Hadisə

Vətəndaş “Atəşgah” Sığorta Şirkətindən şikayətçidir: “Bizə deyirlər ki, kimə istəyirsiz şikayət edin”

“Atəşgah” sığorta şirkəti uzun illərdir ki, əhalini ələ salır və nədənsə bu işlərə əncam çəkən tapılmır. Çoxlu şikayətlər edirik, lakin heç birinin doğru-düzgün nəticəsi ortalığa çıxmır”. JAMAZ.İNFO xəbər verir ki, bu sözləri Bakı şəhər sakini Alı İsgəndərli redaksiyamızın elektron poçtuna göndərdiyi şikayətində yazıb.

O qeyd edir ki, sıöorta üçün pul sürücülərdən ona görə alınır ki, guya onları sığorta edirlər. “Maşınınız qəzaya düşəndə sizə dəyən ziyanı ödəyəcəyik. Lakin elə ki, avtoqəza oldu və iş gəldi çıxdı “dəyən zərərin ödənməsinə”, “vay” da onda başlayır. “Atəşgah” şirkəti sözünün üstündən qaçır, pulu ödəmək istəmir. Şirkətin hüquqşünası pulu ödəməməkdən ötrü min cür oyundan çıxır. Nəticədə, vətəndaşların nəinki əsəbləri pozulur, həm də dövlətə qarşı süni şəkildə narazılıq yaradılır. Bu təxribatlara aydınlıq gətirilməlidir. Biz dövlətə və hüquq mühafizə orqanlarına müraciət edərək bu işlərin araşdırılmasını istəmişik və cinayət işi açılıb”.

Alı İsgəndərli qeyd edir ki, dəfələrlə şirkətdən onlara verilməli olan pulun ödənilməsi üçün şikayətlər ediblər. “Şirkətinin binasının qarşısında etiraz aksiyası da keçirmişik. Aksiya zamanı baxıb görmüşük və ortalığa çıxarmışıq ki, “Atəşgah” şirkəti çoxlu insanları dünyada misli-bərabəri olmayan loxotron sistemləri ilə aldadır, bu işdə məşhur Ostap Benderin də fəaliyyətini ötüb keçəcək qədər pərgarlaşıb”.

Şikayətçi bununla bağlı bir neçə fakt da təqdim edib. O yazır: “2012-cü ilin 13 iyulunda avtoqəza olub. 50-CE-461 nömrəli maşın piyadanı vurub. Vəfat etmiş vətəndaşın atası 10 ildi sürünsə də, “Atəşgah” ona pulu ödəmək istəmir. Deyir ki, işi təhlükəsizlik şöbəmizə vermişik, qaydaya uyğun olaraq təhlükəsizlik şöbəmiz rəy verməlidi, bundan sonra pulu buraxmalıyıq. Halbuki şirkətdə aləm bir-birinə qarışıb, bu təhlükəsizlik şöbəsi dedikləri şöbə elə bankın adi sığorta işçiləridir ki, müdir nə dedi onu da yerinə yetirirlər. İndi siz deyin, şöbə işi nə qədər vaxta araşdırıb rəy verməlidir? Dünyanın hansı ölkəsində görünüb ki, sığorta şirkətinin primitiv bir şöbəsi rəy verməkdən sarı 10 il ələşsin?”

Alı İsgəndərli bir başqa misalı da nümunə olaraq göstərib. “2012-ci ilin 8 mart tarixində 10-TE-338 nömrəli maşını ilə 10-GR-872 nömrəli maşınının toqquşması nəticəsində bir neçə şəxs ölmüşdür. Ölənlərdən birinin – Teymur Zabilovun həyat yoldaşı uzun illərdir sürünsə də şirkətdən ona məhəl qoymurlar. Məhz belə mərhumların hesabına şirkət işçiləri varlanır, xaricdə özlərinə mal-mülk alırlar. Əhali isə bunların maxinasiyalarına aldanaraq sonda bir tikə çörəyə möhtac qalır. Və ya 2013-cü ilin 3 avqustunda dəhşətli qəza baş verib. 90-FS-754 nömrəli maşının 19-BB-176 nömrəli maşınla toqquşması nəticəsində bir ailə büsbütün qırılmışdır. Ailənin 4 körpə uşağı hal-hazırda yetim qalmışdır, nənələrinin himayəsindədirlər. “Atəşgah” şirkəti bu yetim körpələrin pulunu yeyərək, ödəməkdən imtina edir. Halbuki bu körpələr köhnə uçuq daxmada qalırlar, qışda evlərinin damından içəri yağış suyu tökülür. Dəfələrlə müraciət ediblər ki, şirkət pulu ödəsin, biz evimizi təmir edək və dava-dərmanlarımızı alaq. Lakin şirkət bildirir ki, iş köhnə işdir, araşdırma gedir. Nəyi araşdırırlar, necə araşdırırlar, nə vaxt başa çatdıracaqlar, bir Allah bilir”.

Şikaytəçi bildirir ki, başqa bir hadisə isə 2014-cü ilin 31 iyulunda baş verib. Onun sözlərinə görə, həmin hadisə zamanı bir nəfər həyatını itirib. “Həyat yoldaşı mərhim ərinə düşən pulu şirkətdən tələb etsə də, şirkət pulu ödəməkdən imtina edir. Şirkətin hüquqşünası yenə deyir ki, təhlükəsizlik şöbəsində araşdırılır”.

Alı İisgəndərli daha sonra yazır ki, sözügedən sığorta şirkəti nəinki pulu ödəməkdən imtina edir, hətta çox zaman vətəndaşları kobud şəkildə ofisdən qovaraq hədə-qorxu gəlirlər. “Son müraciətlərimiz zamanı onlara bildirdik ki, Mərkəzi Banka sizdən şikayətlər edəcəyik, kəskin söhbət oldu, dedilər ki, biz Mərkəzi Bankı hərləmirik, ordakılar sədrimizin öz adamlarıdır, gedin hara şikayət edirsinizsə edin. Belə özbaşınalıq olurmu?”

“Atəşgah” Sığorta Şirkəti ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dərc etməyə hazırıq.