Hadisə

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Antiinhisar Agentliyi Goranboy Suvarma İdarəsinin şişirtdiyi qiymətlərə bəs niyə göz yumub

Dünən mediada ölkə başçısının Sərəncamı ilə yeni yaradılan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin İmişli rayon İcra Hakimiyyətinin növbəti qanunsuz əməlinə mane olduğu barədə məlumat yaıldı. Qeyd edilir ki, Dövlət Agentliyi tərəfindən İmişli rayon İcra Hakimiyyəti ilə bağlı 03 oktyabr 2024-cü il tarixində AİBNDX/SQ-9917/2024 nömrəli qərar qəbul edilib. Məhz həmin qərarda İmişli İH-nin qiymətləri bilərkdən məqsədli şəkildə şişirtdiyi, xərcləri həddən artıq böyütdüyü qeyd olunub. İcra Hakimiyyəti yolların əsaslı təmiri üçün 500.665,74 manat pul ayırmağı nəzərdə tuturmuş.

Xəbəri bir sensasiya kimi hətta ən tanınan media orqanları da tirajladı. Sanki qiymətlərin bu tip şişirtmə halları indiyə qədər heç olmayıb. Sanki bu kimi hallar birinci dəfədir ki, baş verir.

Aktualinfo.org Goranboy Suvarma Sistemləri İdarəsi oktyabrın 8-də bir mənbədən satınalma metodu ilə keçirdiyi və bğladığı 3 satınalma müqaviləsi ətrafında araşdırma aparıb. Burada da bir sıra ciddi qanun pozuntuları ilə yanaşı, qiymətlərin süni şəkildə şişirdildiyi də açıq aydın görsənir. Maraqlıdır, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Goranboy Suvarma Sistemləri İdarəsinin yol verdiyi qanun pozuntularını görməyib, yoxsa elə bilərəkdən göz yumub?

İndi biz sizi Goranboy Suvarma Sistemləri İdarəsinin keçirdiyi bir neçə satınalmanın nəticələri ilə tanış edəcik. Qoy bunu həm də iqtisadçılar, mütəxəsislər qiymətləndirsin.

Subartezian quyularının layihə smeta sənədlərinin hazırlanmasının satın alınması üzrə 64.800 manat məbləğində satınalma müqaviləsi “DREAM HOUSE CONSTRUCTION” MMC ilə

Subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə 770.000 manat məbləğində satınalma müqaviləsi “AZƏRTRANSS” MMC ilə

3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrrə 309.997,2 manat məbləğində satınalma müqaviləsi “Dostluq H-EL” MMC ilə.

Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin Satınalma Komissiyası “Dövlət Satınalmaları Haqqında” Qanununun tələblərini elə bir mənbədən satınalma metodu ilə keçirdikdə pozub. Sözügedən qanunun 49-cu maddəsinə görə: 49.1.1. satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda və ya hər hansı konkret təchizatçı həmin satınalma predmeti üzərində xüsusi hüquqlara malik olduqda və satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda; 49.1.2. satınalma predmetinə təcili tələbat yarandıqda.
Göründüyü kimi Goranboy Suvarma Sistemləri İdarəsinin subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə müqavilə bağladığı “Dream House Construction” və “Azərtrans” MMC-lərin hər ikisinin analoji işləri görmək üçün lisenziya və icazəyə malikdirlər. Lakin bu onlara analoji işlər üçün xüsusi hüquq verirmi? Sözügedən satınalma predmeti üzrə kifayət qədər əvəzedicisi və alternativi olduğu halda tender nədən bir mənbədən atınalma metodu ilə keçirilib?
Maraqlıdır, Goranboy Suvarma Sistemləri İdarəsi 770.000 manatı rayonda neçə subartezian quyusunun əsaslı təmiri üçün ayırıb? Təbii ki, bunlar şərtlər toplusunda göstərilib. Bəs ictimaiyyətə niyə açıqlanmır? Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin rəsmi portalından əldə etdiyimiz məlumatlarda idarənin balansında olan əkin sahələrinin suvarılmasına 968 ədəd subartezian quyusu xidmət edir. Elektron mediada və sosial şəbəkələrdə isə son bir ildə Goranboy rayon sakinlərinin suvarma suyunun olmaması ilə bağlı çoxsaylı şikayətlərinə rast gəlmək olar. Ayrılan bu qədər vəsaitin müqabilində rayonda suvarma suyunun çatışmazlığı nədən olsun ki?
Goranboy Suvarma Sistemləri İdarəsinin son illər subartezian quyularının əsaslı təmiri işlərinin satın alınması üzrə keçirdiyi digər tenderlərdə də sual doğuran məqamlər çoxdu.
Subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə 158.520,08 manat məbləğində satınalma müqaviləsi “ART-PROJE” MMC ilə 05.08.2024-cü ildə bağlanılıb.
Subartezian quyularının abadlaşdırılması üçün mal-materialların satın alınması üzrə 37.478,17 manat məbləğində satınalma müqaviləsi “MENDOSO GRUP” MMC ilə 17.06.2023-cü ildə bağlanılıb.
Subartezian quyularının əsaslı təmiri və smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə 503.839,21 manat məbləğində satınalma müqaviləsi “OSKAR-AR” MMC ilə 02.06.2023-cü ildə bağlanılıb.
Subartezian quyularında hidromexaniki və elektrotexniki avadanlıqlar üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə 194.211,83 manat məbləğində satınalma müqaviləsi “ART-PROJE” MMC ilə 15.05.2023-cü ildə bağlanılıb.
Xüsusi vəsait hesabına subartezian quyularının elektrik və mexaniki avadanlıqlarının cari təmiri üçün mal-material və ehtiyyat hissələrinin satın alınması üzrə 56.089,83 manat məbləğində satınalma müqaviləsi “ART-PROJE” MMC ilə 06.12.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması işlərinin satın alınması üzrə 31.900,12 manat məbləğində satınalma müqaviləsi “DREAM HOUSE CONSTRUCTION” MMC ilə 28.10.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının təmiri üzrə layihə smeta sənədlərinin hazırlanması və işlərinin görülməsinin satın alınması üzrə 57.412,42 manat məbləğində satınalma müqaviləsi “İQBAL-R” MMC ilə 04.10.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının təmiri işlərinin satın alınması üzrə 168.334,26 manat məbləğində satınalma müqaviləsi “İQBAL-R” MMC ilə 04.10.2022-ci ildə bağlanılıb.
Subartezian quyularının elektrik və mexaniki avadanlıqlarının cari təmiri üçün mal-material və ehtiyyat hissələri satın alınması üzrə 263.948,3 manat məbləğində satınalma müqaviləsi “TAYQA LTD” MMC ilə 01.07.2022-ci ildə bağlanılıb.
Göründüyü kimi Goranboy Suvarma Sistemləri İdarəs 2022-ci ilin iyulundan 2024-cü ilin oktyabrına subartezian quyularının qazılması, əsaslı təmiri işlərinin satın alınmasına layihə smeta sənədlərinin hazırlanması ilə birgə təxmini hesablamalarımıza görə 2 354 748 manat dövlət vəsaiti ayırıb. Satınalmaların hamısı da bir mənbədən satınalma metodu ilə keçirilib. Burada hansı kənddə, neçə subartezian quyularının əsaslı təmir olunduğu bəlli deyil.
Bunlardan əlavə Goranboy Suvarma Sistemləri İdarəsinin 08.10.2024-cü ildə “Dostluq H-EL” MMC ilə 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində (D=1020x10mm,L=9.0 km) boru xəttinin təmiri işlərinin satın alınması üzrə 309.997,2 manat məbləğində bağladığı satınalma müqaviləsində qanun pozuntuları var.
Sözügedən MMC Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 10.10.2022-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manatdır. Hüquqi ünvanı BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, ZIĞ ŞOSSESİ, ev 4, BLUE OFFİCE, MƏRT. 5, qanuni təmsilçisi isə Babayev Mehti Nadır oğludur. MMC-nin hazırki günə 120 597. 28 manat ödənilməmiş vergi borcu var.
Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsi 3 pilləli Səfikürd nasos stansiyasının 1-ci pilləsində boru xəttinin təmiri işləri üzrə “SUTİKİNTİ-TƏMİR” MMC ilə 08.12.2023-cü ildə 216.400 manat məbləğində satınalma müqaviləsi bağlayıb. Bu isə o deməkdir ki, Suvarma İdarəsi 10 ay ərzində Səfikürd nasos stansiyasının boru xəttinin təmirinə ümumi olaraq 526 397 manat dövlət vəsaiti xərcləyib.
Qeyd edək ki, Goranboy Suvarma Sistemləri İdarəsinin rəisi İlqar Məhərrəmovdur. Daha əvvəllər Göygöl Suvarma Sistemləri İdarəsində baş mühəndis və rəis vəzifələrində çalışıb. Adı kifayət qədər qalmaqallarda və digər xoş olmayan əməllərdə hallanır.
Aktualinfo.org