İqtisadiyyat Nazirliyi dövləti ÇƏTİN DURUMA SALIR... - ARAŞDIRMA
İqtisadiyyat Nazirliyinin Kollegiyası “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”nı təsdiqləyib.
AFN xəbər verir ki, qayda Nazirlər Kabinetinin “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər barədə” 2021-ci il 16 fevral tarixli qərarının icrası məqsədilə hazırlanıb.
Qəribədir, az qala 4 ay əvvəl Nazirlər Kabinetinin verdiyi tapşırığı İqtisadiyyat Nazirliyi indi icra edir. Təsdiqlənən qaydalar uzunmüddətli – tutalım ki, 2-3 illik dövr üçün nəzərdə tutulsaydı, 4 aylıq yubanmanı normal qarşılamaq olardı. Amma məsələ burasındadır ki, Nazirlər Kabinetinin məlum qərarı ölkə daxilində unun və un məhsullarının qiymətinin artmasının qarşısını almaq məqsədi daşıyırdı. Qərara əsasən, un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə 2021-ci il fevralın 1-dən mayın 1-dək olan dövrdə 35 manat məbləğində subsidiya verilməli, İqtisadiyyat Nazirliyi Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi qaydasını təsdiq etməli idi.
Yəni İqtisadiyyat Nazirliyinin Maliyyə Nazirliyi ilə birlikdə təsdiqləməli olduğu qayda 37 gün əvvəl icra müddəti başa çatan qərarın icrası məqsədi daşıyır! Absurddur, deyilmi? Dünya bazarında, eləcə də əsas buğda aldığımız ölkə olan Rusiyada buğdanın qiyməti sürətlə bahalaşır. Üstəlik, Rusiya fevralın 14-dən etibarən ixraca yönələn buğdaya əlavə rüsum təyin edir. Nazirlər Kabineti un və çörəyin əhalinin rasionundakı payını nəzərə alaraq dərhal reaksiya verir, yerli istehsalçılara dövlətin dəstəyini müəyyənləşdirir. Lakin İqtisadiyyat Nazirliyi yerindən tərpənib o dəstəyi almaq üçün qayda hazırlayana qədər yeni məhsul bazara çıxmağa başlayır!
Özü də elə bir şəraitdə ki, fevral ayında Azərbaycana 1 kiloqram da olsa buğda idxal edilmir. İdxalçılar da, emalçılar da Rusiyanın qərarından sonra bazarda yaranan yeni qiymətə alışmağa çalışırlar. Dövlət öz dəstəyini ifadə edir, qərarını verir, nəticədə mart ayında birdən-birə buğda idxalı yanvara nisbətən 8 dəfədən çox artır. İstehsalçı daha yüksək qiymətlə malı almaqda tərəddüd etmir, çünki dövlət ona hər ton una görə 35 manat subsidiya verəcək. Lakin dövlətin sahibkara yönəlik xoş niyyətini İqtisadiyyat Nazirliyi bərbad edir – fevral-may ayları ərzində un istehsal edən sahibkar dövlət dəstəyini bu nazirliyin məsuliyyətsizliyi üzündən ala bilmir. Nəticədə uduzan yenə xalq – sıravi vətəndaş olur: unun və çörək istisna olmaqla un məhsullarının kiloqramında 20 faizə qədər bahalaşma onun cibinə girir. Bu cibgirliyin baiskarı isə İqtisadiyyat Nazirliyidir. Bu nazirlik hüquqlarını müdafiə etdiyi sahibkarı da, istehlakçını da taleyin ümidinə buraxır. Buna görə cəzasız qalacağına o qədər əmindir ki, un bazarında qiymətləri tənzimləyəsi çox zəruri bir qaydanı zəmilərdən biçilən buğda bazara daxil olduğu ərəfədə ortaya çıxarır. Hansı sahibkarın imkanı var ki, 4 ay xammalı baha alıb, emal edib məhsulu ucuz satsın? Heç bir normal iqtisadiyyatı olan ölkədə bu, mümkün deyil. Hətta dünya iqtisadiyyatından çox fərqli olan Azərbaycanda da hansısa sahibkarın buna davam gətirmək gücü yoxdur. Ona görə də sahibkar gözləyib-gözləyib aprelin əvvəlindən un və un məmulatlarının qiymətini qaldırdı. Bu isə o deməkdir ki, İqtisadiyyat Nazirliyinin hazırladığı qayda daldan atılan daş effekti verdi desək, yanılmarıq.
