Erməni separatçıları Ağdərədə hərbçimizi həbs etdi, Müdafiə Nazirliyi "psixi xəstədir" dedi
Avqustun 25-də Ağdərədə ermənilər Azərbaycanın müddətdən artıq hərbi qulluqçusu Cəmil Babayevi həbs ediblər.
Erməni mənbələri iddia edir ki, hərbçimiz Ağdərədə evlərdən birinə girib, evdə iki yeniyetmə olub, onlardan yemək və siqaret istəyib. Ona yemək verilib, daha sonra yeniyetmələrdən biri siqaret almaq üçün mağazaya getmək adı ilə evdən çıxıb, polisə zəng edib, polislər gələrək Azərbaycan hərbçisini həbs edib. Ona qarşı “sərhədi qanunsuz keçmə” və “casusluq” ittihamı ilə cinayət işi açılıb.
Erməni mənbələri hərbçimizin üst geyiminin fotolarını və özünün həbsi videosunu da yayıb.
Azərbaycan Müdafiə Nazirliyi isə belə bir məlumat yayıb ki, müddətindən artıq hərbi xidmətdə olan Cəmil Babayev Gəncədəki hospitalın psixiatriya şöbəsini özbaşına tərk edib, buna görə cinayət işi açılıb, araşdırma gedir. Hərbçinin Rusiya sülhməramlılarının nəzarəti altında olan əraziyə keçdiyi ehtimal olunur.
Beləliklə, aydın olur ki, ermənilər Azərbaycanın sərhədləri daxilində Azərbaycan hərbçisini həbs edir və ona həm də "sərhəd pozucusu" kimi cinayət işi açır. Hansı sərhəddən söhbət gedir? Azərbaycan ərazisində Azərbaycan vətəndaşına bu ölkənin hüquq-mühafizə orqanlarından başqa cinayət işi açacaq bir qurum ola bilərmi? Ağdərədə, Azərbaycan ərazisində Azərbaycan hərbçisini həbs edən həmin erməni polislər Azərbaycan DİN-ə tabedirmi, tabe deyilsə, bəs onda onlar kimdir, orda necə, hansı əsasla fəaliyyət göstərir?.. Bu və bu qəbildən bir sıra suallar ərazi bütövlüyümüzün tam bərpa və suverenliyimizin bütün ərazilərimizdə təmin olunduğuna israr edən Azərbaycan hakimiyyətinin cavab verməli olduğu suallardır.