“Bakı Marafonu 2023”ün qadınlar arasında qalibi: “Yoldaşıma görə narahat idim”
“Bakı Marafonu 2023”də göstərdiyim nəticədən çox razıyam.
Bunu Trend-ə “Bakı Marafonu 2023”ün qadınlar arasında qalibi, Ukraynadan olan idmançı Natalya Simonoviç deyib.
“Bakı Marafonu” çox sürətlidir və külək olmasaydı, daha da sürətlə qaçardım. Nəticəmdən çox razıyam, hər şey qaydasında getdi. Mənim üçün qadınlar arasında güclü rəqib yox idi.
Yoldaşım da bu gün “Bakı Marafonunda” iştirak etdi, bir az ondan narahat oldum. Uzaqdan gördüm ki, güclü rəqiblə qaçır, ona görə də finişə qədər gücü çatacaqmı deyə narahat oldum. Çox sevindim ki, o da marafonu sürətlə qaçdı və qalib gəldi”, - deyə o bildirib.
Xatırladaq ki, kişilər arasında birinci yeri Boqdan Simonoviç tutub.
N.Simonoviç əlavə edib ki, “Bakı Marafonu”nda ilk dəfədir ki, iştirak edir, lakin sonuncu dəfə olmayacağına ümid edir.
“Ola bilsin ki, “Bakı Marafonu” üçün Azərbaycana bir neçə dəfə də gələcəyəm. Deyim ki, Bakı çox gözəl şəhərdir, onun görməli yerlərini daha yaxından tanımaq istərdim. Ümid edirəm ki, bu axşam şəhəri gəzəcəm”, - deyə o bildirib.
Qeyd edək ki, bu gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə 6-ci dəfə Bakı marafonu keçirilib.
“Bakı Marafonu 2023”də 19500 nəfər iştirakçı qeydiyyatdan keçib.
2016-cı ildən təşkil edilən Bakı marafonu idmanın inkişafına dəstək göstərmək, sağlam həyat tərzini təbliğ etmək məqsədi daşıyır.
“Küləyə qalib gəl” şüarı altında keçən yarımarafon 21 kilometr məsafəni əhatə edib.
Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında olub.