Hadisə

Sabiq nazirin oğullarının adına aldığı milyonluq mülklər üzə çıxdı - SİYAHI

Sabiq nazirin oğullarının adına aldığı milyonluq mülklər üzə çıxdı - SİYAHI


Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun 18 milyon manatdan çox dəyərdə əmlak sahibi olduğu üzə çıxıb.

Axın.Az-ın əldə etdiyi məlumata görə, bununla bağlı istintaq dövründə Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yoxlama aparılıb.

Məlum olub ki, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov əmlaklardan yalnız birini öz adına rəsmiləşdirib. O, mülklərini, əsasən, övladları və yaxın qohumlarının adına alıb. Həmin qohumlar arasında Ağsu Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ənvər Seyidəliyevin oğlu da olub.

Qiymətləndirmə zamanı məlum olub ki, Səlim Müslümovun mülkiyyətində olan əmlakların ümumi dəyəri 18 605 500 manatdır. Həmin əmlakların siyahısını təqdim edirik:

Səlim Müslümovun öz mülkiyyətində:

- Bakı şəhəri Binəqədi rayonu Ziya Bünyadov prospektində mənzil (140 000 manat);

Oğlu Turqay Müslümlünün mülkiyyətində:

- Bakı şəhəri Binəqədi rayonu Z.Bünyadov prospektində mənzil və qeyri-yaşayış sahəsi (350 000 manat);

Oğlu Asim Müslümlünün mülkiyyətində:

- Bakı şəhəri Səbail rayonu Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi (450 000 manat);

- Bakı şəhəri Yasamal rayonu M.İbrahimov küçəsində mənzil (926 250 manat);

Yaxın qohumu Mirələsgər Seyidəliyevin mülkiyyətində:

- Bakı şəhəri Nərimanov rayonu O.Kərimov küçəsində iki ev (5 000 000 manat);

Yaxın qohumu Sadiq Seyidəliyevin mülkiyyətində:

- Bakı şəhəri Nərimanov rayonu M.Araz küçəsində ev (389 250 manat);

- Bakı şəhəri Nərimanov rayonu İbrahimpaşa Dadaşov küçəsində torpaq sahəsi (4 000 000 manat);

- Bakı şəhəri Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yerləşən 500 və 300 kv.metr torpaq sahələri (900 000 manat);

Yaxın qohumu Dəyanət Seyidəliyevin (Ağsunun keçmiş icra başçısı Ənvər Seyidəliyevin oğlu) mülkiyyətində:

- Ağsu şəhərində yerləşən səkkiz hektar ərazidə qurulmuş “Ağsu Aqrotexservis” ASC-yə aid istixana (1 500 000 manat);

Qaynı Ağaxan Xasayevin mülkiyyətində:

- Bakı şəhəri Xətai rayonu R.Rza küçəsində yerləşən üçmərtəbəli, sahəsi 2 000 kv.m olan qeyri-yaşayış sahəsi (2 300 000 manat);

- Bakı şəhəri Xətai rayonu R.Rza küçəsində yerləşən ikimərtəbəli, sahəsi 1 650 kv.m olan qeyri-yaşayış sahəsi (2 000 000 manat);

- Bakı şəhəri Xətai rayonu R.Rza küçəsində yerləşən, sahəsi 300 kv.m olan qeyri-yaşayış sahəsi (650 000 manat).

Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. Səkkiz milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.