Dillər Universitetində satışda VƏZİFƏLƏR VAR... - İLGİNC İDDİA
"Azəbaycan Dillər Universitetinin rektoru, Nobel mükafatına namizədliyə namizəd olmuş Kamal Abdullayevin Azərbaycan dilində yazdığı elmi və bədii əsərlərin dilinin necə bərbad olması barədə yazanlar çox olub. Mən də bu barədə bir neçə dəfə yazmışam. Əslində, onun dili və əsərləri haqqında çox yazmaq olar və irəlidə, yəqin ki, yenə yazacağam". "DİA-AZ" bildirir ki, bu açıqlama ilə xeyli müddətdir ki, Azərbaycan Dillər Universitetində müşahidə olunan qanunsuzluqlarla bağlı ilginc iddiaları səsləndirən professor Həbib Zərbəliyev çıxış edib.
O daha sonra bunları əlavə edib: "Lakin ədalət naminə demək lazımdır ki, akademik Kamal Abdullayev mütəxəssisi olduğu Azərbaycan dilindən müəyyən məsələləri bilir. Məsələn, o, feilin əmr və vacib formalarını yaxşı mənimsəmişdir. Rektor kimi o, əlbəttə, əmr formasını bilməli idi. Feilin “-malı / - məli” şəkilçisi ilə düzələn vacib formasını bilməsi isə, görünür, onun despotik təbiəti ilə bağlıdır.
Hazırda Universitetdə iki prorektor, iki dekan və bir neçə kafedra müdiri vəzifələri rəsmi qaydada tutulmamışdır, çünki hərraca çıxarılmış bu vəzifələri tutmaq üçün tələb olunan məbləği (prorektor – 200 000 AZN, dekan – 100 000 AZN və kafedra müdiri – 50 000 AZN) verən yoxdur. Səbəbi də məlumdur: hər kəs rektorun sonunun yaxınlaşmaqda olduğunu hiss edir və heç kim pulunu havaya sovurmaq istəmir. Bu boş vəzifələrdən biri də İngilis-alman dilləri (keçmiş Təhsil-1) fakültəsinin dekanı vəzifəsidir. Hələlik bu vəzifə müvəqqəti icra edilir. Bu günlərdə həmin fakültənin dekanlığından (yəqin ki, elə o biri dekanlıqlardan da) kafedralara, kafedralardan isə müəllimlərə Kamal Abdullayevin feilin vacib formasında verdiyi bir tapşırıq göndərilib: oktyabrın 30-da Akademik Milli Dram Teatrında (Lənkəran Dövlət Dram Teatrı) Kamal Abdullanın əsəri əsasında hazırlanmış “Casus” tamaşasında hər kafedradan azı 20 nəfər iştirak ETMƏLİDİR. Bileti onlara göndərilmiş linklə hamı elektron qaydada ALMALIDIR (https://iticket.az/events/theatre/the-spy-1/131131). Parterə biletin qiyməti 12 manatdır. Ayrıca tapşırıq verilib ki, tamaşada mütləq anşlaq OLMALIDIR, yəni bileti alıb tamaşaya gəlməmək olmaz.
Əziz müəllimlər, Kamal Abdullayevin əli onsuz da sizin cibinizdədəir. Bileti xoşluqla özünüz alın, almasanız, maaşınıza qurulan fırıldaqla o pul sizdən mütləq çıxılacaq, üstəlik də daimi nəzarət altına düşəcəksiniz. Pulu olmayanlar kredit götürsün, yaxud borc alsın.
Tamaşaya gedərkən hər kəs özü ilə gül dəstəsi də GÖTÜRMƏLİDİR. Unutmayın.
Sizə xoş tamaşa arzulayıram..."