Beləliklə, dövlətin əhaliyə, sahibkara yönəlik xoşgörülü addımını Mikayıl Cabbarovun rəhbərlik etdiyi qurum nəticəsiz bir addıma çevirdi!
Məlumat üçün bildirək ki, “Satılan unun hər tonuna görə un istehsalçılarına subsidiyanın verilməsi Qaydası”na görə, un istehsalçısı dedikdə, Azərbaycan Respublikasının ərazisində un istehsalı üçün mülkiyyətində, yaxud istifadəsində olan zəruri avadanlıqlardan istifadə etməklə xammaldan (alınmış və ya idxal edilmiş ərzaqlıq buğdadan) bilavasitə un istehsal edərək istehsal etdiyi unu təqdim edən və (və ya) təsərrüfatdaxili qaydada digər təsərrüfat subyektində (obyektində) emal edərək un məmulatı təqdim edən şəxslər nəzərdə tutulur. Un istehsalçıları tərəfindən subsidiya alınması üçün istehsal edilmiş unun və ya istehsal edilmiş undan emal edilmiş un məmulatlarının satışını təsdiq edən elektron qaimə-faktura məlumatlarını və istehsalla bağlı “istehsal ehtiyatlarının istehsala buraxılışı qaimə-fakturası” məlumatlarını növbəti ayın 5-dək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə təqdim edirlər. Un istehsalçıları tərəfindən bu Qaydada müəyyən edilən məlumatlar müvafiq ayın 5-dən sonra təqdim edildikdə həmin müraciətlər növbəti ay üzrə nəzərə alınır.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təqdim edilmiş məlumatları ümumiləşdirir, bu Qaydaya uyğun olaraq dəqiqləşdirir və müvafiq ay üzrə un istehsalçılarına ödəniləcək vəsaitlərin məbləğinin (un istehsalçıları tərəfindən satılmış unun və ya satışı həyata keçirilmiş emal edilmiş un məmulatlarının istehsalına yönəldilmiş unun hər tonunu 35 manat subsidiya məbləğinə vurmaqla) hesablanmasını və cari ayın 15-dək icmallaşdırılmasını təmin edir. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti aşağıdakı məlumatlar əsasında un istehsalçılarına ödəniləcək subsidiyanın hesablanması üçün əsas olan un çəkisinin azaldılması, məhdudlaşdırılması və ya qismən məhdudlaşdırılması barədə qərar qəbul edə bilər:
- müvafiq un istehsalçısı tərəfindən Azərbaycan Respublikasının antiinhisar qanunvericiliyinin tələblərinin pozulması halları aşkar olunduqda;
- müvafiq un istehsalçısının un satışı üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na uyğun olaraq riskli əməliyyatlar aparması müəyyən olunduqda;
- müvafiq un istehsalçısı tərəfindən istehlakçıların hüquqlarının pozulması və ya məhdudlaşdırılması halları müəyyən olunduqda.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti un istehsalçılarına alacaqları subsidiyanın məbləği, habelə subsidiya məhdudlaşdırıldığı təqdirdə müvafiq izahatı özündə əks etdirən bildirişi cari ayın 20-dək göndərir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu Qaydaya əsasən icmallaşdırılmış məlumatlar əsasında subsidiyanın ödənilməsi ilə bağlı ödəniş sifarişini cari ayın 20-dək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edir. Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi 2 bank günü ərzində təqdim edilmiş ödəniş sifarişi əsasında subsidiya məbləğlərinin un istehsalçılarının bank hesablarına köçürülməsini həyata keçirir.
AFN-in Analitik qrupu