərazilərində yenidənqurma və bərpa işlərində BMT-nin çağırışları əsasında ümumi rifaha nail olunması, habelə sülhün və təhlükəsizliyin dayanıqlılığının təmin edilməsi, eyni zamanda iqtisadi və infrastruktur işlərinin əlaqələndirilməsində etibarlı tərəfdaş kimi DB-nin maraqlı olan regional və beynəlxalq təşkilatlarla əlaqələndirmə işlərini öz üzərinə götürərək fəaliyyət göstərməsi üçün də imkanlar yaranıb.

Azərbaycan birgə fəaliyyət göstərdiyi istiqamətlərdə tərəfdaşlarının fəaliyyətini yüksək qiymətləndirməklə gələcək siyasətini də məhz professionallıq, etibarlılıq və qarşılıqlı hörmətin üzərində quraraq “2030 Gündəliyi”nin, habelə razılaşdırılmış bütün qərarların yerinə yetirilməsində özünü hər zaman sadiq tərəfdaş kimi sübut edib.

Məzahir Əfəndiyev Azərbaycan Respublikası Milli Məclisinin deputatı