Azərbaycana gətirilən avtobus ehtiyat hissələri kəskin bahalaşıb - Qiymətlər
2023-cü ilin ilk günlərində Azərbaycana xaricdən idxal olunan bir sıra təchizat vasitələrinin qiymətinin kəskin bahalaşdığı məlum olub.
Bahalaşma əsasən avtobus ehtiyat hissələrinin qiymətləri ilə bağlıdır. Belə ki, ilin ilk günlərindən avtobus ehtiyat hissələrinin 40-50 faizədək bahalaşdığı müəyyənləşib. Bakıda sərnişindaşımada geniş istifadə edilən əksər avtobus modelləri üzrə ehtiyat hissələri Türkiyədən idxal olunduğundan bahalaşma nəzərəçarpan dərəcədə yüksəkdir. Belə ki, qardaş ölkə valyutasının son dövrlərdə xeyli ucuzlaşması fonunda bu ölkədən gətirilən avtobus ehtiyat hissələrinin dəyərində 50 faizdən çox artım müşahidə edilir. Bakıda ictimai nəqliyyatda istismar edilən müasir avtobusların əksəriyyətinin Türkiyə istehsalı olmasını nəzərə aldıqda, bahalaşmanın bu sahəyə hansı dərəcədə zərbə vurduğu məlum olur.
Ümumilikdə isə 2020-ci ildən etibarən Azərbaycana gətirilən və ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti üçün həyati əhəmiyyətli olan bir sıra ehtiyat hissələr, sürtkü yağları və təkərlərin qiymətində 2 dəfədən artıq, bəzilərində isə 3 dəfəyədək bahalaşma qeydə alınıb.
Azərbaycana avtobus ehtiyat hissələri və digər təchizat vasitələri idxal edən əsas təchizatçı şirkətlər bahalaşmanın dünyada davam edən qlobal bahalaşma ilə əlaqədar olduğunu bildirib. Təchizatçılar əksər istehsalçı ölkələrdə, xüsusilə Türkiyədə inflyasiyanın yüksək olması, dövlətin işəgötürənlər qarşısındakı tələbləri ağırlaşdırması səbəbindən onların da öz məhsullarının qiymətini günbəgün artırdığını qeyd ediblər.