İqtisadiyyat

AQTA sədri heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb

AQTA sədri heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarlarla görüşüb Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində (AQTA) “Azərbaycan Heyvandarlıq Assosiasiyası”, “Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyi”, “Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyası”nın rəhbərləri, həmçinin müvafiq sahədə fəaliyyət göstərən sahibkarlarla videokonfrans formatında görüş keçirilib.
Görüşdə AQTA sədri Qoşqar Təhməzli Sahibkarlar Günü münasibətilə iştirakçıları təbrik edib, iqtisadiyyatın aparıcı qüvvəsi kimi ölkəmizin inkişafı və xalqımızın rifahı naminə onlara yeni-yeni uğurlar arzulayıb. Bildirilib ki, birgə səylərin ölkə Prezidentinin müəyyən etdiyi strateji xəttin reallaşmasına, Azərbaycanda qida təhlükəsizliyi sisteminin qurulması ilə ölkə vətəndaşlarının sağlamlığının qorunmasına əhəmiyyətli töhfə verəcəkdir. Agentlik sədri son illərdə ölkəmizdə heyvandarlıq sahəsində həyata keçirilən tədbirlər, həmçinin dövlətimiz tərəfindən sahibkarlara göstərilən sistemli dəstək nəticəsində bu sahənin inkişaf etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Görüşdə Azərbaycan Süd və Süd Məhsulları İstehsalçıları və İxracatçıları İctimai Birliyinin sədri Samir Eyyubov, Azərbaycan Heyvandarlıq Assosiasiyasının sədri Nazim Səfərov, Azərbaycan Ət və Ət Məhsulları İstehsalçıları Assosiasiyasının sədri Fuad Qulubəyov və digər ictimai birliklərin üzvləri iştirak ediblər. Tədbirdə heyvandarlıq məhsullarının laborator analizlərinin aparılması, müvafiq sertifikatların verilməsi, həmçinin heyvandarlıq məhsullarının idxal və ixracı zamanı işin daha səmərəli təşkili ilə bağlı fikir mübadiləsi aparılıb. Agentliyin mütəxəssisləri tərəfindən bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə peşəkar dəstəyin və metodiki köməkliyin davam etdiriləcəyi bildirilib.
Daha sonra heyvandarlıq sahəsində fəaliyyət göstərən sahibkarların təklifləri dinlənilib və aidiyyəti üzrə müvafiq göstərişlər verilib.