Hadisə

Bakının saxta “Qara Cüməsi”... - Belə də gözlənilirdi...

Bakının saxta “Qara Cüməsi”... - Belə də gözlənilirdi...


25 noyabr...

Bu gün alış-veriş sevənlərin həyəcanla gözlədiyi həmin gündür: bütün dünyada tanınan “Black Friday”...

Hər il noyabrın son cümə günündə dünyanın bütün ölkələrində, eləcə də Azərbaycanda fəaliyyət göstərən mağazalar öz məhsullarının qiymətini 50-70 % endirərək, alıcılara təqdim edir.

Adı qulaqda çox da yaxşı təəssürat yaratmasa da, necə deyərlər, alıcılar bu gündən karlı çıxır. Buna baxmayaraq, son illər bəzi mağaza sahibləri “Black Friday” gününü “möhtəşəm, sərfəli cümə” kimi də adlandırır.

Lent.az-ın əməkdaşı son illər ölkəmizdə də böyük vüsət alan və alıcıların həvəslə gözlədiyi “Qara cümə”də vəziyyəti nə yerdə olduğunu öyrənmək üçün paytaxtda yerləşən ticarət mərkəzlərinə üz tutub.

Öncə onu deyim ki, qarşılaşdığımız vəziyyət heç də ürək açan olmadı. Buna səbəb mağazalar endirimli malları digərlərindən ayırmışdı. Müştərilər əsasən qış geyimlərini münasib qiymətə almaq üçün bu günə saxlasalar da, çox təəssüf ki, həmin geyimlərin əksəriyyəti endirimdə deyildi.

Mağazaları gəzdikcə müştərilərin səsləndirdiyi fikir bu günlə bağlı yaranan mənfi düşüncəni bir daha təsdiqləyir. Səslənən fikirlər isə belədir:

“Niyə bütün mallar endirimdə deyil?”, “Mən palto, gödəkcə almaq üçün gəlmişdim, heç onlar endirimə düşməyib” və daha nələr, nələr...

Elə bu ifadələri bir də müştərinin öz dilindən eşitmək istədik. Alıcı İlahə xanım bildirib ki, pandemiyadan sonra “Qara Cümə” deyilən gün qalmayıb:

“Yalandan köhnə 1-2 məhsula endirim edirlər, adı da olur “Black Friday”. Heç düzgün deyil. Mən qış geyimi almaq üçün bu günü gözləyirdim. Amma nəticə əldə edə bilmədim. Kaş, əvvəldən alardım”.

Müştərinin səsləndirdiyi haqlı narazılığı nəzərə alaraq bu günü xarici ölkələrdəki mağazalarla müqayisə etdik. Nəticə isə göz qabağındadır.

Belə ki, xarici ölkələrdəki mağazalarda 50, 60, 70% endirim olduğu halda, bizdə geyim mağazalarında ən yüksək endirim təklifi 40%-dir. Amma onu da qeyd edək ki, geyim mağazalarından fərqli olaraq, elektron avadanlıqlar satılan iri mağazalarda 70%-ə qədər endirim təklif olunur.

Diqqətimizi çəkən digər bir məsələ isə çox maraqlı idi. Bir neçə mağazada apardığımız müşahidələr əsasında məlum oldu ki, mağaza sahibi məhsul qiymətlərində marketinq hiyləsi edib. Belə ki, məhsulun öz qiymətini 20-30 manat qaldıraraq, bu gün üçün endirim yenidən aşağı salır. Nəticədə məhsulun öz qiyməti geri qayıdır və heç bir endirim edilmir.

Bu da belə... Ümid edək ki, gələn il qış geyimləri almaq üçün bu günü gözləyən alıcılar əliboş qalmaz, marketinq hiyləsinə tuş gəlməzlər.

Qeyd edək ki, ölkəmizdə “Qara Cümə” 25, 26 və 27 noyabr tarixlərində də davam edəcək. //lent.az//