İstilik sistemləri sayğaclaşdırılacaq: Bu üsul vətəndaşla qurum arasında münasibətləri tənzimləyə biləcək?

Hadisə
25 Eyl 2022
11:33
İstilik sistemləri sayğaclaşdırılacaq: Bu üsul vətəndaşla qurum arasında münasibətləri tənzimləyə biləcək?


“Azəristiliktəchizat” ASC sayğaclaşma ilə bağlı müvafiq şirkətlərlə danışıqlara başladığını elan edib. Qurumdan bildirilib ki, 2022-2023-cü illər istilik mövsümündən başlayaraq pilot layihə kimi müxtəliftipli yaşayış və qeyri-yaşayış binalarında istilik sayğaclarının quraşdırılması nəzərdə tutulur. Məlumdur ki, istilik təchizatı ilə bağlı illərdir ki, sözügedən qurumla vətəndaşlar arasında narazılıqlar var. Hər istilik mövsümü gələndə bu problemlər yenidən gündəmə gəlir. Vətəndaşlar istiliyin verilməməsindən, “Azəristiliktəchizat” ASC isə vətəndaşların borclarını ödəməməsindən şikayət edir. Bəs sayğaclaşma prosesi necə olacaq? Bu sistem vətəndaşla qurum arasındakı münasibətləri tənzimləyə biləcəkmi? Ən əsası, vətəndaşın istilik problemli həll olunacaqmı?

Məsələ ilə bağlı “Kaspi” qəzeti araşdırma aparıb.

“Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı “Kaspi”yə açıqlamasında bildirdi ki, ASC-nin sayğaclaşdırma layihəsi pilot olaraq məhdud sayda qeyri-əhali istehlakçı qrupu üçün nəzərdə tutulur. Qurum rəsmisinin sözlərinə görə, bu layihə müəssisənin fəaliyyətinin müasirləşdirilməsinin və dünyadakı ən yaxşı təcrübələrə uyğun qurulması işinin tərkib hissəsini təşkil edir: “Qeyri-əhali seqmenti dövlət və özəl müəssisələri, qurumları əhatə edir. Bizdən istilik xidməti alan yaşayış binalarında pilot sayğaclaşdırma hazırda nəzərdə tutulmur. Bu binaların gələcəkdə sayğaclaşdırılması pilot layihənin nəticələrindən asılı olacaq”.

İstilik sistemləri sayğaclaşdırılacaq: Bu üsul vətəndaşla qurum arasında münasibətləri tənzimləyə biləcək?


Həmsöhbətimiz deyir ki, sayğaclaşdırma üzrə pilot layihənin əsas məqsədi “Azəristiliktəchizat” ASC-nin fəaliyyətinin səmərəliliyini təmin etmək, istilik xidmətinin keyfiyyətini artırmaq, bunun üçün tələb olunan resursların daha effektiv planlaşdırılmasını təmin etməkdir: “Abonentlər üçün isə sayğaclaşdırmanın ən böyük faydası istifadə etdikləri istilik enerjisinin dəqiq və dolğun uçotunu aparmaq, daha dəqiq resurs planlaşdırmasını qeyd etməkdir. Bu layihə reallaşdıqda vətəndaşlar istifadə etdikləri enerjiyə mütənasib ödəniş aparmaqla, vəsaitlərinə qənaət edə biləcəklər. “Azəristiliktəchizat” ASC ölkəmizin inkişafı, rifahı naminə öz fəaliyyətini gücləndirərək və müasirləşdirərək davam etdirir”.

Enerji məsələləri üzrə ekspert İlham Şaban hazırkı prosesi müsbət addım kimi qiymətləndirir. Mütəxəssis vurğulayır ki, pilot layihə uğurlu olsa və yaşayış binalarında da həyata keçirilsə, insanlar bundan faydalanacaq və sərfiyyat borclarını da vaxtlı-vaxtında ödəyəcəklər: “Sayğacları binada quraşdırmaq çətin proses deyil. Bunu çox sadə şəkildə həyata keçirmək olar. Qızdırıcı radiatora su haradan gəlirsə, onun girişində sayğac quraşdırıla bilər. Bu gün insanlar ona görə istilik üçün pul ödəmirlər ki, bundan yararlana bilmirlər. Vətəndaş ödənişini etmir və deyir ki, sən məndən 5-6 ay istilik mövsümünə görə pul alırsan, ancaq 2 ay istilik verirsən. Bu, ədalətsizdir. Sayğac sisteminin quraşdırılması çox yaxşı olar. Quraşdırılan sayğac təkcə nə qədər su sərf olunduğunu hesablamır, həm də temperaturu qeydə alır. Məsələn, minimal temperatur 40 dərəcə olmalıdır, amma göstərici 50 dərəcədir. Sayğac bunu yazacaq. Belə olsa, insanlar da faydalanacaq və pulunu ödəyəcəklər”.

İstilik sistemləri sayğaclaşdırılacaq: Bu üsul vətəndaşla qurum arasında münasibətləri tənzimləyə biləcək?


Mütəxəssis vurğulayır ki, biz bu sahədə dünya ölkələrindən çox geridə qalmışıq: “Xaricdə isti və soyuq suyun sayğacları fərqlidir. Bizdə bu, yeni tikililərdə də nəzərə alınmır. İnsanlar nə üçün kombiyə, İran sobalarına üz tuturlar? Çünki onlara lazım olan istiliyi oradan alırlar. Mən əgər istiliyi “Azəristiliktəchizatdan” ala bilirəmsə, kombi quraşdırmaq onun istismar xərcindən sərfəlidirsə, nə üçün daha artıq pul ödəyib kombi quraşdırım? Bizdə mərkəzləşdirilmiş istilik sistemi olsa, qaza da qənaət etmək olardı. İş düzgün qurulsa, pul yığmaq problemləri də olmayacaq”.

Qeyd edək ki, hazırda istilik tarifləri yaşayış sahəsinə görə hesablanır. Sayğac yoxdursa, 1 kvadratmetrin qızdırılmasında sərf olunan istilik enerjisinin miqdarı götürülür və ona uyğun tarif tətbiq olunur. Yəni havaların isti və soyuq keçməsindən asılı olmayaraq, tətbiq olunan tarif eynidir. Sayğaclar isə verilən istilik enerjisinin miqdarını ölçəcək və qiymət də bunun müqabilində ödənəcək.