Pensiyası kəsilənlər narazılıq edir, ƏƏSMN isə mövqeyindən çəkilmir... - QALMAQAL
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əvvəlki dövrlərdə saxta şəkildə əlillik dərəcəsi alaraq dövlətdən pensiya alan yüzlərlə şəxsin əlilliyi ləğv edilib. Ölkədə hansısa yollarla saxta əlilliyi olan və büdcədən pensiya, təqaüd alanların olduğu hər kəsə məlum idi, nazirliyin bu istiqamətdəki fəaliyyəti də ilk günlərdən dəstəkləndi. Lakin sonradan məlum oldu ki, bəzi hallarda bu proses həqiqi əlilliyi olanların da sosial təminatının əngəllənməsinə qədər gedib çıxır. Bəzi şəxslər əlillik dərəcələrinin yüngülləşdirilməsindən, bəziləri isə ümumiyyətlə, əlillik müddəti bitdikdən sonra onun uzadılması ilə bağlı müraciətə imtina gəlməsindən narazıdır.
Mətbuat olaraq bizə də şikayətlər daxil olmaqdadır, hətta bu istiqamətdə son vaxtlar lokal etiraz aksiyaları da keçirilir. Əlillik müddəti dayandırılanlar arasında Qarabağ qaziləri də var. Bu, məsələnin həssaslığını bir daha gündəmə gətirir. Lakin dövlət qurumları da bu istiqamətdəki fəaliyyətində heç bir istisnaya, güzəştə yol vermədən davam edirlər, prosesdə hər hansı yanlışlıq olması ehtimalını belə qəbul etmirlər.
Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan Qarabağ qazisi Rey Kərimoğlu bildirdi ki, nazirliyin Qarabağ qazilərinə yanaşmasından və əlillik məsələləri ilə bağlı son fəaliyyətindən narazıdır: “Bu çox həssas məsələdir. Mən İctimai Şuranın üzvüyəm və bizə hər gün müraciətlər daxil olur. Biz Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan kadr islahatlarını, digər islahatları dəstəkləyirik. Amma bu islahatların həyata keçirilməsi zamanı xoşagəlməyən hallar, yarıtmaz işlər baş verirsə, onu da pisləyirik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi saxta əlilliyi olanları üzə çıxarır. Ancaq bu saxta sözünü mən qəbul etmirəm, bu, insanların şəxsiyyətini, ləyaqətini aşağılamaqdır. Xüsusilə də qazilərlə bağlı. Nazirliyin qazilərlə bağlı siyasəti bərbaddır, qəbul etmirik və pisləyirik. Dəfələrlə İctimai Şurasının iclaslarında da demişik. Yazırlar, qeyd edirlər, amma təəssüf ki, əməl etmirlər”.
R.Kərimoğlu vurğuladı ki, onlar qazilərlə bağlı məsələlərə xüsusi yanaşma tələb edirlər, digərlərinə isə qarışmırlar: “Qazilərin yaralanma dərəcələrinin düzgün əksini tapması ilə bağlı problemlər var. Əslində ƏƏSMN, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi qazilərə qarşı doğru yanaşma sərgiləmirlər. Biz bu istiqamətdə həmin qurumlara tövsiyələr etmişik. Hospitallarda yaralı hərbçilərin aldığı xəsarət bilərəkdən aşağı yazılır. Sonradan Müdafiə Nazirliyinin həkim komissiyalarında bilərəkdən onların yaralanma şəhadətnaməsi yüngül yazılır, sonradan proses TƏBİB tərəfindən aparılır, bir qədər də orada saxtakarlıq edilir. Sonda isə gəlir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, nazirlik isə Nazirlər Kabinetinin əlillik dərəcələrinin müəyyənləşdirilməsi ilə bağlı qərarlarını və Milli Məclisin qanunlarını əsas götürərək, əlillərə qarşı çox böyük haqsızlıq edir. Bu, yolverilməzdir. Qazilər arasında çox böyük narazılıq var. Biz dəfələrlə bunu bildirmişik, Sahil Babayevə də, Müdafiə Nazirliyinin rəhbərliyinə də, mətbuat vasitəsilə Səhiyyə Nazirliyinin rəhbərliyinə də demişik ki, bu prosesi dayandırmaq lazımdır. Onlar bir dənə əlillik vəziyyəti düzəlmiş qazini tapır, o ad altında yüzlərlə həqiqi qazinin əlilliyini kəsirlər, onları şübhə altına alırlar, çox bərbad bir vəziyyət yaranır. Mən sizə xeyli belə faktlar deyə bilərəm. 7-8 aydır əlillik müddəti dayandırılan qazilərimiz var. Halbuki onlar pensiyaya baxır, ailə saxlayır, kredit ödəyir. İki gözü olmayan qazimiz 4 aydır pensiya almır. Onun təminatı dövlət tərəfindən aparılırdı, indi necə olacaq, kimin vicdanına qalacaq, kim cavab verəcək buna!? Heç kəs də cavab vermir”.
R.Kərimoğlu deyir ki, Sahil Babayevlə əvvəllər görüşləri olub, nazirin diqqətinə çatdırılıb ki, bu sahədəki neqativ hallar aradan qaldırılmalıdır: “Həqiqətən də müharibədə olmadan əlillik dərəcəsi alıb, qazi kimi pensiya alan adamlar var, bu gün onların də əlilliyi ləğv edilməyib. Ancaq Qarabağda döyüşüb yaralanmış qazilərin əlilliyi ləğv olunub. Biz Qazilər Birliyi və bu yöndə olan təşkilatlar Sahil Babayevlə görüş istədik, üzərindən 3 ay keçib, görüş hələ baş tutmayıb. Ona görə sözümüzü mətbuatda deməyə çalışırıq”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə “Yeni Müsavat”a danışarkən bildirdi ki, nazirlik əlillik dərəcələrinin təyin olunması, müddətin uzadılması və ya dayandırılması ilə bağlı prosesi tam şəffaf həyata keçirir: “Əlillik müddətinin bitməsi əlilliyin ləğv edilməsi demək deyil. Necə ki, şəxsiyyət vəsiqəsinin müddəti bitir və siz müraciət edərək onun yenilənməsini istəyirsiniz. Əlilliklə bağlı da eynidir, əlilliyin təyin olunması üçün sənədlər var. Onları toplayıb təqdim etmək lazımdır. Əgər bunu etdikdən sonra əlillik ləğv edilibsə, deməli, ya vətəndaşın vəziyyəti düzəlib, ya da əvvəlki dövrdə əlilliyi fərqli yollarla alıb.
Söhbət I Qarabağ müharibəsi iştirakçısı olan əlillərdən gedirsə, keçmiş dövrlərdə təəssüf ki, bununla bağlı saxtakarlıq halları çox baş verib. Hazırda aparılan əyani komissiyalar, apelyasiya komissiyaları, vətəndaşların öz müraciətləri əsasında qurulan komissiyalar tam şəffaf və qanunauyğun aparılır. Hətta vətəndaşın özünün icazəsi ilə çəkiliş aparılır, ictimaiyyət nümayəndələrinin, yəni QHT-lərin iştirakı ilə bu komissiyalar həyata keçirilir. Vətəndaşın real vəziyyətinə uyğun olaraq qərar verilir. Burada hər hansı subyektiv yanaşmadan söhbət getmir. Vətəndaşın mövcud durumunun əlillik təyinatına uyğun olub-olmaması araşdırılır və yekunda qərar verilir. Ola bilər ki, 5 il öncə vətəndaşın fiziki durumunda əlilliyə əsas verən hər hansı göstəricilər var idi. Ötən müddət ərzində reabilitasiya olunub, sağalıb, 5 ildən sonra komissiyada əlillik üçün əsas qalmayıb. Və ya 5 il öncə hansısa saxta yolla əlillik əldə edib, dövlət büdcəsindən hansısa saxta ödənişlər əldə edib, indiki dövrdə isə araşdırılıb və qərar verilib ki, buna əlillik düşmür. Buna yol verən adamlarla bağlı da hüquq-mühafizə orqanlarına məlumat verilib. Bu iş su kimi aydın bir işdir. Elə Rey Kərimoğlunun təmsil olunduğu QHT-lər illərdir bar-bar bağırırlar ki, saxta əlillərlə mübarizə aparılmalıdır, onlar bizim haqqımıza girir. Nazirliyin hazırda gördüyü iş vaxtilə cəmiyyətin çağırışları idi. Bizim gördüyümüz iş haqqı haqsızlıqdan ayırmaq, dövlət büdcəsini qorumaq məqsədi daşıyır. Dövlət büdcəsi hər birimizin vergilərimiz əsasında formalaşır. Biz icazə verə bilmərik ki, hansısa saxtakarlar dövlətdən haqsız yerə ödənişlər alsınlar, mənimsəsinlər. Nazirliyin həyata keçirdiyi iş bu sahədə şəffaflığı təmin etmək, haqqı olanlara bu ödənişləri təqdim etmək, haqsız olanları uzaqlaşdırmaq, son nəticədə büdcədə qeyri-qanuni xərclərin qarşısını almaqla, bu xərcləri də haqqı olanın ödənişlərinə yönəltməkdir. Burada məqsəd su kimi aydındır".
Yanlışlıq olması ehtimalına gəlincə, F.Talıblı bildirdi ki, hələ ki nazirliyə bu barədə şikayət daxil olmayıb: “Vətəndaşın dövlət qurumunun verdiyi qərardan məhkəməyə müraciət etmək hüququ var. Apelyasiya qaydasında şikayət edə bilərlər, məhkəmə qaydasında şikayət edə bilərlər, yuxarı instansiyalara şikayət edə bilərlər. İndiyə qədər belə bir hal yoxdur. Xeyli sayda əlilliyi ləğv olunan şəxs bu tendensiyanın bu cür davam edəcəyini, nazirliyin geri çəkilməyəcəyini, dövlətin iradəsini görərək heç yenidən müraciət də etmirlər. Bilirlər ki, müraciət etsələr, özləri ifşa olacaqlar, çünki əldə etdikləri əlillik yanlış olub və onun müddəti bitibsə, bu məsələni bitmiş hesab edirlər. Əslində bu bizi sevindirir ki, o dövrdə buna yol verən şəxslər anlayırlar ki, bunu etmək olmaz. Ancaq yenə də bunu iddia edənlər olacaqsa, biz komissiyalar təşkil edirik, həkim-ekspertlər baxır, aidiyyəti qurumların ekspertləri baxır. Burada heç bir yanlışlıqdan söhbət gedə bilməz. İndiyə qədər də belə bir şikayət daxil olmayıb”.